Casusluq edən hüquq müdafiəçisi əslində kim imiş?
Bizi izləyin

Nida.az

Casusluq edən hüquq müdafiəçisi əslində kim imiş?


Jurnalist Xədicə İsmayılın ABŞ-a ötürdüyü “casus siyahısı”nda hüquq müdafiəçiləri də yer alıb. Siyahıya görə, hüquq müdafiəçiləri Çingiz Qənizadə, Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Səidə Qocamanlı, Arzu Abdullayeva, Eldar Zeynalov Ədliyyə Nazirliyi və Milli Məclisin Beynəlxalq Məsələlər Komitəsinin sədri Səməd Seyidov tərəfindən koordinasiya olunurlar. Təkcə Leyla Yunusdan başqa.

Publika.Az siyahıda adı çəkilən hüquq müdafiəçilərinin məsələ ilə bağlı münasibətini öyrənib.

Azərbaycan İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun direktoru, hüquq müdafiəçisi Səidə Qocamanlı bunu "biabırçılıq" adlandırıb. O bildirib ki, siyahını hazırlayanlar gərək bir qədər düşünəydilər: “Bunu yüz ölçüb, bir biçərək yazardılar. Hüquq müdafiəçiləri o şəxslərdir ki, insanlara kömək etməli, vəziyyətlərini yüngülləşdirməlidir. Biz bu halları yerinə yetirmək üçün kiminlə işləməliyik? Təbii ki, hökumət strukturları, Baş Prokurorluq, Ədliyyə Nazirliyi ilə. Səməd Seyidovla ona görə işləməliyik ki, o, AŞPA-da bizim deputat qrupunun rəhbəridir. Lakin bu o demək deyil ki, biz onlardan nəsə umuruq, alırıq, iş görürük.

Bilmirəm bu siyahını kim tərtib edib, amma bu, biabırçılıqdır. O siyahıda Azərbaycanın milli azadlıq mübarizəsində can qoyan, həyatlarından keçən, övladlarını itirən dostlarımın adını gördüm. Həsən Kərimov kimi tər-təmiz insanın adını ora salıblar. Bu biabırçılıqdır. Ona görə hesab edirəm ki, bunu ciddi qəbul etmək lazım deyil”.

Hüquq müdafiəçisi qeyd edib ki, bu siyahı yayılıbsa, o demək deyil ki, ABŞ-ın Dövlət Departamenti, yaxud digər strukturları onlarla işləməyəcək. Onun sözlərinə görə, bundan sonra daha yaxşı işləyəcək, amma yaxşı işlər üçün, casusluq məqsədi ilə yox.



İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov isə siyahıda bəzi məqamların yaddan çıxdığını ironiya ilə bildirib. Onun sözlərinə görə, hər kəs öz işi ilə məşğul olsa daha yaxşı olar: “Ona-buna qara yaxmaqla, fəaliyyətinə ləkə salmaqla yox. Xədicə İsmayıl yazır ki, mən DİN və MTN ilə əməkdaşlıq edirəm. Bunu düz vurğulayıb. Mən bu gün Azərbaycanın DİN və MTN ilə əməkdaşlıq etməsəm, onların saxlanma yerlərinə necə daxil ola bilərəm. Xədicə Müdafiə, Səhiyyə, Təhsil nazirliklərini unudub. Çünki mən bu nazirliklərlə də əməkdaşlıq edirəm. Mən daxili işlər naziri Ramil Usubovla, mili təhlükəsizlik naziri Eldar Mahmudovla görüşürəmsə, mənə edilən şikayətləri onların diqqətinə çatdırıramsa, bunu tənqid etmək lazımdır, yoxsa təqdir?!”.

E. Behbudov qeyd edib ki, bəziləri ölkədə heç bir iş görmədən xaricə casusluq etməklə məşğuldur.
“Hamımız azərbaycanlıyıq, bu dövlətin vətəndaşıyıq. Bu dövlətin çörəyini yeyirik və burda yaşayırıq. Elə başa düşürəm ki, dövləti sevmək lazımdır. Lakin bəziləri xarici dövlətə casusluq edirlər. Belə ünsürlərlə mübarizə aparmaq lazımdır. Bir nəfər var, adını hallandırmaq istəmirəm. Amma bu adam bir dəfə də olsun cəzaçəkmə müəssisələrində, saxlanma yerlərində monitorinq keçirməyib, bir dəfə də olsun hansısa təqsirləndirilən şəxslərlə görüşməyib, onların hüquqlarını müdafiə etməyib. Amma xarici dövlətlərdən yaxşı mükafatlar alır, bunu necə izah etmək olar. Bir dəfə də olsun müxalifətin aksiyalarında bizim kimi müşahidəçi qismçində iştirak etmir. Sən heç kimin hüquqlarını müdafiə etmirsən, amma xarici dövlətlərdən yaxşı qrantlar alırsan. Bunun bir adı var: həmin dövlətə yaxşı “şpiyonluq” edir. Yəni casusluğu biz yox, həmin şəxs edir”-deyə hüquq müdafiəçisi vurğulayıb.

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu isə bunu cəfəngiyyat adlandırıb.“Orda 100 illərdir bizimlə çalsan Həsən Kərimov, mehman Əliyev kimi adamların da adı var. Yazıblar ki, biz filankəslərlə əlaqəqədəyik. Nəinki Səməd Seyidov, Ramil Usubovla, prokurorlarla, Prezident Administrasiyası ilə əməkdaşlıq edir, onlarla əlaqələr saxlayırıq. Hətta prezidentə belə məktublar yazırıq. Çünki bizim işimiz belədir. əgər kimisə müdafiə edirəmsə dövlət qurumları ilə işləməliyəm də. Kimisə haqsız ittiham edirlərsə bu barədə yuxarılara məlumat verməliyəm də. Kim nə yazır yazsın. Çoxdandır ki, belə şeylər mənim vecimə də deyil. Mən daha bunlara reaksiya vermək istəmirəm. Mənim adım Novella Cəfəroğludur, mən özümü tanıyıramsa, bu bəsdir. Kim nə edir etsin, Allah özü hər şeyi bilir”-deyə o qeyd edib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm