Nida.az
Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan xalqını təbrik edib.
Publika.az-ın məlumatına görə, təbrikdə deyilir:
- Hörmətli xanımlar və cənablar!
Əziz həmvətənlər!
2014-cü il arxada qalır. 2014-cü il ölkəmiz üçün uğurlu il
olmuşdur. Ölkə qarşısında duran bütün vəzifələr uğurla icra
edilmişdir. Ölkəmizin dinamik inkişafı təmin edilmişdir. Bizim
beynəlxalq mövqelərimiz daha da möhkəmlənmişdir. Azərbaycan dünyada
etibarlı tərəfdaş kimi tanınır və bizim təsir imkanlarımız da
genişlənir.
Bildiyiniz kimi, 2012-2013-cü illərdə Azərbaycan dünyanın ən
mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasında təmsil
olunurdu.
155 ölkənin dəstəyi ilə biz bu haqqı qazanmışdıq. Bu il isə
Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edirdi,
Avropada demokratiyanın inkişafına, insan haqlarının qorunmasına öz
dəyərli töhfəsini vermişdir.
Biz bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmuşuq. Qonşu
dövlətlərlə və bütün digər dövlətlərlə səmərəli əməkdaşlıq edirik.
İkitərəfli əlaqələrimiz inkişaf edir. Eyni zamanda, Azərbaycan
çoxtərəfli formatda öz müsbət rolunu oynayır. Xüsusilə regional
inkişaf məsələlərində Azərbaycanın rolu danılmazdır. Azərbaycanın
iştirakı olmadan regionda heç bir layihə - siyasi, iqtisadi, enerji
və digər layihələr icra edilə bilməz.
2014-cü ildə iqtisadi inkişaf təmin edilmişdir. Bu da çox
önəmlidir, çünki bildiyiniz kimi, dünyada hələ də iqtisadi, maliyyə
böhranı davam edir. Bütün bunlara baxmayaraq, Azərbaycan
iqtisadiyyatı uğurla inkişaf edir və bu inkişafın təməlində
islahatlarımız dayanır. Təsadüfi deyil ki, dünyanın ən mötəbər
iqtisadi qurumu olan Davos Ümumdünya İqtisadi Forumu rəqabət
qabiliyyətliliyinə görə Azərbaycanı 38-ci yerə layiq görmüşdür. Bu,
böyük və tarixi nailiyyətdir.
Qeyri-neft sektorumuzun inkişafı bizim üçün prioritet olaraq qalır.
Şadam ki, bu il qeyri-neft sektorumuz təxminən 7 faiz artmışdır.
Ölkə iqtisadiyyatına 27 milyard dollar sərmayə qoyulmuşdur. Bu da
çox önəmli hadisədir. Çünki indi dünyada sərmayələrin cəlb edilməsi
üçün mübarizə gedir. Azərbaycanda sərmayə qoyuluşu yüksək
səviyyədədir. Əminəm ki, gələn il də belə olacaq.
Yoxsulluğun, işsizliyin səviyyəsi 5 faizdir. Bu da dünya miqyasında
çox gözəl göstəricidir. Dövlət xarici borcumuz ümumi daxili
məhsulumuzun cəmi 8 faizini təşkil edir. Bu da nadir göstəricidir.
Makroiqtisadi vəziyyət sabitdir. Valyuta ehtiyatlarımız 50 milyard
dollardan çoxdur. Manatın məzənnəsi isə sabit olaraq qalır.
Siz yaxşı bilirsiniz ki, dünyada neftin qiymətinin düşməsi ilə
əlaqədar müəyyən gərginliklər yaşanır, o cümlədən bizim bölgəmizdə.
Azərbaycan isə sabitlik adasıdır, nümunəvi ölkədir. Ölkəmizdə istər
siyasi, istər iqtisadi sabitlik təmin edilir və ediləcək.
Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayacaq və ildən-ilə
xalqımızın rifah halı yaxşılaşacaqdır.
Sosial siyasətimiz bütün dövrlərdə bizim üçün əsas vəzifə olmuşdur.
Bu il Azərbaycanda sosial infrastrukturun yaradılmasına böyük
vəsait qoyulmuşdur, 60-dan çox tibb ocağı, 50-yə yaxın məktəb, uşaq
bağçası tikilib təmir edilmişdir. Əminəm ki, gələn il də bu müsbət
proseslər gedəcək.
Azərbaycanda inflyasiya 1,4 faizdir. Əhalinin pul gəlirlərinin
artımı isə 5 faizə yaxındır. Maaşların, pensiyaların, sosial
müavinətlərin ildən-ilə artırılması əlbəttə ki, insanların rifah
halını yaxşılaşdırır.
Ən ağır vəziyyətdə olan soydaşlarımızın – məcburi köçkünlərin
problemləri də uğurla həll edilir. Hər il 20 mindən çox köçkün yeni
evlərə köçürülür. Bu il də bu məqsədlər üçün böyük vəsait
ayrılmışdır və biz bu məsələni də tədricən həll edirik.
Ancaq əfsuslar olsun ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi bu il də öz həllini tapmamışdır. Buna səbəb Ermənistanda
kriminal, qanlı diktatura rejiminin mövcudluğudur. Ermənistan sülh
istəmir. Bütün səylərini ona qoyub ki, sülh danışıqları
aparılmasın, yaxud da ki, imitasiya naminə aparılsın. Bu il
vasitəçilər fəallıq göstərmişdilər, bunu biz qeyd etməliyik.
Rusiya, Amerika, Fransa - bu ölkələrin rəhbərləri ardıcıllıqla
avqust, sentyabr, oktyabr aylarında üçtərəfli görüşlər keçirmişlər.
Mən bunu yüksək qiymətləndirirəm və bu ölkələrə minnətdaram. Ancaq
Ermənistan bu görüşlərdə özünü səmimi aparmamışdır. Bundan əlavə,
Paris görüşündən iki həftə keçməmiş işğal edilmiş torpaqlarda
genişmiqyaslı hərbi təlimlərə başlamışdır. Bu təlimlərin bir
məqsədi var idi - Azərbaycanı provokasiyaya çəkmək, təxribat
törətmək və danışıqlar prosesinə zərbə vurmaq. Eyni hadisəni biz
yay aylarında görmüşdük. O vaxt da erməni təxribatçı qrupları
Azərbaycan mövqelərinə hücum çəkmişdilər. Ancaq Azərbaycan Ordusu
onlara layiqli cavab vermişdir, 50-dən çox işğalçı məhv edilmişdir.
Bu ilin sonlarında da buna oxşar hadisə baş vermişdir. Yenə də
Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək onu yerinə oturtdu.
İşğalçı dövlət bilməlidir ki, qüdrətli Azərbaycan Ordusu istənilən
vaxtda öz ərazi bütövlüyünü bərpa edə bilər. Sadəcə olaraq biz hələ
ümid edirik ki, danışıqlar prosesi müsbət nəticə verə bilər və bu
ümidi gücləndirən amillər kifayət qədər çoxdur. Bizim siyasi
gücümüz, iqtisadi potensialımız, qüdrətli ordumuz var. Gələn il
ordu quruculuğuna, ordumuzun inkişafına 5 milyard dollara yaxın
vəsait ayrılacaq ki, bu da yoxsul, dilənçi Ermənistanın ümumi
büdcəsindən iki dəfədən çoxdur.
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq
hüququn norma və prinsipləri əsasında öz həllini tapa bilər. BMT
Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir. İşğalçı
qüvvələr Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarılmalıdır,
ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bu, əsas
prinsiplərdir. Biz bu prinsiplər əsasında istənilən müqavilənin
imzalanmasına hazırıq.
Bu il Azərbaycanda “Sənaye ili” elan edilmişdir. Bildiyiniz kimi,
sənaye potensialımız gündən–günə güclənir. Azərbaycan bu
istiqamətdə çox böyük uğurlara imza atmışdır və bu sahədə görülən
işlər bu il də istisna olmamışdır. Beləliklə, bu il 230-dan çox
yeni sənaye müəssisəsi açılmışdır və bu da həm işsizliyin aradan
qaldırılmasına, həm də ixrac potensialımızın inkişafına öz müsbət
təsirini göstərir. Biz özümüzü əsas ərzaq məhsulları ilə artıq
təmin edirik. Eyni mənzərəni tikinti materialları bazarında da
görmək istəyirik və biz bu məqsədə çatırıq. Bildiyiniz kimi, icra
edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının əsas
məqsədi də məhz bundan ibarətdir.
Azərbaycan, eyni zamanda, yüksək texnologiyalara böyük
investisiyalar qoyur və bu il bu sahədə yaddaqalan il olmuşdur. Bu
il Azərbaycan ikinci peykinə sahib oldu. Noyabr ayında bu peyk
Azərbaycana təhvil verildi və beləliklə, bizim indi iki peykimiz
var: “Azərspace” və “Azərsky”. “Azərsky” peykinin xüsusiyyəti ondan
ibarətdir ki, - dünyada cəmi 20 ölkə belə peyklərə malikdir, - bu
peyk yer səthini yüksək dəqiqliklə müşahidə edir. Beləliklə,
Azərbaycanın milli maraqları, təhlükəsizliklə bağlı maraqları tam
şəkildə təmin olunur, eyni zamanda, kosmik sənayemiz də inkişaf
edir.
Korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılır. “ASAN
xidmət” bu sahədə xüsusi yerə malikdir. Artıq 7 mərkəz
yaradılmışdır, 3 milyon 500 min müraciət edilmişdir. “ASAN xidmət”
ictimai xidmətlər sahəsində, korrupsiya və rüşvətxorluğa qarşı
mübarizədə xüsusi rol oynayır. Bu xidmətin yaradılmasından cəmi iki
il keçdiyini nəzərə alsaq, görürük ki, biz nə qədər böyük
irəliləyişə nail ola bilmişik. Korrupsiya və rüşvətxorluğa qarşı
bundan sonra da ciddi mübarizə aparılacaq, həm cəza tədbirləri,
inzibati tədbirlər və sistem xarakterli tədbirlər görüləcəkdir.
Azərbaycan dünyada multikulturalizm mərkəzi kimi tanınır. Bu il mən
Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması ilə əlaqədar
müvafiq Sərəncam imzalamışam. Dünyada Azərbaycanın nadir rolu
yüksək qiymətləndirilir. Azərbaycan sivilizasiyalararası bir
körpüdür. Həm coğrafi, həm siyasi, həm bütün başqa cəhətlərdən
Azərbaycan nadir bir ölkədir. Bizim təcrübəmiz öyrənilir. Əminəm
ki, başqa ölkələrdə Azərbaycan təcrübəsi tətbiq olunduqda o
ölkələrdə də dinlərarası, millətlərarası münasibətlər sağlam
zəmində öz həllini tapacaqdır.
Bu il sentyabrın 20-də biz “Əsrin müqaviləsi”nin 20-ci ildönümünü
qeyd etmişik. Simvolik haldır ki, məhz 2014-cü il sentyabrın 20-də
“Cənub” qaz dəhlizinin təməli qoyulmuşdur. “Cənub” qaz dəhlizi
Avropanın ən böyük infrastruktur layihəsidir. Bu nəhəng transmilli
layihənin icrasında Azərbaycan öz liderlik keyfiyyətlərini bir daha
nümayiş etdirmişdir. Məhz Azərbaycanın uzun illər ərzində apardığı
enerji siyasəti nəticəsində, qətiyyətli siyasət nəticəsində bu
böyük layihə artıq reallaşır. “Şahdəniz-2”, TANAP və TAP Azərbaycan
üçün nadir və əvəzolunmaz layihələrdir və uzun illər, onilliklər
bundan sonra bizim milli maraqlarımızı, iqtisadi və siyasi
maraqlarımızı təmin edəcək. Azərbaycan beynəlxalq əməkdaşlıq
məsələlərində olduğu kimi, bu layihədə də liderliyi öz üzərinə
götürüb və bu missiyanı şərəflə yerinə yetirəcəkdir.
Əziz dostlar, bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.
Əminəm, dünyada yaşayan bütün azərbaycanlılar haqlı olaraq fəxr
edirlər ki, bu gün qüdrətli, müstəqil Azərbaycan dövləti vardır.
Müstəqillik bizim üçün ən böyük xoşbəxtlikdir, ən böyük sərvətdir.
Biz 23 ildir ki, müstəqilik və müstəqil siyasət aparırıq. Milli
maraqlar, milli dəyərlər üzərində qurulmuş bu müstəqil siyasət
bugünkü Azərbaycan reallıqlarını təmin edir. Bu gün Azərbaycan
dinamik, sürətlə inkişaf edən ölkədir. Azərbaycan demokratiya,
azadlıq, müstəqillik, tərəqqi, inkişaf yolu ilə uğurla gedən
ölkədir. Əminəm, dünyada yaşayan bütün azərbaycanlılar fəxr edirlər
ki, bu gün dünya xəritəsində Azərbaycan kimi dövlət var, öz sözünü
deyir, deyəcək və bizim uğurlu inkişafımız bundan sonra da təmin
ediləcəkdir.
Mən bütün azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm. Hər bir
Azərbaycan ailəsinə səadət, xoşbəxtlik, yeni uğurlar
arzulayıram.
Bayramınız mübarək olsun!
-
Hadisə21:48
Sumqayıtdan ACI XƏBƏR: partlayış zamanı xəsarət alan...
-
Magazin121:24
"Bəxtim kişi tərəfdən gətirməyib"
-
Art21:00
“Ermənilər bunu eşidib həyasızlıq saldılar” - VİDEO
-
Region20:36
Təbrizdə GÜCLÜ PARTLAYIŞ - Ölənlər var
-
Ekologiya18:24
DYP küləkli hava ilə əlaqədar XƏBƏRDARLIQ
-
Sosial17:57
Əhaliyə xəbərdarlıq: dekabrın 8-də...
-
Hadisə17:20
Tovuzda sexdə partlayış: Xəsarət alanlar var - Video/Yeniləndi
-
Sağlamlıq16:45
Qəhvə ömrü uzadırmış: gündə neçə fincan içmək lazımdır?