Nida.az
Arıf Hacılı: “Həbsxanada çalışırdım ki, heç kimə problem yaratmayım”
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arıf Hacılı Publika.Az-ın suallarını cavablandırıb
-Həbsdən azad olunmağınız gözlənilməz olmadı ki?
-Çox gözlənilən idi. Açığı, həbs olunduğumuz ilk həftələrdən
tezliklə azadlığa çıxacağımızı gözləyirdik. Amma həmin gün azadlığa
çıxacağımızı gözləmirdik. Bu barədə mənə Penitensiar Xidmətin
Mərkəzi Aparatında məlumat verdilər. Məni 16 saylı cəzaçəkmə
müəssisəsindən həbsxana maşınında Penitensiar Xidmətin Mərkəzi
Aparatına gətirdilər. Burada mənə azadlığa çıxmağım barədə fərmanın
olduğunu bildirdilər və məni evimə gətirdilər. Bununla da mən
həbsxana yoldaşlarımla vidalaşmaq, eyni zamanda qarşılanma
imkanlarımdan məhrum oldum.
-Həbsxanada müxalifətçiyə münasibət fərqlidirmi?
-Məsələnin bu şəkildə qoyulmasını istəməzdim. Söhbət müxalifətçidən
yox, insandan gedir. Həbsxana Azərbaycan cəmiyyətinin bir
hissəsidir. Kim özünə cəmiyyətdə yer tuta bilirsə, yer qazana
bilirsə, o, həbsxanada da yer tuta bilir. Kim cəmiyyətdə yer qazana
bilmirsə, problemlərlə üzləşirsə, həbsxanada da eyni problemlərlə
üzləşir. Əvvəla, mənə Azərbaycanda tanınmış, 50-dən çox yaşı olan
şəxs kimi hörmət göstərirdilər. Mən də çalışırdım ki, davranışımla,
rəftarımla kimin üçünsə problem yaratmayım. Bütövlükdə mənə olan
münasibəti müsbət qiymətləndirirəm.
-Əfv sərəncamını necə qiymətləndirirsiniz?
-Mən bu addımı müsbət addım kimi qiymətləndirirəm. Düşünürəm ki,
insanların azadlığa buraxılması istiqamətində addımların atılması
müsbət haldır və bu addımların davam etdirilməsini arzu edirəm.
-İstirahət etməyi düşünürsünüzmü?
-Mən artıq siyasi fəaliyyətə başlamışam. Həbsxanadan azad olunduğum
günün səhəri Əbülfəz Elçibəyin məzarını ziyarət etdim. Orada siyasi
mövqeyimi açıqladım, Elçibəyin ruhu qarşısında hesabat verdim.
Müsavat Partiyasının Məclisində iştirak etdim, bu gün Divanın
toplantısında iştirak etmişəm. Müsavat Partiyası Mərkəzi İcra
Aparatının rəhbəri kimi öz vəzifəmin icrasına başlamışam. Hesab
edirəm ki, xüsusi bir istirahətə ehtiyac yoxdur.
-Həbsdə olduğunuz müddətdə müxalifət düşərgəsində hansı
dəyişikliklər olub və ümumi mənzərəni necə görürsünüz?
-Çox şey dəyişib. Nəyin necə dəyişdiyini müəyyənləşdirmək üçün mənə
bir az vaxt lazımdır. Hazırda vəziyyəti öyrənməklə, məlumat
toplamaqla məşğulam. Bu proses başa çatdıqdan, demokratik
düşərgədə, cəmiyyətdəki vəziyyətin mahiyyəti barədə kifayət qədər
məlumat əldə etdikdən sonra bu məsələlər barədə mövqeyimi
açıqlayacam.
-Qəzetlərlə təmin olunurdunuzmu?
-Həbsxanada olduğum ilk dövrlər istisna olmaqla “Yeni Müsavat”,
“Azadlıq”qəzetləri ilə mütəmadi olaraq tanış olmaq imkanım olub.
Eyni zamanda Azərbaycanda FM dalğasında yayımlanan radio
verilişlərinə qulaq asmaq imkanım var idi. Bu məsələ heç də asan
həll olunmadı. Qəzetlərin mənə verilməsini həbsxana rəhbərliyindən
xahiş etdim, onlar isə bu məsələnin Penitensiar Xidməti və Ədliyyə
Nazirliyi səviyyəsində həll olunmasının vacibliyini diqqətimə
çatdırdılar. Biz müəyyən müraciətlər etdikdən sonra Kürdəxanı
həbsxanasında qəzetlərlə təmin olunduq. 16 saylı cəzaçəkmə
müəssisəsində olduğum ilk dövrdə də bu məsələnin Penitensiar
Xidməti və Ədliyyə Nazirliyi səviyyəsində həll olunmasının
vacibliyini diqqətimə çatdırdılar. Məhz Penitensiar Xidmətlə bu
məsələni razılaşdırdıqdan sonra qəzetlərin mütəmadi olaraq bizə
verilməsinə nail oldum.
-Ümumiyyətlə, məhbusların qəzetlərlə təmin olunmasında vəziyyət
necədir?
-Həbsxanalar mətbuata abunə yazılır. Həbsxanaya gətirilən qəzetlər
sırasında “Azərbaycan”, “Respublika”, “İki Sahil”, “Səs”, “Ədalət”,
“Şərq” və digər qəzetlər var. Vəkillərimiz və bizimlə görüşmək
imkanı olan adamlar lazım olan qəzetləri gətirirdilər.
-“Müsavat”ın qurultayı gecikir və gecikmə səbəblərindən biri
kimi sizin həbsdə olmağınız göstərilirdi...
-Mənim həbsxanada olmağım qurultayı ləngidən amillərdən biri idi.
Hesab edirəm ki, birincisi deyil. Əvvəla ona görə, ki, mən Müsavat
Partiyası Mərkəzi İcra Aparatının rəhbəri kimi qurultaya hazırlıq
üzrə işlərin daha sürətlə görülməsini təmin edə bilərdim. Mənim
həbsxanada olmağım bunun qarşısını aldı. Sonrakı mərhələdə də bəzi
dostlarım mənim iştirakımla qurultayın keçirilməsini vacib hesab
etdikləri üçün qurultayın sürətlə keçirilməsi işində fəallıq
göstərmirdilər. Bir daha qeyd edirəm ki, bu amil qurultayın
ləngiməsində başlıca amil deyildi. Əsas səbəb Azərbaycan
hakimiyyətinin Müsavat Partiyasının qurultayının keçirilməsi üçün
müvafiq yeri ayırmaması ilə bağlıdır.
-Qurultayın Gürcüstanda keçirilmə variantına münasibətiniz
necədir?
-Müsavat Partiyası qurultayının Bakıda keçirilmə imkanları
tükənməyib. İstərdim ki, partiyanın növbəti qurultayı Azərbaycanın
partaxtı Bakı şəhərində keçirilsin. Bu məsələ ilə bağlı Prezident
Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov
müəyyən açıqlamalar verib. Hətta “Kristal Zal”ın “Müsavat”ın
qurultayının keçirilməsi üçün ayrılmasının mümkünlüyündən danışıb.
Bu onu göstərir ki, hakimiyyət dairələri Müsavat Partiyası
qurultayının Bakıda keçirilməsi üçün yer ayıra bilər. Biz bu
məsələləri müzakirə edirik və Müsavat Partiyasının dünən keçirilən
toplantısında da ən qısa müddətdə qurultayın keçirilməsi üçün
konkret addımların atılması tapşırığı verilib. Tapşırığın icrası
istiqamətində işlər davam edir.
-Qurultayın 2013-cü il prezident seçkilərindən sonra keçirilməsi
mümkün variantlardan biri kimi nəzərdən keçirilə bilərmi?
- Müsavat Partiyasının nizamnaməsinə görə, qurultay 4 ildən bir
keçirilməlidir. Bu müddət 2010-cu ildə başa çatıb və yalnız
təşkilatı, texniki hazırlıqlarla bağlı olan problemlər üzündən,
ikinci mərhələdə isə hakmiyyətin qurultayı keçirmək üçün müvafiq
yer ayırmaması üzündən qurultayımız ləngiyib. Bir daha deyirəm ki,
mümkün olan ən yaxın müddətdə Müsavat Partiyasının qurultayı
keçiriləcək. Bu Müsavat Partiyası başqanı İsa Qəmbərin və Müsavat
Ali Məclisinin iradəsidir.
-“Müsavat”ın növbəti başqanı olaraq ən çox sizin adınız
çəkilir...
-Bu məsələ yalnız kiminsə iddiaları ilə bağlı deyil. Müstəqil,
demokratik, firavan, bütöv Azərbaycan qurmağı hədəf götürmüş bir
təşkilatıq və bu istiqamətdə fəaliyyət göstəririk. Bu məsələlərdə
üzərimə hansı vəzifə qoyulacaqsa, həmin vəzifəni məmnuniyyətlə
yerinə yetirəcəm. Mənim bu iş üçün sıravi olmağım zəruri hesab
olunacaqsa, sıravi olacam. Əksinə, “Müsavat”ın başqanı olacağım
zəruri hesab ediləcəksə, başqanlığa namizədliyimi irəli sürməyə
hazıram.
-Müxalifət düşərgəsində ən çox müzakirə olunan məsələlərdən biri
də prezident seçkisinə vahid namizədin müəyyən edilməsidir. Bu
məsələnin hansı şəkildə həll edilməsinə tərəfdarsınız?
-Azərbaycan müxalifətinin əsas gücü İctimai Palatada birləşib və
İctimai Palata vahid namizəd müəyyənləşdirəcəksə, bu elə
müxalifətin vahid namizədi olacaq. İctimai Palatanın özünün vahid
namizədinin müəyyənləşdirilməsi məsələsi müəyyən adamlara
problematik görünür. Bu məsələnin indi müzakirəyə çıxarılmasına
qarşı olan adamlar da var. Bu məsələdə mənim mövqeyim bir qədər
fərqlidir. Əgər vahid namizədin müəyyənləşməsi məsələsində problem
mövcuddursa, yaxud hansısa problemlər proqnozlaşdırılırsa, bu
məsələlər sonraya, seçkilər ərəfəsi mərhələsinə saxlanılmamalıdır.
Bu məsələ seçkilərə bir il qalmış, hətta bundan da əvvəl
müəyyənləşdirilməlidir ki, həmin müzakirələrin yaratdığı fəsadlar
seçkilərə kimi aradan qaldırılsın. Ancaq başqa cür düşünən insanlar
da var. Seçki ərəfəsində ölkədə siyasi vəziyyətin dəyişəcəyi barədə
fikirlər səslənir və bu da kifayət qədər realdır. Mən bu məsələnin
seçkilər ərəfəsində həll edilməsinə təfərdar olanların fikirlərinə
də hörmətlə yanaşıram.
Ömər Əmirov
Publika.Az
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO