Heydər Əliyevin qəbul etmədiyi Jirinovski Bakıya niyə gəlir?
Bizi izləyin

Nida.az

Heydər Əliyevin qəbul etmədiyi Jirinovski Bakıya niyə gəlir?

Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski Azərbaycana səfərə hazırlaşır.

Mətbuatda yayılan məlumatlara görə, sentyabrın sonunda baş tutacaq səfərdə Jirinovski paytaxtda və ölkənin regionlarında bir sıra görüşlər keçirməyi, respublikadakı inkişaf prosesləri ilə yaxından tanış olmağı planlaşdırır.

Publika.az Jirinovskinin Azərbaycan səfərinin əsl məqsədini araşdırmağa çalışıb.

Qeyd edək ki, RLDP sədri 90-cı illərdə Bakıya səfər edib. Lakin yüksək səviyyəli görüşlər keçirmək istəyi alınmadı. Azərbaycanın mərhum prezidenti Heydər Əliyevlə görüşmək istəyən Jirinovskini Heydər Əliyev ciddi şəxs olmadığına görə qəbul etmədi.

Məlumatlara görə, Azərbaycana qarşı onun nifrət dolu çıxışlarına səbəblərdən biri də budur.

Misal üçün o, Macarıstanda onu təhqir edən erməni zabitini öldürdüyü üçün həbsdə olan Ramil Səfərovun rəsmi Bakının səyi nəticəsində azadlığa çıxmasına qarşı çıxış edərək bildirir ki, erməni xüsusi xidmət orqanları hücuma keçməlidir: “Elə etməlidir ki, bundan sonra Azərbaycan belə addımlar ata bilməsin. Nümayişlərlə heç nə etmək olmaz. Burda erməni və rus xüsusi xidmət orqanlarının üzərinə vəzifə düşür. Bir erməni qarşılığında ən zəngin beş azərbaycanlı məhv edilməlidir. Görək nə edəcəklər?”

Məhz buna görə, rəsmi Bakı Moskvaya nota vermişdi.

Belə çıxışları kifayət qədər olan rusiyalı liberal siyasətçi Rusiya Krıma girərkən “Qarabağ da Rusiyaya birləşməlidir” iddiasını irəli sürdü.

Lakin iki ay öncə ondan gözlənilməz addım gəldi. “Rossiya 24” telekanalının canlı yayımında çıxış edən Jirinovski Azərbaycanı MDB ölkələri arasında müsbət nümunə kimi göstərib.

“Elə Azərbaycanı götürək. Bütün kəndlər abadlaşdırılıb, yeni komplekslər, həmçinin idman kompleksləri tikilir. Bütün ölkə inkişaf edib”.

O, ölkənin bu cür sürətli inkişafının səbəbini Azərbaycan xalqının düzgün seçimi ilə - İlham Əliyevi prezident seçməklə izah edib.

Jirinovskinin belə qəfil dönüşünü ekspertlər Kremldən gələn tapşırıq hesab edirlər.
İndi isə Azərbaycana səfər etmək istəyi maraq doğurmaya bilmir.

Politoloq Qabil Hüseynli Publika.az-a açıqlamasında bildirib ki, burda müxtəlif səbəblər ola bilər.

“Hesab etmək olar ki, Jirinovski Kremlin tapşırığı ilə gəlir. Çünki adətən, o, yuxarıların tapşırığı olmadan belə addım atmır. Rusiya bilir ki, bu adam onlar üçün başağrısıdır. Dəfələrlə bu şəxsə görə Bakı ilə münasibətlər gərginləşib. Onun sonuncu dəfə Azərbaycanı tərifləməsi də yuxarıdan gələn sifariş idi. Görünür, indiki geosiyasi planda Moskva Bakı ilə ən xırda nüansda belə üz-üzə gəlmək istəmir. Jirinovskinin səfəri də bir növ buna hesablanıb. Moskva bir daha bu şəxsə görə heç kimlə üz-göz olmaq istəmir”, - deyə o bildirib.

Q. Hüseynli qeyd edib ki, onun yüksək səviyyədə qəbul ediləcəyini düşünmür: “Vaxtilə Heydər Əliyev də onu ciddi şəxs kimi qəbul etmədi. İnanmıram ki, indi də onu qəbul etsinlər”.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm