Nida.az
İŞİD Azərbaycanda “islam müxalifəti” yaradır? - Şok Detallar
Azərbaycanda radikal qrupların siyasi arenaya transferi haqqında daha bir təhlükə anonsu səsləndi.
Belə ki, “Karnegi” fondunun Qafqaz üzrə eksperti, britaniyalı
politoloq Tomas de Vall BBC-yə müsahibəsində Azərbaycanı gözləyən
risklərdən danışıb. Ekspert belə risklərdən biri kimi, dini
radikallığı göstərib.
“Bu radikal qrupun Azərbaycan siyasi səhnəsinə keçməsi təhlükəsi
var.
Hansı ki, bu gün onların bir çoxu Suriya və İraqda İŞİD tərkibində
vuruşurlar. Onlar bir gün evə qayıdacaqlar”,-deyə britaniyalı
jurnalist qeyd edib.
Bu son günlər səslənən ikinci belə həyəcanlı ehtimaldır. Bundan
öncə, Avropa İnstitutunun əməkdaşı Nadani Fridrixson Azərbaycanda
“müsəlman müxalifət” təhlükəsini qabartmışdı.
Ekspert bildirirdi: “Müsəlman müxalifətinin əsasını Suriya
çevrilişində iştirak edən, indi isə evə qayıdan “cihadçı”
azərbaycanlılar təşkil edə bilər. Bu baxımdan, partlayış təhlükəsi
olan regionlara Azərbaycanı daxil etmək mümkündür”.
Suriya cihadı başlayandan etibarən azərbaycanlıların da bu dini
savaşa qoşulduğu məlumdur. Bu gün ən təhlükəli “cihad qrupu” hesab
olunan İŞİD tərkibində də soydaşlarımız din adı altında döyüşür.
Onlar gedərkən geri qayıtmaq üçün getmədiklərini deyirlər.
Lakin İŞİD-ə qarşı koalision müharibə onların geri qayıtmasını
aktuallaşdırır. Hücumdan sağ çıxacaq İŞİD üzvlərinin Rusiya və
Qafqaza üz tutacağı ehtimalı güclüdür.
Rusiyanın Yaxın Şərq İnstitutunun prezidenti Vyaçeslav Matuzov
da bir müddət öncə bu barədə bildirmişdi ki, ABŞ İŞİD-i Şimal
istiqamətində, Qafqaza yönəltməyə çalışır.
“Onlar “İslam dövləti”ni yaradaraq silahlandırdılar və bütün
müharibə dövründə Suriya rejiminə qarşı maliyyələşdirdilər. Bu gün
isə onları Qafqaza, Rusiyaya və Qara dəniz hövzəsinə itələmək
istəyirlər”, - deyə rusiyalı şərqşünas bildirir.
Söhbət Qafqazdan gedirsə, burda iki məkan var. Birincisi, Şimali
Qafqaz, yəni Çeçenistan və Dağıstan, hansı ki, Rusiya
Federasiyasının tərkibindədirlər. İkincisi isə Azərbaycandır. Çünki
Cənubi Qafaqazın yeganə müsəlman ölkəsi buradır və məhz burda
“cihada” qoşulanlar var. Güman edilir ki, “cihaddan” dönənlər
Gürcüstan və Ermənistana da təsir edə bilər, lakin bu hələ ki uzaq
perspektiv olaraq görünür. Hazırda ən böyük təhlükə Azərbaycan
üçündür.
Amerikanın nüfuzlu beyin mərkəzi “Stratfor” da bunun anonsunu
verir.
“İŞİD faktoru Qafqaz üçün gələcəkdə təhlükəyə çevrilə bilər,
hansı ki, bu gün Suriya və İraqdakı “cihad” qruplarında
azərbaycanlı və Şimali Qafqazda olan xeyli sayda döyüşçü var.
Bütövlükdə Qafqazda Gürcüstan və Ermənistan din faktoru baxımından
cihadçı islam qruplarından uzaqdır. Hər-halda bu ölkələrin
vətəndaşları belə qruplara meylli deyil. Azərbaycan və Şimali
Qafqazın müsəlman əhalisi isə bu qruplara meyillidir və bu,
gələcəkdə Bakı ilə Moskvanın başağrısına çevriləcək”- deyə mərkəz
bildirir.
Bu gözləntilər fonunda geri dönənlərin “dini müxalifətə”
çevrilməsi təhlükəsi diqqət çəkir. Unutmamalıyıq ki, radikallığa
meyilli insanlar qaranlığa çəkilib və bir gün ortaya çıxa bilər. Bu
versiyanı ekspertlər də irəli sürür.
Radikalların siyasi meydana atılması üçün ölkədə yetərincə
potensial var. Burda həm müxalifət düşərgəsindəki boşluqlar və buna
paralel olaraq siyasi partiyaların zəif olmasıdır. Belə demək
mümkünsə, uzun illərin ənənəvi müxalifətinə inanmayan narazılar
qrupu ortaya çıxa biləcək yeni qüvvəyə meyllənə bilər. Hansı ki, bu
məhz “dini müxalifət” olacaq.
Millət vəkili Fazil Mustafa Publika.az-a
açıqlamasında belə bir təhlükəni istisna etmir. Onun sözlərinə
görə, Azərbaycanda siyasi müxalifət üçün lazımi səviyyədə platforma
yoxdur: “Çünki Azərbaycan kimi yeni demorkatiya ölkələrində
parlamentdə fraksiyanın olması, fərqli fikirlərin səslənməsi ona
görə lazımdır ki, proseslər gizli formada təşkilatlanmağa,
meydanlara transfer olmasına gətirib çıxarmasın. Bunu daha geniş
bir palitrada götürmək lazımdır ki, siyasi qüvvələr özlərinin
enerjisini debatlarda və ya daha məhdud, daha publik auditoriyada
sərf etsin, fikirlərini artırsın. Lakin bu tendensiya azdır. Məhz
buna görə, radikal dini qrupların siyasi müxalifətə keçməsi
təhlükəsi qalır”.
F. Mustafa qeyd edib ki, müxalifət düşərgəsində bir boşluq var
və bu boşluğu arzuolunmaz hesab olunan həmin qüvvələr doldura
bilərlər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədr müavini,
ekspert Elçin Əsgərov da Azərbaycanda “islam müxalifəti”
təhlükəsini real hesab edir. Onun fikrincə, bu bəzən ortaya atılmış
iddia olsa da, belə bir təhlükə həmişə var.
“Hazırda bu təhlükə olduqca kiçikdir, amma bu, yox demək deyil.
Cihad arxasınca yaxın Şərqə gedənlər, yəqin ki, bir gün qayıdacaq.
Hamısı olmasa belə kiçik qrupu Azərbaycana dönəcək. Onlar potensial
təhlükə mənbəyidir. Digər tərəfdən, onların siyasi istiqamətlərdə
fəal olması da istisna edilməməlidir. Amma dediyim kimi, bu təhlükə
hazırda olduqca kiçik ehtimaldır”, - deyə o bildirib.
Asif Nərimanlı
-
Rəsmi xronika21:25
Prezidentdən Yeni illə bağlı paylaşım - FOTO
-
Magazin220:44
Məşhur illüziyaçı vəfat etdi
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI