ABŞ-ın yeni səfiri Sekutadan Azərbaycan dilində müraciət - VİDEO
Bizi izləyin

Nida.az

ABŞ-ın yeni səfiri Sekutadan Azərbaycan dilində müraciət - VİDEO

ABŞ-ın Azərbaycana təyin olunmuş yeni səfiri Robert Sekuta azərbaycanlılara müraciət ünvanlayıb.


Publika.az ABŞ-ın Azərbaycandakı səfirliyinin rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, videomüraciətdə səfir çıxışına Azərbaycan dilində başlayıb. O, azərbaycanlılara özü və qarşıdakı hədəfləri barədə dolğun məlumat verib: “Salam, mənim adım Bob Sekutadır. Mən ABŞ-ın Azərbaycanda yeni təyin olunmuş səfiri olaraq gələcəyimi səbirsizliklə gözləyirəm (ilk iki cümlə Sekutanın dilindən Azərbaycan dilində səslənir -red)”.


Daha sonra yeni səfir ingilis dilində çıxışını davam etdirib.


“Çox şadam ki, beynəlxalq münasibətlər fakültəsində təhsil almağa başladığım Corctaun Universitetinin Riggs kitabxanasından sizinlə danışıram. Mən 36 ildən artıq bir müddətdə ABŞ diplomatı olmuşam və dünyanın müxtəlif ölkələrində çalışmışam. Prezident Obamanın Azərbaycanda xidmət göstərmək üçün mənim namizədliyimi irəli sürməsindən şərəf duyuram. 1991-ci ildə Azərbaycan müstəqillik qazanandan bizim iki ölkə güclü əməkdaşlıq qurub və bir çox eyni məqsədləri bölüşür.

Regional təhlükəsizlik və iqtisadi inkişaf, xüsusilə gənclərin işlə təmin olunması bizim əlaqələrimizdə iki əsas prioritetdir. Üçüncüsü demokratik inkişafdır. Hər üçü Azərbaycanın stabilliyi üçün labüddür və bizim ikitərəfli münasibətlərimiz üçün mühümdür. Səfir olaraq səbirsizliklə gözləyirəm ki, bütün azərbaycanlılarla bu prioritetlər üzərində işləyək və bizim xalqlararası əlaqələrimizi dərinləşdirək və genişləndirək. Qarşılıqlı anlaşmaya əsaslanaraq öz ölkələrimizi daha da yaxınlaşdıra bilərik. Həyat yoldaşım Ann Azərbaycana mənimlə birgə gələcək. Şah plovun dadına baxmağı, sizin zəngin tarix və mədəniyyətinizlə tanış olmağı səbirsizliklə gözləyirik”, - deyə o bildirib.

Sekuta azərbaycanlılara Azərbaycanın gəzməli və görməli yerləri ilə bağlı sual da ünvanlayıb: “Sizcə, biz ilk olaraq hara səfər edək? “Beşbarmaq”, “Yanardağ” yoxsa Qobustana? Səfirliyimizin “facebook” səhifəsində öz fikirlərinizi bölüşün. Orada həmçinin ABŞ-Azərbaycan əlaqələrini zənginləşdirmək yolları barədə də fikir mübadiləsi apara bilərik”.

R. Sekuta ziyarət edəcəyi məkanları azərbaycanlıların təklifinə uyğun olaraq seçəcək.


Yeni səfir müraciətinin sonunda yenə Azərbaycan dilində danışıb.


“Azərbaycanın layiq olduğu daha perspektivli gələcəyi qurmaq üçün Sizinlə işləməyi səbirsizliklə gözləyirəm. Tezliklə görüşərik”, - deyə o, doğma dilimizdə bildirib.

Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfirliyi R.Sekutanın fevralın 12-də Azərbaycana gələcəyi barədə məlumat yayıb. ABŞ Senatı ötən il dekabrın 16-da Robert Frensis Sekutanın bu ölkənin Azərbaycanda yeni səfiri vəzifəsinə namizədliyini təsdiqləyib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm