Deputat Qarabağda müharibənin başlanma anonsunu verdi
Bizi izləyin

Nida.az

Deputat Qarabağda müharibənin başlanma anonsunu verdi

Milli Məclisin 24 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsindən seçilmiş deputatı Elman Məmmədov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ağdamdakı "N" saylı hərbi hissədə hərbçilər qarşısında çıxışına və cəbhə xəttinə səfər etməsinə münasibət bildirib.

Deputat E.Məmmədov Publika.az-a açıqlamasında deyib ki, o, son günlər cəbhə xəttində baş verən hadisələri yaxından izləyir:

“Son günlər cəbhə xəttində baş verən hadisələr və əsgərlərimizin şəhid olması məni də narahat edir. Ona görə də mən son günlər cəbhə xəttində oluram, əsgər valideynləri, komandir və əsgərlərimizlə görüşüb, onlarla söhbət edirəm. Söhbət zamanı onlar da dönə-dönə bildirirlər ki, Ali Baş Komandanın cəbhə xəttinə səfəri, orada operativ müşavirə və əsgərlərlə görüş keçirməsi, onları təltif etməsi onlar üçün ən böyük sevindirici hadisədir. Cənab Prezidentin döyüş bölgəsinə səfəri ordumuzda olan yüksək əhval ruhiyyəni daha da yüksəltdi.

Ali Baş Komandan, Prezident İlham Əliyevin ötən gün cəbhə xəttinə səfəri və burada müşavirə keçirməsi həm də onu deməyə əsas verir ki, Azərbaycan ordusu hər an müharibəyə hazırdır və başlaya bilər. Azərbaycan ordusu hər an torpaqlarımızı erməni işğalından azad etməyə də tam hazırdır.

Ötən gün hörmətli generalımız Rövşən Əkbərov da çox doğru fikirlər vurğulamışdı ki, düşmən tərəfi Azərbaycan ordusundan qat-qat çox itki verir. Doğrudan da, düşmən bizdən 10 dəfə çox itki verir. Təbii ki, bütün bunlardan da xalqımız məyus olmamalıdır və olmur da. Çünki burada iki ordu üz-üzə dayanıb, müharibə vəziyyətidir. Yəqin ki, belə şəraitdə itgilərimiz yenə olacaq. Ancaq bizdə ruh yüksəkliyi yaratmamalıdır. Çünki bunun qarşılığında düşmən tərəfin də yüzlərlə əsgəri məhv edilib. Bunu erməni cəmiyyəti də çox yaxşı bilir. İndi Ermənistan cəmiyyəti böyük təşviş içindədir”.

Beynəlxalq təşkilatların erməni işğalına 20 ildən çoxdur ki, biganə yanaşdığını vurğulayan E.Məmmədov deyib ki, böyük güc dövlətlərinin və Qərbin beynəlxalq təşkilatlarının “cırtdan dövlət” sayılan Ermənistanın işğalçılıq siyasətinə hələ də göz yumması böyük təssüf hissi doğurur:

“Diqqət edin, bu gün Ukrayna məsələsinə görə bütün Qərb dövlətləri və beynəlxalq təşkilatları Rusiyaya qarşı səfərbər olublar, ciddi sanksiyalar tətbiq edirlər. Amma 24 ildir ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində terrorçu qurumuna qarşı bir dəfə də hər hansı sanksiya tətbiq olunmayıb. Qarabağdakı separatçı rejimə qarşı ciddi cəza sanksiyaları tətbiq ermək əvəzinə, üstəlik onu maliyyələşdirlər, himayədarlıq edirlər. Hətta, bizə də məsləhət verirlər ki, gedin razılığa gəlin və sairə. Axı biz düşmənlə hansı razılığa gələk? Bizim torpaqlarımız işğal altındadır. Beynəlxalq təşkilatlar bizə deyir ki, müharibə etməyin, gedib sülh yolu ilə həll edin. Biz də sülh yolu ilə həllini istəyirik. Amma beynəlxalq təşkilatlar Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etmək istəmir. O zaman da bizim bir yolumuz qalır, o da müharibə etmək.

Cənab Prezident də ötən gün bunu bir daha qeyd etdi. Əgər vəziyyət belə davam edərsə, o zaman müharibənin başlanılma ehtimalı var. Biz də müharibə yolu ilə erməni işğalında olan torpaqlarımızı azad edəcəyik. Azərbaycan xalqı da buna tam əmindir və bunu gözləyir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm