Azərbaycan gəncləri böyük Zəfərin qazanılmasında əsas söz sahibi oldu
Bizi izləyin

Nida.az

Azərbaycan gəncləri böyük Zəfərin qazanılmasında əsas söz sahibi oldu

2022-ci il partiyamızın həyatında çox əlamətdar bir ildir. Bu il Yeni Azərbaycan Partiyasının (YAP) təsis olunmasının 30 illik yubileyini qeyd edəcəyik. Yubiley ili ilə bağlı YAP Mərkəzi Aparatı tərəfindən xüsusi Tədbirlər Planı hazırlanıb. İl ərzində silsilə tədbirlər davam edəcək.

Publika.az xəbər verir ki, bu fikirləri YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, biz belə tədbirləri dövlətimizin, xalqımızın həyatındakı əlamətdar hadisələrlə əlaqələndiririk. 25 ildir ki, ölkəmizdə 2 fevral - Azərbaycan Gəncləri Gününün qeyd olunduğunu deyən YAP Sədrinin müavini gənclərin hər bir ölkənin inkişafında xüsusi rola malik olduğunu söyləyib: “Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, “Azərbaycan gənclər ölkəsi, gənclər isə Azərbaycanın gələcəyidir”. Gənclər siyasəti ilk növbədə milli maraqlara, milli adət-ənənələrə söykənərək, eyni zamanda müasirliyi, dünyada gedən qloballaşma proseslərinin müsbət tərəflərini özündə əks etdirərək inkişafa xidmət etməlidir. Azərbaycanda gənclər siyasətinin əsası Ulu Öndərimiz tərəfindən qoyulub. Bilirsiniz ki, hələ 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradılıb. Bununla da, dövlət gənclər siyasətini həyata keçirən qurum olaraq bu sahəyə xüsusi diqqətin göstərilməsi istiqamətində mühüm addımlar atıldı. Ardınca 1997-ci ildə 2 fevral - Azərbaycan Gəncləri Günü təsis edildi. O zamandan bu günə qədər bu əlamətdar bayramla əlaqədar tədbirlər davam edir. Eyni zamanda, ulu öndər Heydər Əliyevin imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanda gənclər siyasətinin bütün konseptual əsasları, istiqamətləri əksini tapdı”.

Tahir Budaqov qeyd edib ki, Ulu Öndərin Azərbaycan dövləti, xalqı qarşısında ən böyük xidmətlərindən biri ölkədə siyasi varisliyin təmin edilməsidir: “Cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra Azərbaycanın tarixində yeni bir mərhələ başlandı. Gənclər Prezident İlham Əliyevin hər zaman diqqət mərkəzində olub. Ölkəmizdə gəncliyin inkişafı ilə əlaqədar Prezident tərəfindən mühüm qərarlar qəbul olunub. Prezident İlham Əliyev tərəfindən Gənclər Fondunun yaradılması, gənclər üçün Prezident mükafatının təsis edilməsi, həmçinin gəncliyin inkişafına xidmət edən 10-na yaxın Dövlət Proqramının qəbul olunması bu baxımdan böyük əhəmiyyətə malikdir. Bütün bu işlərin əsas istiqamətlərindən biri də təbii ki, gənclərimizin vətənpərvərlik ruhunda, dövlətə, xalqa sədaqət ruhunda böyüməsidir ki, bu siyasət özünü 2020-ci ildə böyük Zəfərimizlə təsdiqlədi. Məhz Prezident İlham Əliyevin siyasi rəhbərliyi dövründə yetişən gənclərimiz Qələbəmizin qazanılmasında əsas söz sahibi oldular və torpaqlarımızı işğaldan azad edərək həm tarixi ədaləti, həm də Azərbaycan dövlətinin ərazi bütövlüyünü təmin etdilər. Bununla da Azərbaycan xalqının qürurlu xalq olduğunu təsdiqlədilər. Tarixi Zəfərimizdən sonra 2 fevral - Gənclər Gününün tamamilə yeni bir ab-havada keçirilməsi ənənəsi yaranıb. Bu ənənə bundan sonra da davam edəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm