Nida.az
Öz tabutunu qarşılayan Mirəlioğlu: “İlk müəllimim feldşer olub” – SÖHBƏT/FOTOLAR
Onu ölkəmizdə baş verən daxili siyasi proseslərin mərkəzində tez-tez görürük. Klassik Xalq Cəbhəsi Partiyasının özünəməxsus davranışı, jestləri və nitqi ilə seçilən sədri Mirmahmud Mirəlioğlu həm də maraqlı həyat yolu keçib. Elə bu səbəbdən qərara aldıq ki, Mirmahmud bəyi “Siyasətsiz siyasətçi” rubrikasına qonaq edək. Publika.az KXCP sədrinin siyasi fəaliyyətdən kənar həyat və fəaliyyətini təqdim edir:
“Üç xəstəxanada “oxuyurdum”
- Yardımlı rayonu Telavar kəndində dünyaya gəlmişəm. Uşaq vaxtı sıradan biri, adi vətəndaş olmuşam. Dünyaya hamı kimi gəlmişəm. Sadəcə bir neçə orta məktəbdə oxumalı olmuşam. Məktəbə dekabrın 22-də, özü də bir il sonra qəbul olunmuşam. Bu, bir sıra səbəblərlə əlaqədar idi. Qızlarımız oxumurdu, məktəbə getmirdi. Buna görə də direktor oğlanların da məktəbə qəbulundan imtina edirdi. Növbəti ildə isə bəhanə gətirdi ki, mənim doğum haqqında şəhadətnaməmdə dünyaya gəldiyim gün 15 sentyabr kimi qeyd olunub. Yəni 15 gün gec. Sonra da xəstələndim, dekabrın 22-də hesabdan və əlifbadan imtahan verib orta məktəbə daxil oldum. Orta məktəbdə təhsil almağa başladım.
- Bəs orta məktəbə hazırlığı harada keçirdiniz?
- Xəstəxanada. İlk müəllimim Turab adlı feldşer olub. O, mənə yazmağı və oxumağı öyrətdi. Turab xanımı özümün ilk müəllimim hesab edirəm. Hər zaman da hörmətini saxlayıram. Bir məktəbə daxil olsam da, başqa məktəbdə də oxumalı oldum.
- Məktəbləri neçənci sinifdə dəyişdiniz?
- Birinci sinfə gedənə qədər – dekabrın 22-dək artıq 3 yerdə oxuyurdum. Bu xəstəxanadan o birinə, o birindən başqasına. Onlar da mənim məktəblərimdir. Ancaq rəsmi olaraq iki məktəbi bitirdim.
- Xəstəliyiniz nə ilə əlaqədar idi?
- Adi xəstəlik idi. Uşaq xəstələnə bilər. Mən də belə xəstələnmişəm, vəssalam.
- Ailədə neçə uşaq idiniz?
- On iki uşaq olmuşuq. Lakin onlardan üçü dünyasını dəyişdiyindən 9 uşaq qaldı. Beş qardaş, 4 bacı. Şükür Allaha ki, bu gün də yaşayırlar.
- Bacı-qardaşlarınızdan hansını daha çox istəyirsiniz?
- Mən ailənin böyük övladı olduğumdan missiyam da böyükdür və həm də başqadır. Mənim üçün onların hamısı əzizdir. Hamımız bir-birimizi çox istəmişik. Münasibətlərimiz bu gün də belədir.
- Deməli, ailədə hamıdan böyük sizsiniz.
- Hamıdan böyük Allahdır. Mən sadəcə yaşca böyüyəm.
- Uşaqlıq illərinizdən danışaq. Ən çox yadınızda qalan xatirə hansıdır?
- Hər şey. Uşağın yadında nə qalırsa onlar.
- Bəs xüsusi olaraq?
- Bunu, Allah qoysa, oxucular oxuyacaqlar. Qismət olsa, yadımda xüsusi olaraq qalanları oxuyacaqlar.
“Ordu bizdən hər şeyi aldı”
- 10-cu sinfi bitirdiniz. Sonra nə oldu, ali təhsil, yoxsa hərbi xidmət?
- İmtahan, konkurs, hərbi xidmət. Azərbaycan Dövlət Universitetinə imtahan verdim. Lakin müsabiqədən keçmədim. Universitetə qəbul olunmadım. Hərbi xidmətə getdim. Əsgərlikdən qayıtdıqdan sonra bir müddət Sumqayıtda istehsalatda çalışdım. Və ayrılmadan təhsil.
- Yəni istəməsəniz də, əsgər kimi sovet hökumətinə xidmət etdiniz.
- Yox, demək olar, istədim. Yəni əsgərliyə getdim. Amma bir ildən sonra bu qərara gəldim ki, imkanım olduğu təqdirdə sovet ordusu sıralarında heç kəsi gücüm çatan qədər xidmət etməyə qoymayım.
- Niyə?
- Qənaətim belə idi.
- Hansı əsasla?
- Orda hər şey vardı. Ona görə də bu qənaətə gəldim və fikirlərimi açıq şəkildə deyirdim. Bütün gəncliyim dövrümdə deyirdim ki, gücüm çatan qədər, imkanım olanda Azərbaycanın cavanlarından heç kimi sovet ordusunda xidmət etməyə qoymaram. Bütün parametrlərə görə o zamankı yanaşmam beləydi.
- Heç olmasa, hərbi xidmət illəri sizə dostlar qazandırdımı?
- Ordu bizdən hər şeyi – gəncliyimizi, iki il vaxtımızı aldı. Amma əvəzində bizə etibarlı, sədaqətli dostlar qazandırdı. Bütün əsgər yoldaşlarımla dostluq münasibətlərimiz yarandı. Hərbi hissədə Azərbaycandan olan gənclər kifayət qədər çox idi. İstər alayda, taborda, istərsə də bölükdə və tağımdakı azərbaycanlılarla dostluq münasibətlərimiz yarandı. Yaşlaşırıq deyə vaxt etibarı ilə əlaqələrimiz yavaş-yavaş azalır. Hətta bəziləri var ki, onlarla bir orta məktəbdə oxumuşduq.
- Hansı ölkədə hərbi xidmət keçdiniz?
- Özbəkistanda. Ümumiyyətlə əsgərliyimi Türküstan hərbi dairəsində başa vurdum. Orta Asiyanın bir çox ölkələrinin hərbi çağırışçıları orada xidmət keçirdilər.
“Biz birinci Allahın özünü dost seçirik”
- Dostlardan söz düşmüşkən. Sayları çoxdur?
- Hərbi, tələbəlik, gənclik, siyasi dostlarım var. Orta məktəbdə, universitetdə xeyli dostlar qazanmışam.
- Ümumiyyətlə, dost anlayışı sizin üçün nədən ibarətdir?
- Dost özü nədirsə elə həmin anlayışdır. Yəni sözün həqiqi mənasında dost. Biz birinci Allahı dost seçirik və bu cür qəbul edirik. Və Allahın yaratdıqlarını da dost tuturuq. Bu, mənim həyatda başa düşdüyüm və gerçəkdən qəbul etdiyim məsələdir. Həm də yaxşı dostlarım var, onların sayı kifayət qədərdir.
- Ali təhsildən danışaq. Azərbaycan Dövlət Universitetinin hansı fakültəsini bitirdiniz?
- Tarix fakültəsini. Fakültəni istehsalatdan ayrılmadan oxudum. Bir gün istehsalatdan ayrılıb pedaqoji fəaliyyətə başladım. Paralel olaraq siyasi fəaliyyətlə məşğul oldum. Biz 1982-ci ildə ədəbi dərnək yaratmışdıq. Orda hər şeydən danışardıq. Bundan sonra milli azadlıq hərəkatı başladı və fəaliyyətimi orda davam etdirdim.
- Bir az da ailəniz barəsində. Necə ailə qurdunuz, valideynlərin məsləhəti ilə, yoxsa özünüz qərar verdiniz?
- Bu, qarşılıqlı olub.
- Yəni həm valideynlərin məsləhəti, həm də özünüz..?
- Bəli.
- Xanımınız işləyir?
- Hal-hazırda yox, təqaüdə çıxıb.
- Övladlarınız...
- (Bir qədər düşünərək) Mənim övladlarım dünyasını dəyişib. Bir oğlum qalıb. O, hüquqşünasdır, iş tapanda işləyir, tapmayanda işləmir.
- Yanılmıramsa, övladlarınızdan biri sizin tarixə düşdüyünüz – Müstəqillik haqqında Konstitusiya Aktına imza atdığınız gün dünyasını dəyişib.
- Dünyasını dəyişdi deyəndə ki, öldürüldü. Həmin hadisə də araşdırıldı, cinayətkar tapıldı və cəzalandırıldı. Bir kapitan övladımı səkidə vurub. Bəlli oldu ki, bu, qəsddir. Bu, mənim şəxsimə qarşı yox, oğluma qarşı idi.
- Siz 1990-cı ildəki məlum hadisələrdə öldürülməsi planlaşdırılan şəxslərdənsiniz. Tabutunuz əvvəldən hazırlanmışdı. Bu mənada öz tabutunu görən nadir insanlardansınız. Onu necə qarşıladınız?
- Çox normal. Həm gülə-gülə, həm də adi. Tək deyildim axı.
- Həmin vaxt sayınız çox idi.
- Bəli.
- Tabutun zəhmi ağır deyildi ki?
- Yox, ona görə ki, onun içində yatanın özümüz olmadığını bilirdik. Sadəcə üstünə adımız, soyadımız, atamızın adı yazılmışdı. Həm də orada mənim başqa missiyam da var idi. Həmin 105 nəfərin rəhbəri özüm idim. Sarsıla bilməzdim. Bilirdim ki, özümü necə aparmalıyam. Bir az yekə çıxmasın, onlar mənə böyük kimi baxırdılar. Deməli, mən də onları ümidsiz qoymalı deyildim.
- Və belə də oldu.
- Bəli...
“Sadəcə, yazıram və sonra da cırıb atıram”
- Asudə vaxtlarınızda hansı məşğuliyyət növünə üstünlük verirsiniz?
- Həyətdə bir az işləyirəm, az müddətdə, həm də oxuyuram. Eləcə də yazıb-pozuram.
- Niyə yazırsınız və niyə də pozursunuz?
- Sadəcə, yazıram və sonra da kağızları cırıb atıram.
- Siyasi, ədəbi-bədii mövzularda?
- Elə hər mövzuda, qarışıq.
- Məsələn, sonuncu dəfə nə yazmısınız?
- Dünən olanları.
- Gündəlik həyatınızı?
- Təxminən hə. Həm elə, həm də fərqli.
- Gündəlik formasında da nəsə yazırsınız?
- Bəli, o da var, başqa cür də yazıram.
- Pozduqlarınıza görə nə vaxtsa peşmanlıq keçirmisiniz?
- Qətiyyən. Hesab edirəm ki, belə məsləhət imiş, belə də olub.
- Bəs ən sevimli məşğuliyyətiniz nədir?
- Oxumaq.
- Nə oxuyursunuz?
- Daha çox tarixi ədəbiyyatı. Habelə bizim klassiklərimizi.
- Sonuncu dəfə hansı kitabı oxumusunuz?
- Elə indi də oxuyuram. İbn Ərabini mütaliə edirəm. Türkiyədən təzə bir neçə kitab almışam, onları mütaliə edirəm.
- İbadət də öz yerində.
- İbadətin mütaliəyə aidiyyəti yoxdur. O, bizim həyat tərzimizdir.
“Alaq otları nə həyətdən, nə həyatdan qurtarır”
- İbadətə nə vaxt başlamısınız?
- On bir yaşımdan.
- Bu, yəqin ki, ailə mühitindən irəli gəldi.
- Gözümüzü açanda belə gördüyümüzdən belə də davam etdik.
- Yəni bacı-qardaşlarınız da ibadətlə məşğuldurlar. Xanımınız və övladınız da ibadət edir?
- Təbii. Adam ibadət etməlidir də.
- Amma eləmir axı.
- O baxır adama. Heç ibadət edənlərin də çoxu ürəkdən etmir. Bu da var. Bizim ibadətlərimizin qəbul edilib-edilməməsi də ayrı söhbətin mövzusudur. Bu qədər ibadət edənimiz var, günümüz də ortada.
- Mirmahmud bəy, niyə bir çoxumuz Allahı ancaq dar gündə, pis məqamda yada salır?
- Hamı belə deyil.
- Mən hamını demirəm, bəzilərini nəzərdə tutdum.
- Bu da onların öz işidir, fərdi məsələdir. Ona görə də buna müdaxilə etmək olmaz. Bu, bağ məsələsidir. Yaradanla yaradılmışın bağı fərdi bağdır.
- Yaxşı, onda başqa bağdan danışaq. Dediniz ki, bağda işləyirəm. Nə işləyirsiniz elə?
- Heç nə. Elə-belə. Çevir tatı, vur tatı.
- Yəni əkib-becərməklə məşğulsunuz?
- Ağaclarıma qulluq edirəm. Habelə güllər əkir və onlara da qulluq göstərirəm. Ən maraqlısı bilirsiniz nədir? Alaq otları nə həyətdən, nə də həyatdan qurtarır. Yaz gəlir, gün çıxır, yağış yağır, alaq otları bitir. Həyatda da belədir.
- Xaraktercə çox mühafizəkarsınız.
- Bəlkə də, kənardan belə görünür. Amma, məncə, yox, mühafizəkar deyiləm.
- Məsələn, dəyişməyi sevmirsiniz, həm özünüzü, həm də əmlakınızı. 7-8 il olar elə eyni avtomobili sürürsünüz.
- 7-8 ildən çox olar.
- Amma dəyişmirsiniz.
- Vəziyyət dəyişəndə, təbii ki, avtomobilim də dəyişə bilər. Avtomobili 10 ildən çoxdur sürürəm.
- Bəs niyə dəyişmədiniz?
- Vəziyyəti dəyişmək təkcə insanın özündən asılı deyil. Belə olsaydı, nə vardı ki?
- Əgər vəziyyəti dəyişmək təkcə özünüzdən asılı olsaydı, birinci nəyi dəyişərdiniz?
- İdeallarımın dəyişməsinə nail olardım. Sizin dediyiniz dəyişikliyə heç bir ehtiyac yoxdur. Əgər adam arzusuna, istəyinə çatırsa, iddiası gerçəkləşirsə, nəyi isə dəyişməyə heç bir ehtiyac yoxdur. Onda hər şey öz-özünə dəyişir, gerçəkləşir, vəssalam.
- Özünüzü xoşbəxt sayırsınız?
- Bu, nisbi məsələdir. Ola bilsin, kimsə bizim günümüzə həsrətdir, dolana, çörək tapa bilmir, evi, başının üstündə tavanı yoxdur. Deməli, onun nəzərində bizim hamımız xoşbəxtik.
- Dolanışığınız necədir?
- Adi vətəndaş kimi. Şükür edirəm.
Anar Tağıyev
-
Nida Xəbər 12:44
Ermənistan prezidenti Azərbaycanla sülh müqaviləsi haqda: Yaxın 4 həftə ərzində...
-
İdman12:14
Ronaldinyonun oğlu atasının yolu ilə gedir: Bu gözəl isə onu darıxmağa qoymur - FOTOLAR
-
Nida Xəbər 10:31
Leyla Əliyeva Qocalar evində - FOTO
-
Dünya09:48
Mask ermənilərə söz verdi: Növbəti əlverişli fürsətdə...
-
MDB09:12
Avtomobillərin texniki baxış qiymətləri yenidən bahalaşacaq
-
Magazin208:22
"Qremmi" mükafatlı müğənni vəfat etdi
-
Hadisə07:55
Azərbaycanın iki rayonunda evləri böcəklər basdı - FOTO
-
Kriminal05:45
Piramida üsulu ilə pulu belə oğurlayırlar - VİDEO