Nida.az
Xaosun memarı və dünyaca məşhur fırıldaqçı
Azərbaycan xəbərlər xidməti
Mütərəqqi dəyərlərə hər zaman önəm verən Azərbaycan bütün dövlətlərlə mehriban qonşuluq şəraitində yaşayır, yalnız milli maraqlara söykənən siyasət yürüdür, Qərbin, o cümlədən Avropanın Qafqazdakı ən etibarlı tərəfdaşı kimi münasibətlərin daim inkişaf etməsinə maraq göstərir. Lakin təəssüflər olsun ki, Qərbin bir sıra dairələri bu reallıqları qiymətləndirmir, xarici dövlətlərə bağlılığı olan müxtəlif fondlar, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı məqsədli və qərəzli qarayaxma kampaniyası həyata keçirilir. Ölkəmiz əleyhinə aparılan bu təbliğat beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edəcəyimiz ərəfədə daha geniş vüsət alır, ən çirkin üsullarla Azərbaycanın dünyadakı nüfuzuna xələl gətirilir. Avropa məkanında ilk dəfə keçiriləcək birinci Avropa Oyunlarının Azərbaycanda reallaşması barədə qərar qəbul ediləndən sonra da ölkəmiz bu şər-böhtan kampaniyasının hədəfinə çevrilib.
Bütün inqilab və çevrilişlərdə adı hallanan maliyyə möhtəkiri
Bir qədər əvvəl də qeyd edildiyi kimi, Azərbaycan əleyhinə aparılan belə kampaniyalarda xarici ölkələrə bağlı fond və QHT-lər, bütövlükdə onların başında dayanan şəxs və ya şəxslər xüsusi “fəallıq” nümayiş etdirirlər.
Onlar Azərbaycan daxilindəki uzantıları – 5-ci kolonla əlbir olub ən xırda detalları da şişirdir, öz maraqları naminə bundan istifadə edirlər. Belə qurumlara ən bariz nümunə kimi Soros Fondlarını göstərmək olar. Biznesdən tutmuş missionerliyə qədər müxtəlif sahələri əhatə edən bu fondların başında maliyyə möhtəkiri, xaosun memarı kimi ad çıxaran, dünyaca məşhur fırıldaqçı Corc Soros dayanır. “Forbes” jurnalının 2012-ci il məlumatına əsasən, o, 20 milyard dollarlıq sərvətə malik olmaqla ABŞ-ın ən varlı 7-ci milyarderidir. C.Sorosun “xeyriyyəçilik” missiyası 1979-cu ildə təsis edilmiş Açıq Cəmiyyət İnstitutu ilə başlayıb. Hazırda bu qurum dünyanın 30-dan çox ölkəsində fəaliyyət göstərir. 2009-cu ildə Açıq Cəmiyyət İnstitutu Yardım Fondu dünya üzrə bütün proqramlara 683 milyon dollar (OSI Report, 2009) xərcləyib. C.Sorosun yaratdığı bu fondlar “demokratiya və insan haqları”nı əldə bayraq tutan onlarla təşkilatı maliyyələşdirir. Xüsusən, Varşava Müqaviləsi Təşkilatı dağıldıqdan sonra bütün inqilab və çevrilişlərdə Sorosun adı hallanır. Rəngli inqilabların reallaşdırılmasında da Soros əsas aktyorlardan biridir. ABŞ hökumətinin nüfuzunun zəif olduğu əksər regionlarda, o cümlədən İslam, postsovet, sosialist, Cənub-Şərqi Asiya ölkələrində bu fond ən aktiv rol oynayır.
Alma satıcısının qorxulu uşaqlıq illəri
Qeyd edək ki, yəhudi əsilli C.Soros 1930-cu ildə Budapeştdə anadan olub. Onun vəkil və yazar kimi tanınan atası 1-ci Dünya müharibəsi zamanı könülü olaraq hərbi xidmətə gedib. Lakin ruslara əsir düşdükdən sonra Sibirə göndərilib. Sonradan əsirlikdən qaçaraq, yenidən öz doğma şəhəri Budapeştə qayıda bilib. İkinci Dünya müharibəsi ərəfəsində isə o, ailə üzvlərinin də sənədlərini saxtalaşdıraraq onları Böyük Britaniyaya köçürməyi bacarıb. Beləliklə də C.Soros atasının hesabına Almaniyada yəhudi düşərgələrinə düşməkdən xilas ola bilib.
Amma İkinci Dünya müharibəsi zamanı C.Soros əzab və qorxu dolu uşaqlıq illəri yaşayıb. 1940-cı illərdə London İqtisadiyyat Məktəbini bitirən Soros öz ixtisasından başqa, alma satıcısından tutmuş menecerliyə qədər bütün işlərlə məşğul olub. Bir neçə dəfə iri biznes sahəsində fəaliyyət göstərməyə can atsa da, İngiltərə bankları milliyyətinə və himayədarı olmadığına görə, ona pul verməkdən həmişə imtina ediblər. Üzləşdiyi çətinliklərdən, yaşadığı qorxulu uşaqlıq illərindən irəli gələrək C.Soros daim qisasçılıq hissi ilə yaşayıb. Düz 40 ildən sonra Soros hiyləgərcəsinə birjalardan bir qədər Britaniya valyutasını almağa müvəffəq olub. Sonradan o, birdən-birə birjalara 5 milyard funt sterlinq buraxaraq, həmin valyutanı çökdürə bilib. Məhz bu hadisəyə görə 1992-ci il sentyabr ayının 16-sı İngiltərə tarixində "Qara çərşənbə" kimi yadda qalıb. Sorosun həmin gün keçirdiyi maliyyə əməliyyatları nəticəsində funt-sterlinqin dəyəri birdən-birə 12 faiz aşağı düşüb ki, bu da Sorosun bir gecədə 1,1 milyard dollardan çox gəlir qazanmasına səbəb olub. Bundan sonra tanınmış missioneri "İngiltərə bankını dağıdan şəxs" adlandırmağa başlayıblar. Soros özü isə həmin çərşənbəni "Ağ çərşənbə" adlandırır.
Vergidən yayınan fırıldaqçı
Sorosun maliyyə möhtəkirliyi bütün dünyaya məlumdur. 1997-ci ildə o, birja spekulyantları vasitəsi ilə başda Malayziya və Sinqapur olmaqla, bəzi Asiya-Sakit okean bölgəsinə aid olan ölkələrin valyutalarının da dəyərini aşağı salıb. Bundan sonra onun növbəti hədəfi Çin olub. Lakin Pekində onun cəhdlərinin qarşısı alınıb. ABŞ-da da Sorosun maliyyə imperiyası daim tənqid hədəfindədir. Belə ki, bu məşhur "xeyriyyəçi” ölkədə varlılar üçün daha ağır vergi yükü və fəaliyyətlərinə ciddi nəzarət mexanizmi tələb etdiyi halda, özü daim nəzarətdən yayınmağa çalışıb.
Onun əsas qazancını təşkil edən şirkətlər ofşorlardır. C.Soros maliyyə əməliyyatlarını 1969-cu ildə yaratdığı "Quantum Fund NV” vasitəsilə həyata keçirir. Rəsmi olaraq bu şirkət Holland Antil adalarında qeydiyyatdadır və C.Soros idarə heyətində təmsil olunmur, yalnız investisiya məsləhətçisidir. Bu tip fondlarda səhmdarlar açıqlanmır. “Quantum Fund”ın adı dünyanın bütün yerlərində qaranlıq maliyyə əməliyyatlarında hallanır. Qeyd edilən faktlardan da göründüyü kimi, ABŞ-da varlılar üçün daha ağır şərtlər tələb edən birisi müxtəlif yollarla vergidən yayınır və hətta ölkədə vergi qeydiyyatında deyil. Ümumiyyətlə, Sorosun maliyyə imperiyası fəaliyyətinə nəzarət güclü olmayan investisiya bankları, ofşor investisiya fondları, yığım fondları və bu kimi qurumlar üzərində qurulub.
İqtisadi asılılıq üzərində qurulan fəaliyyət mexanizmi
Soros Fondunun əsas fəaliyyət mexanizmi iqtisadi asılılıq üzərində qurulub. Hədəfdə olan ölkələrdə sabitliyi pozmaqla iqtisadiyyatda inkişafın qarşısı alınır. Yaranan durğunluq şəraitində isə istehsal azalır, işsizlik artır, ölkənin maliyyə resurslarına tələbatı artır. Bu zaman beynəlxalq maliyyə institutları, Qərbin maliyyə möhtəkirləri – investisiya fondları, yığım fondları dərhal hərəkətə keçərək milli dövlətlərin borclanmasına və asılı duruma düşməsinə səbəb olurlar.
Heç də təsadüfi deyil ki, bütün iqtisadi tərəddüd və böhranlarda Sorosun "Quantum Fund”ının adı hallanır. Sorosun fondları maliyyə bazarına süni müdaxilələrlə qısa müddətli durğunluq yarada bilir və bu müddətdən istifadə edərək dərhal müxtəlif əməliyyatlar apararaq milyonlarla dollar qazanc əldə edir. 1997-ci il Şərqi Asiya iqtisadi böhranında, 1998-ci il Rusiya iqtisadi böhranında da Soros fondlarının əməyi var. Asiya bazarlarındakı möhtəkirliklərdə də Soros əsas iştirakçıdır. Malayziyanın keçmiş Baş naziri Mahathir Mohammad bildirib ki, 1997-ci il Şərqi Asiya bazarlarının çökməsinə görə "Quantum Fund” da məsuliyyət daşıyır. Onun fikrincə, böhrana qədərki 3 ildə Soros fondu Şərqi Asiya fond bazarına və daşınmaz əmlakına qısamüddətli spekulyativ investisiya qoyub. Sonra isə valyutanın ilkin deval vasiya ehtimalında dərhal sataraq bazarda spekulyasiya üçün şərait yaradıb.
Məhkəmələrə verilən Soros fondları
Məhz bu kimi amillər nəzərə alınaraq, dünyanın bir sıra ölkələrində Soros fondlarının fəaliyyəti dayandırılıb və ya məhkəməyə verilib. 2002-ci ildə Paris məhkəməsi C.Sorosu "Societe Generale” bankı haqqında məxfi məlumatları bilməsindən sui-istifadə edərək onun səhmlərinin alqı-satqısından böyük qazanc götürdüyü üçün 2,2 mln. avro məbləğində cərimələyib. 2009-cu ildə Macarıstanın ən böyük bankı "OTP Bank Nyrt”-ın səhmlərinin məqsədli şəkildə dəyərdən düşməsi haqqında spekulyasiya yaradaraq bundan faydalandığı üçün "Soros Fund Management” 2,2 mln. dollar cərimələnib.
Rusiyada da birjada Sorosun möhtəkirliyi ilə bağlı bir neçə il bundan öncə məsələ qalxıb. Rus kəşfiyyatı müəyyən edib ki, Soros İsveç və Danimarka derivativləri vasitəsilə Rusiya Fond bazarına hücum etmək niyyətindədir. Məhz bundan sonra Rusiyada qeyri hökumət təşkilatlarının xaricdən maliyyələşdirməsinin qadağan edilməsi ilə bağlı qərar qəbul olunub və Açıq Cəmiyyət İnstitutunun fəaliyyəti məhdudlaşdırılıb. Sözügedən səbəbdən, Belarusda, Özbəkistanda, Türkmənistada da Açıq Cəmiyyət İnstitutunun fəaliyyəti qadağan olunub.
KİV və QHT üzərindən ölkələrə hücum
Xatırladaq ki, C.Soros hər dəfə birjada hansısa valyutanın məzənnəsinə təsir etmək üçün əvvəlcə kütləvi informasiya vasitələri və analitik nəşrlər tərəfindən informasiya hücumu təşkil edir. Məhz bu səbəbdən də Soros fondları bir çox məşhur medya qurumlarını və nəşrlərini, beyin mərkəzlərini maliyyələşdirir. Sorosun hədəfə aldığı ölkəyə ilk hücumu informasiya məkanında olur və dünya ictimaiyyətində həmin ölkə haqqında mənfi obraz yaratmağa yönəlir.
Birbaşa Corc Sorosa məxsus olan “Huffungton Post” qəzeti, "Eurasianet” internet nəşri bu istiqamətdə fəaliyyət göstərmək üzrə daha çox diqqət çəkir. Açıq Cəmiyyət İnstututu fəaliyyət göstərdiyi ölkələrdə jurnalist birliklərini, alimləri, hüquqşünasları, radioları, insan haqları dərnəklərini də maliyyələşdirir və ya bu qurumlar üçün mükafatlar təsis edir. Soros qrantının aludəçilərinə çevrilən bu mükafatçılar isə yazının əvvəlində qeyd etdiyimiz 5-ci kolonun əsas bazasını təşkil edirlər.
Erməninin iş ortağı
Açıq Cəmiyyət İnstitutu bir sıra beynəlxalq QHT-lərin də əsas maliyyə dayağıdır. Amnesty International, Human Rights Watch, Free Press, Mercy Corps, Beynəlxalq Böhran Qrupu əsas benefisiarlardır. Açıq Cəmiyyət İnstitutu Human Rights Watch təşkilatının birbaşa donorudur. 2011-ci ildə təşkilatın 128 milyon dollarlıq qrant layihələrinin 100 milyonu Soros Fondu tərəfindən maliyyələşdirilib. Açıq Cəmiyyət İnstitutunun əsas tərəfdaşlarından biri də Karnegi Korporasiyasıdır. Bu iki təşkilat bir çox sahələrdə, xüsusilə xarici ölkələrdə demokratik islahat tələbləri sahəsində əməkdaşlıq edir. Onların əməkdaşlığının əyani təsdiqi Açıq Cəmiyyət İnstitutu və Karnegi Korporasiyasının Beynəlxalq Böhran Qrupunun iki ən mühüm donoru olmasında görünür. Karnegi Korporasiyasının Prezidenti isə İran ermənisi Vartan Qreqoryandır.
Freedom House təşkilatının 80 faiz xərclərini ABŞ rəsmi orqanları ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və ABŞ İnformasiya Agentliyi (USIA) maliyyələşdirir. Digər mühüm donorlardan biri də Soros Fondudur. Sərhədsiz Reportyorlar Təşkilatının maliyyələşməsində də Açıq Cəmiyyət İnstitutunun payı var. Ərəb oyanışı prosesində Misirdə, Tunisdə Freedom House, Sərhədsiz Reportyorlar və Açıq Cəmiyyət İnstitutu aparıcı rol oynayıb.
Onu da xatırlatmaq lazımdır ki, Avropadan İnternational Media Support, ABŞ-dan isə NED təşkilatının koordinatorluğu ilə Azərbaycana qarşı həyata keçirilən qaralama kampaniyasının əsas sponsorlarından biri də məhz Sorosdur.
180 dərəcə fərqli mövqe
Bütün bunlardan belə qənaətə gəlmək olar ki, C.Sorosun rəhbərlik etdiyi fondların, ona bağlılığı olan beynəlxalq təşkilatların Azərbaycana qarşı kampaniya aparmasında, ölkəmiz barədə dezinformasiyalar yaymasında başlıca məqsəd Qərbin neoimperialist məqsədlərinə xidmət etməkdir. Buna daha bir əyani sübut cari ilin yanvar ayında Davosda baş tutan Forum çərçivəsində C.Sorosun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməsi, bundan sonra yaşanan hadisələrdir. Belə ki, hələ görüşün başlamasına bir neçə saat qalmış məşhur filantropun təşkilatı görüşün yekunlarına dair iki fərqli press-reliz hazırlayıb. Birinci press-relizdə Azərbaycanın İlham Əliyevin rəhbərliyi altında iqtisadiyyat və sosial inkişaf sahəsində böyük uğurlar əldə etdiyi, ölkəmizin regionun liderinə çevrildiyi, yerli hökumətin isə demokratiyanın inkişafına yönəlmiş planlı addımlar atdığı qeyd olunub. İkinci press-relizdə isə Azərbaycandakı ictimai-siyasi vəziyyət, ölkə rəhbərliyinin idarəçiliyi barədə sərt tənqidi fikirlər öz əksini tapıb. Görüşdən dərhal sonra məhz ikinci tənqidi relzizin yayılması onu deməyə əsas verir ki, Sorosun xahişi nəzərə alınmayıb və o, istəyinə nail olmayıb.
Görünən odur ki, Amerika imperializminin ruhlandırıcısı, filantrop C.Sorosun bu xahişi Azərbaycanın milli və dövlət maraqlarına, xalqın mənafeyinə zidd olduğu üçün ona rədd cavabı verilib. Bu faktın özü də onu göstərir ki, C.Soros yalnız özünün və təmsil etdiyi ölkənin biznes maraqlarını güdür. Əgər o zaman onun xahişi qəbul olunsaydı, əminik ki, C.Soros ölkəmizi qaralamaq üçün ənənəvi çıxışlarına sahibsiz küçə itlərinin “öldürülməsini”, avtobus oturacaqlarının vəziyyətini, “mavi”lərin təzyiqlərə məruz qalmasını, birinci Avropa Oyunlarında şəhərimizə gələn qonaqlara veriləcək “Azerbaijani breakfast” məsələsini də daxil etməyəcəkdi. O, 180 dərəcə əks mövqe sərgiləyərək, ölkəmizin hərtərəfli inkişafı, regionun lider dövlətinə çevrilməsi, Qərbin ən etibarlı müttəfiqi olduğunu söyləyəcəkdi.
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO