Xəzər qazına görə yeni Balkan savaşı: Bakı qazanan tərəf olacaq – TƏHLİL
Bizi izləyin

Nida.az

Xəzər qazına görə yeni Balkan savaşı: Bakı qazanan tərəf olacaq – TƏHLİL

Azərbaycanın əsas oyunçu olduğu Trans-Adriatik Təbii Qaz Boru Kəməri (TAP) ilə Rusiyanın “Türk axını” arasında “müharibə” ehtimalı yüksəlir. Lakin Bakı müharibənin əks qütblərində yer almır.


Ukrayna böhranından sonra Qərb mövqeyini qətiləşdirdi: “Qazprom”dan imtinanın vaxtı çatmışdı və alternativ mənbə olaraq ən unikal variant – Azərbaycan seçildi. Lakin şahmat taxtasında əsas fiquruna təhlükə yaranan Moskva öz gedişlərini sərtləşdirdi. Kreml “Avropanı içindən dağıtmaq” gedişini tutdu. “Cənub axını” layihəsində əsas dəhliz rolunu oynayan Bolqarıstan Brüsselin təzyiqi ilə oyundan çıxdı və kartlar qarışdı. Vladimir Putin Ankara səfərində “Cənub axını”ndan imtina etdiyini açıqladı və Türkiyənin də iştirak edəcəyi “Türk axını”nı gündəmə gətirdi. Dəhliz missiyası Bolqarıstandan Yunanıstana keçdi.

Yunanıstanda solçuların masa başına keçməsi Rusiyanı gücləndirdi və yeni hökumət TAP-a maneələr yaratmağa başladı. Əvvəlcə yunanların qaz kəmərləri sistemində əsas olan DESFA-nın 66 faizlik səhmlərinin SOCAR-a satılması haqda müqaviləni pozmağa cəhdlər edildi. Bir çox bəhanələri əsas gətirən solçu Afina hazırda şirkətin 66 yox, 49 faiz səhmini SOCAR-a sata biləcəyini deyir. 66 faizlik səhmlə SOCAR DESFA-da əsas payçı kimi Avropanın qaz arteriyasını ələ ala bilər. 49 faizlik səhmlə isə bu bir qədər çətin görünür.


Brüssel onu Rusiyaya “satan” yunan solçularına dəfələrlə xəbərdarlıq etsə də, Aleksis Sipras hökuməti geri çəkilmədi və ən yüksək səviyyədə Moskvaya səfər etdi.

Ardınca Rusiyanın mövqelərini gücləndirəcək daha bir hadisə baş verdi: Makedoniya və Serbiya da “Türk axını”na qoşulmaq istəklərini bəyan etdi. Bu isə Yunanıstana çıxacaq Rusiya qazının Makedoniya və Serbiya torpaqlarından çəkiləcək yeni qaz kəmərləri vasitəsilə Macarıstan və Avstriyaya aparılması deməkdir. Beləliklə, Rusiya Qərbin acığına “Köhnə qitə”nin cənubunu “qaza boğmaq” qərarında israrlı görünür.


Balkan münaqişələrinin möhürü qırılır: savaşdan kim sağ çıxacaq?

Rusiyanın mövqeyi gücləndikcə Vaşinqton proseslərə müdaxilə etməyin vacibliyini anladı. Ağ Ev Afinadakı səfirini vaxtından bir il tez geri çağırmaqla ilk diplomatik jestini etdi. Daha sonra Beynəlxalq Enerji Əlaqələri üzrə özəl təmsilçi Amos Hokştayn (Amos Hochstein) rəhbərliyi ilə ABŞ-ın xüsusi nümayəndə heyəti Afinaya gəldi.

A. Hokştayn Afinadaca solçulara xəbərdarlıq etdi: Yunanıstan Azərbaycandan qaz çatdırmalarını sürətləndirməli və “Türk axını” xülyalarından əl çəkməlidir.


Və 20 il sonra Balkanlar yeni müharibə astanasına çatdı. Mayın 6-da Makedoniyanın paytaxtı Skopyedə baş nazirin istefası tələbinin irəli sürüldüyü etiraz aksiyaları başladı. Mayın 9-10-da ölkənin şimalındakı etnik albanların yaşadığı Kumanova bölgəsində qarşıdurma baş verdi. 15 saata qədər davam edən silahlı qarşıdurmada aralarında 8 polis olmaqla 22 nəfər öldü, 37 polis əməkdaşı yaralandı. Hazırda region yeni barıt çəlləyini xatırladır. Bu çəlləyin arxasındakı güc isə təbii ki, Qərbdir. Söhbət Rusiyanın yanında yer alan Balkan ölkələrinə tarixi xatırlatmadan gedir.

Lakin Yunan “Siriza”sı (radikal sol koalisiya - red) geri çəkilənə bənzəmir. Energetika naziri Panayotis Lafazanis TAP-dan imtina etmədiklərini, amma “Türk axını” layihəsinin daha sərfəli olduğu üçün ona üstünlük verdiklərini açıqlayıb. Bu arada bu gün Yunanıstanın xarici işlər naziri Nikos Kotzias Ankaraya səfərə gəlib. O, hökumətinin Türkiyənin Avropa Birliyinə girişini dəstəklədəyini bəyan edib. Halbuki, indiyə qədər Ankaranın Avropa yolundakı əsas maneələrdən biri məhz Yunanıstan idi. Göründüyü kimi, Afina “Türk axını”nı sona qədər dəstəkləmək niyyətindədir.

Bu isə Avropa bazarı uğrunda Vaşinqton-Moskva müharibəsinin isti mərhələyə keçməsi deməkdir. Lakin həmişə olduğu kimi müharibə başqa torpaqlarda, ruslar və amerikanlardan uzaqda olacaq.

Baş verənlər fonunda bizim üçün əsas məsələ Azərbaycanın qazancı və mümkün itkiləridir.

Rəsmi olaraq dilə gətirilməsə də, siyasi kuluarlarda “Türk axını” Cənub Qaz Dəhlizinə rəqibi kimi qiymətləndirilir. Lakin nə rəsmi Bakı, nə də Moskva bu təfərrüatın üzərində dayanmaq fikrində deyil. Bakı öz məhsulunu tələbatın böyük olduğu Avropa bazarına çıxarmaqda maraqlıdır və bu prosesdə hər hansı cəbhədə yer almaq fikrində deyil.

Rusiyanın “Türk axını” isə daha çox siyasi anlamı ilə seçilir. Belə ki, Kreml bunu Qərblə qarşıdurmada silah olaraq istifadə etmək niyyətindədir. Layihənin Rusiya üçün iqtisadi tərəfinə gəldikdə isə bunun perspektivi qaranlıqdır. Çünki söhbət Avropa bazarına çıxarılacaq 50 milyard kubmetr qazdan gedir ki, bunun da alıcı kütləsi getdikcə azalır. Hətta bu qədər qaz yunan sərhədlərinə qədər aparılsa belə, onun saxlanılması üçün lazım olan anbarlar yoxdur. Bu anbarların tikintisi isə əlavə vaxt və böyük miqdarda vəsait deməkdir. Bu baxımdan, baş verən qarşıdurmada Bakının daha qazanclı çıxacağı ehtimalı böyükdür.

Digər tərəfdən, alıcı kimi çıxış edən Avropa Rusiya qazını istəmir. Müxtəlif avropalı siyasilər zaman-zaman Azərbaycan qazının əsas mənbə olduğunu dilə gətirirlər.


“Avropa İttifaqı qaz marşrutlarının diversifikasiyasında maraqlıdır. “Türk axını” layihəsi də yeni mənbədən qaz təchizatını nəzərdə tutur. Lakin Cənub Qaz Dəhlizi bizim üçün daha prioritet layihədir”, - deyə son olaraq Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirdi.

Rəsmi Bakının tutduğu ehtiyatlı mövqe qarşıdurma fonunda diqqət çəkir: Azərbaycan öz məhsulunu Avropa bazarına çıxarır, lakin Qərbin Rusiyaya qarşı açdığı cəbhədə yer almır. Beləliklə, öz iqtisadi maraqlarını reallaşdırarkən, yaxın qonşularla olan siyasi münasibətləri də unutmur. Bunun özü Moskvada xoş qarşılanır və Qərblə “qaz müharibəsi”ndə Moskva Bakını günahlandırmır.

Türkiyənin “Türk axını” layihəsinə yaşıl işıq yandırması da daha çox siyasi çalarları ilə seçilir. Lakin bu Ankaranın layihənin reallaşması üçün əmək sərf edəcəyi demək deyil. Türkiyə Rusiyaya müəyyən jestlər etməklə Qərbdə öz siyasi çəkisini artırır. Bu da Azərbaycanın əlinin güclü olduğu deməkdir.


İndi bütün nəzərlər Ağ Ev və Kremlə yönəlib. Bu savaşdan kimin sağ çıxacağını zaman göstərəcək. Ehtimal ver ki, Balkanlarda illərdir ağzı möhürlənən münaqişələr açılacaq və yeni savaş başlayacaq.

İlkin mərhələdə bu savaşın məhz Azərbaycan qazının yolunun açılması uğrunda getdiyini göstərir. Lakin rəsmi Bakının bu savaşda yer almaması oyunda qazanan tərəf olacağını deməyə əsas verir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm