Nida.az
Rəsulzadə nəticələrinin gözü ilə: “Onun evinin yerində metro tikdilər”
Onlar babalarını görməyiblər. Daha doğrusu, ulu babaları həyatdan
köçəndə onlar hələ doğulmamışdı. Yalnız ailələrindən, atalarından,
analarından eşidiblər Rəsulzadənin kim olduğunu. Əslində Rəsulzadə
kim idi? 130 illiyini qeyd edəcəyimiz Məmməd Əmin Rəsulzadəyə onun
nəticələri Əli Məmmədov və Əhməd Salamovun gözü ilə baxmağa
çalışacağıq. Hər ikisi tələbədir, Əli Məmmədov Azərbaycan Memarlıq
və İnşaat Universitetində, Ə. Salmanov isə Xarkov Dövlət İqtisad
Universitetində təhsil alır. M. Ə. Rəsulzadənin nəticələri babaları
haqqında düşündüklərini Publika.Az –a danışır.
-M. Ə. Rəsulzadənin nəticələri olaraq onu necə
tanıyırsınız, evdə onun haqqında nələr danışıblar?
-Rəsulzadənin Azərbaycanın milli istiqlal hərəkatının və təkcə türk
ellərində deyil, bütün İslam aləmində ilk respublika üsul-idarəsi
olan Azərbaycan Demokratik Respublikasının təməl daşını quran,
sonralar ömür yolu, həyatı zəngin və kəşməkəşli hadisələrlə dolu
bir dastana çevrilən, xalqımızın ölümsüz lideri kimi taniyirıq! O,
dahi şəxsiyyət olub. Sevmirəm onun nəticəsinin oğlu olduğumu deyəm.
Təəssüf edirəm ki, əhalinin əksəriyyəti onu tanımır, tanıyanlar isə
az məlumatlıdır. Məsələn, çoxları bilmir ki, Stalini Bakıda neft
quyusunda batırmaq istəyirdilər, onunla tanış olan Rəsulzadə onu
xilas etdi. Bu yaxşılığı unutmayan Stalin bolşeviklər tərəfindən
tutulan dostu Rəsulzadəni xilas etdi. Stalin istəyirdi ki,
Rəsulzadə Moskvada onunla birlikdə çalışsın, lakin onların siyasi
baxışları fərqli olduğu üçün, Rəsulzadə uzaqlaşdı.
-Rəsulzadənin xatirə olaraq hansısa əşyaları
qalıb?
-Çox təəssüf edirik ki, ona aid bizdə heç bir şey qalmayıb. Çünki o
zaman bolşeviklər onu axtarırdılar və daima başqa-başqa yerlərə
gedirdi. Həbs olunandan sonra bolşeviklər tərəfindən hətta ailə
üzvləri də sürgün edildi. Buna görə də bu günə qədər ona aid xatirə
olaraq heç bir əşya bizdə qalmayıb.
-Rəsulzadə haqqında ictimaiyyətə məlum olmayan hansısa
informasiya varmı sizdə?
-Xeyir, demək olar ki, elə bir məlumatımız yoxdur.
-Rəsulzadə Azərbaycandan kənarda, Türkiyədə vəfat etdi.
Yaxınlarından kimlər var idi onun yanında?
-Ankara universitetinin tibb fakültəsinin klinikasında şəkər
xəstəliyindən xəstə yatan Məhəmməd Əmin 1955-ci il martın 6-da gecə
saat on birə on dəqiqə qalmış üç dəfə “Azərbaycan… Azərbaycan…
Azərbaycan…” deyərək əbədiyyətə qovuşdu. Ankara radiosu martın 7-də
saat 22-45 dəqiqədə sabiq Azərbaycan Milli Şurasının sədri M. Ə.
Rəsulzadənin vəfat etdiyini təəssüflə bildirdi. O vəfat edəndə
bizim qohumlardan onun yanında heç kəs yox idi, yalnız ikinci həyat
yoldaşı Vanda xanım var idi.
-Rəsulzadənin Türkiyədə silahdaşı olan Cəmil Ünal bu gün
mənə müsahibsində bildirdi ki, Rəsulzadənin 1918-ci ildə qaldırdığı
bayrağı, yəni özü ilə Türkiyəyə gətirdiyi bayrağı 1992-ci ildə
Əbülfəz Elçibəyə veriblər. Qohumlarınızda həmin bayraqla bağlı
hansısa məlumat varmı?
-O bayrağın hazırkı taleyi ilə məlumatsızıq, amma yəqin ki,
Azərbaycandadır!
-Rəsulzadənin Bakıda yaşadığı ev olub. O evin taleyindən
xəbəriniz varmı?
-Bəli xəbərimiz var. Rəsulzadənin Bakıda yaşadığı ev, indiki Nizami
metrosunun yerləşdiyi yerdə olub, səhv etmirəmsə 70-ci illərdə
Nizami stansiyasının tikilişi zamanı o ev sökülüb. Rəsulzadənin
Bakının Novxanı kəndində doğulduğu ev isə hazırda uşaq bağçasıdır.
Bəli, oranın uşaq bağçası kimi istifadəsi yaxşıdır, amma bu vaxta
qədər ondan da gözəl, müasir standartlara cavab verən uşaq bağçası
başqa yerdə tikilə bilərdi və o evdə muzey kimi fəaliyyət göstərə
bilərdi. Təəssüf edirəm ki, o evdə Rəsulzadəyə aid heç nə
qalmayıb.
-Hökumət Rəsulzadənin 130 illiyi ilə bağlı sərəncam
imzalayıb. Bunu necə qiymətləndirirsiniz?
-Təbii ki, yüksək qiymətləndiririk, amma bu sərəncam çoxdan
imzalanmalıydı. Düşünürəm ki, bu sərəncamın siyasi məqsədi var.
Hesab edirik ki, bu görülən və görülməli olan işlərin çox az
hissəsidir. İlk öncə Novxanıdakı doğulduğu evi onun muzeyi kimi
görmək istərdik.
-Bu gün Rəsulzadə irsinə iddia edən siyasi partiyalar
var. Onlardan kimsə sizin taleyinizlə maraqlanıbmı, yaxud əlaqə
saxlayırlarmı?
-Şəxsən bizimlə heç kim maraqlanmayıb və heç kim də əlaqə
saxlamayıb. Ola bilər ki, digər qohumlarla maraqlanıb əlaqə
saxlayırlar.
-Rəsulzadənin nəsilindən olan insanlar bu gün əsasən
hardadırlar və hansı işlərlə məşğuldurlar?
-Rəsulzadənin nəslindən olanlar əsasən Azərbaycanda yaşayırlar və
onlar Azərbaycanımızın qorunması, müstəqilliyi və inkişafı üçün bir
vətəndaş olaraq əllərindən gələni edirlər.
Mənim nənəm savadsız olub, çünki onların oxumaq imkanı olmayıb.
Onlar mühacirət həyatı yaşayıblar, hər cür qorxu və çətinliklər
içində. Yaşadığı çətin həyat onu gələcək həyatında dözümlü bir
qadın kimi formalaşdırıb. O telefonçu işləyirdi. Nənəmlə babam
savadsız olmalarına baxmayaraq, övladlarına təhsil verməklə onlara
gözəl bir həyat bəxş etmişdilər. Beş övladından 4-ü ali təhsil
almışdı. Rəsulzadə nəsli əsasən ziyalılardan ibarətdir, başda Rəis
Rəsulzadə olmaqla. O çox gözəl pedaqoq və gözəl rəssamdır. O mənə
qısa zamanda rəssamlığın ən çətin sirlərini öyrətdi. Biz Rəsulzadə
nəsli olduğumuz üçün, bizim nəslin özünə məxsus adət və ənənəsi
var. Ali təhsil almaq və savadlı olmaq.
-Nəslinin daha hansı özünəməxsus adətləri
var?
-Təhsil almaqdan başqa digər adətlərimiz də var. Tariximizi nəslin
hər bir nümayəndəsi çox gözəl bilməlidir. Böyüklərə hörmət,
kiçiklərə yardım etmək, yalan danışmamaq və dürüst olmaq. Həmçinin
dözümlü olmaq. Biz böyüklərimizi tez-tez ziyarət edib daima
bir-birimizdən xəbərdarıq, biz bayramlarda nəslin yaşıllarının
görməyə gedirik və belə tədbirlərdə tez-tez bir yerə yığışırıq. Ən
böyük adətlərimizdən biri də böyüklərimizdən bizə keçən heç kəsin
qarşısında baş əyməməkdir.
-Dözümlü olduğunuzu deyirsiniz. Rəsulzadə də uzun yol
keçib və bu yolu ancaq dözümlü olduğuna görə gedə
bilib.
-Bəli, bu bizdə irsidir. Dözümlülük bizim qanımızdadır. Bildiyiniz
kimi, Rəsulzadə çox böyük bir əziyyətli yol keçib, amma o
çətinliklər onu əyə bilməyib. Onu fikirlərindən, ideyalarından
döndərə bilməyib. Yəqin ki, biz onun nəslindən olduğumuz üçün bizə
də ondan keçib.
-Özünüz hansı fəaliyyət göstərirsiniz?
-Hələ ki, tələbəyəm, təhsil alıram. Bu sahəni özüm seçmişəm, çünki
çox yaradıcı və maraqlı işdir. Gələcəkdə isə magistraturanı xaricdə
oxumaq istərdim.
Asif Nərimanlı
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq