Nida.az
Bahar Muradova: “Hər bir şəxs haqqında verilən rəylərin ünvanı bilinməlidir” – MÜSAHİBƏ
Milli Məclisin sədr müavini, ATƏT Parlament Assambleyasında (PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın Publika.az-a müsahibəsi:
– Son günlər “Azərbaycanda yas və toy mərasimləri haqqında” qanun layihəsinin qəbul edilməsi müzakirə olunur. Parlamentin qarşıdan gələn sessiyasında bu məsələnin gündəmə gətirilməsi və ya qəbulu gözlənilirmi?
– Bir çox məsələlər var ki, Azərbaycan ictimaiyyəti hər zaman onun ətrafında müzakirələr aparır. Bununla bağlı görüləsi işlər isə yeni qanunun qəbulu və ya qanuna hər hansı əlavə və dəyişiklik edilməsi ilə olur. Əlbəttə ki, bu məntiqlidir. Çünki Azərbaycanda qanun aliliyi hər zaman üstün sayılır və insanlar istənilən məsələnin məhz qanunla tənzimlənməsinin məntiqli olduğunu düşünürlər. Amma hər hansı layihənin qəbulu və ya qanuna dəyişiklik edilməsi bir çox proseslərdən keçməlidir. Həmin təklif çoxluğun qənaətincə olmalı və daha sonra qəbul edilməlidir. Elə məsələlər də var ki, onların tənzimlənməsi üçün heç qanunu dəyişikliyə də ehtiyac yoxdur. İctimai nəzarətə, qınağa, milli adət-ənənələrə, tarixi keçmişə və cəmiyyətdən gələn yaxşı mesajlara əsaslananda, bu ən ciddi qanun rolunu oynaya bilir. Ona görə də indi belə təkliflərin olmasına rəğmən, şəxsən özüm üçün bütün bu qanunverici dəyişikliklərin nədən ibarət olacağını təsəvvür edə bilmirəm. Hesab edirəm ki, bu məsələni ictimai müzakirələr aparmaqla, mətbuatın gücündən istifadə etməklə, aidiyyəti qurumların da müdaxiləsi ilə həll etmək mümkündür. Mənə elə gəlir ki, hələlik bu proses belə davam etməlidir. Çünki insanların istədiyi odur ki, cəmiyyətdə mövcud olan bu cür narahatedici hallara son qoyulsun. Əgər bu proses müsbət məcrada inkişaf etməyə başlayırsa, o zaman biz də qanunun qəbulu üçün çox tələsməli deyilik. Düşünürəm ki, yas və toy mərasimləri ilə bağlı məsələləri qanunla tənzimləmək bir qədər çətinlik yarada bilər. Hər halda, bu, mənim şəxsi fikrimdir. Digər həmkarlarımın da fikirlərinə hörmətlə yanaşıram. Parlament elə bir yerdir ki, burada istənilən məsələ barədə müxtəlif fikirlər ola bilər. Bu məsələ ilə bağlı qanun qəbul edilib-edilməməsi məsələsini gələcək zaman və vəziyyət göstərəcək.
– Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Siyavuş Novruzov Azərbaycanda hərbi və dövlət sirlərinin, kəşfiyyat, əks-kəşfiyyat məlumatlarının yayılması, dezinformasiya ilə bağlı cəzaların sərtləşdirilməsini, sosial şəbəkələrə nəzarət olunmasını və bununla bağlı müvafiq qanun qəbul edilməsini təklif edib. Bu təklif Milli Məclisin sessiyasında müzakirəyə çıxarıla bilər?
– Mən bu məsələ ilə bağlı təklif səsləndirən həmkarlarımla razıyam. Hesab edirəm ki, istənilən inkişaf edən və yeni informasiya texnologiyalarının daha geniş yayıldığı cəmiyyətdə məsuliyyət də azadlıqla yanaşı addımlamalıdır. Özünü ifadə etməyə görə heç kəsə maneçilik olmamalıdır. Ancaq bu fikirlərin sahibləri də kim olduğunu gizlətməməlidir. Hesab edirəm ki, bu kimi dəyişikliklərin olunması tələbləri doğrudur və mən istənilən müzakirələrdə bu təklifləri dəstəkləməyə hazıram. Hesab edirəm ki, bu çox məntiqli yanaşmadır. Hər hansı bir şəxsin verdiyi müsahibə və ya məqalə haqqında konkret və açıq danışılırsa, onun haqqında verilən rəylərin də ünvanı bilinməlidir. Əks təqdirdə, sosial şəbəkələrdə baş alıb gedən anarxiya və xaosla üzləşə bilərik. Bununla bağlı oxşar addım atan ölkələr də çox doğru ediblər. Onlar real vəziyyətdən çıxış edərək bu cür addımlar atıblar. Hesab edirəm ki, bu, demokratiya və fikir azadlığı ilə bağlı heç də geriyə doğru addım sayıla bilməz. Əksinə, biz mətbuat, fikir və vicdan azadlığı ilə bağlı çox irəliyə getmişik, kifayət qədər qanunvericilik bazası formalaşıb.
Hesab edirəm ki, vətəndaşlar da bu addımı dəyərləndirməli və öz məsuliyyətlərini dərk etməlidir. Bu məsuliyyəti dərk etmək imkanlarını da məhz qanunvericilik dəyişikliyi ilə müəyyən etmək olar. Ona görə də sosial şəbəkələrdən istifadəni genişləndirmək tədbirləri ilə yanaşı, məsuliyyət hissini də gücləndirən addımların atılması vacibdir.
– Müxalifət bu addımın Azərbaycanda sosial şəbəkələrin hökumət tərəfindən nəzarət olunacağı kimi təqdim edir...
– Azadlıq haqqında fikirlə heç bir əlaqəsi və yaxınlığı olmayan və bununla bağlı fəaliyyət sərgiləyən dairələrin mövqeyi cəmiyyət üçün əsas ola bilməz. Əsl azadlıq nədir, ona necə nail olmaq olar? Bunun da keçilmiş, keçilməkdə olan yolları və indiki Azərbaycan təcrübəsi var. Kənar təcrübələri çıxmaq şərti ilə, Azərbaycan təcrübəsinə baxaraq deyirəm ki, biz doğru yoldayıq. Azadlığı anarxiya kimi təsəvvür edən, söz azadlığını digərlərinin şəxsi həyatına müdaxilə, təhqir və təzyiq üsulu kimi seçən bir qrup şəxsin mövqeyi bütövlükdə cəmiyyət üçün əsas ola bilməz. Əsas olan ictimaiyyətin mütləq əksəriyyətinin məntiqli və şüurlu düşünən hissəsinin mövqeyidir. Mütləq əksəriyyət hissə tələb edir ki, hər hansı fikir söyləyən insan onun məsuliyyətini də daşımalıdır.
– Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle Bakıda səfərdə olarkən Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti ilə bağlı nikbin olmayan açıqlamalar verib. Buna münasibətiniz necədir?
– Bu, bizim üçün çox təəccüblü deyil. Çünki bəziləri Azərbaycanı Türk və İslam dünyasında inkişaf etməkdə olan çox müasir və modern, heç kəsin diktəsini qəbul etməyən dövlət kimi görmək istəmir. Təəssüf ki, çox mötəbər bir təşkilatın rəsmisi bu cür fikirlər söyləməklə belə bir təsir altında olduğunu göstərib. Beynəlxalq hüququn prinsiplərinə ziddi olaraq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə bir münasibət, öz maraqlarına uyğun olaraq digər münaqişəyə isə başqa bir münasibət göstərib. Bu isə çox təəssüfedici haldır. Hesab edirəm ki, Azərbaycanın xarici işlər naziri Cənab Elmar Məmmədyarovun ona cavabı da çox məntiqli və tutarlı oldu. Hər halda nüfuzlu beynəlxalq təşkilatın rəsmisi özünü ictimaiyyət qarşısında bu cür ikili rolda göstərməli deyildi. Ancaq çox təəssüf ki, bu baş verdi. Bununla da beynəlxalq aləmdə mövcud olan münaqişələrin nəinki həllinə, hətta onun uzanmasına və yeni münaqişə ocaqlarının yaranmasına şərait yaradılır. Bu bizim üçün elə təəccüblü olmasa belə, biz hər dəfə bu cür mövqelərə qarşı öz qətiyyətli mövqeyimizi ortaya qoymalıyıq. İstər mətbuat səhifələrində, istərsə də beynəlxalq tədbirlərdə bu cür məqamlar diqqətə çatdırılmalıdır. Hesab edirəm ki, bu qədər məntiqsiz görünməyi heç bir beynəlxalq miqyaslı siyasətçi özünə rəva bilməzdi, amma kimlərsə özünə rəva bilirlər.
– Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin bu ayın sonu Azərbaycana səfəri gözlənilir. Bu səfərə necə baxırsınız?
– Mənə elə gəlir ki, bu adam dünyada yeganə şəxsdir ki, onun haqqında bu qədər ziddiyyətli məqamlar ortadadır. Ona görə də indi Jirinovski haqqında birmənalı fikir söyləmək çox çətindir. Mənim bu səfər haqqında dəqiq məlumatım yoxdur, bu barədə ancaq mətbuatdan xəbərdaram. Hər halda o Azərbaycana gəlirsə, buyurub gəlsin. Azərbaycan hamı üçün açıq bir ölkədir. Biz bura Azərbaycan qanunlarını pozmayan, ölkəmizə qarşı hüquqi baxımdan cinayət əməlli hərəkətlərə yol verməyən, onun ölkəyə daxil olmasında hər hansı təhlükəli məqamları olmayan şəxslərin Azərbaycana səfərinə qadağa qoymaq fikrində deyilik. Əksinə, belə bir ziddiyyətli mövqeyə malik olan şəxslərin Azərbaycana gəlişi, onların Azərbaycan haqqında əvvəlki yanlış təsəvvürlərinin dürüstləşməsinə gətirib çıxara bilər. Hər halda Jirinovski Azərbaycana gəlmək istəyirsə, buyurub gəlsin, görək hansı fikirlərlə gəlir. Bundan sonra da daha konkret mövqe bildirmək olar.
Onun Azərbaycan haqqında söylədiyi təhqiramiz fikirlərə gəlincə, istənilən halda Azərbaycan xalqı haqqında belə fikirlərə yol verən şəxslərə qarşı mənim münasibətim müsbət ola bilməz.
Vasif Həsənli
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO