Zahid Oruc: “Avropa Oyunları Qarabağ münaqişəsinə təsir edəcək hadisədir”
Bizi izləyin

Nida.az

Zahid Oruc: “Avropa Oyunları Qarabağ münaqişəsinə təsir edəcək hadisədir”

“Avropa Oyunları Dağlıq Qarabağ münaqişəsinə təsir edəcək hadisə olub”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc bildirib.

Onun sözlərinə görə, indi müharibə təkcə səngərdə getmir, həm də informasiya müharibəsi ilə aparılır: “Bu gün hər birimiz bunu qəbul edirik ki, informasiya vasitələri, diplomatiya məkanı, iqtisadiyyat və sairə də bir səngərdir. Ona görə də Azərbaycan insanının hər biri üçün Avropa Oyunlarının keçirilməsi və onun nəticələri qat-qat fərqli oldu. Yəni, hamımızın düşüncələrindən üstə dayandı. Ona görə də hesab edirəm ki, Avropa Oyunları qarşıya məqsəd qoyan və o hədəflərə doğru bütün təsir və təzyiqlərə baxmadan, irəliləyən bir liderin gücünü göstərdi. Prezident İlham Əliyevin bu qələbəsi təkcə şəxsi hadisə olmadı. Bu qələbə Azərbaycan xalqının hesabına yazıldı və hamımızı sevindirdi.

Digər tərəfdən isə Mehriban xanım Əliyeva bu oyunların keçirilməsi ilə bağlı təşkilatı məsələlərə rəhbərlik edirdi. Bununla da müsəlman dünyasının, Şərq qadının çevik və böyük ideyalara önəm verən, ən güclü məqamları seçən, ölkəsini və millətini uğurla təmsil edən birinci xanımının obrazı cəmiyyətə daha güclü formada təqdim olundu. Cənab Prezidentin bir cümləsi Mehriban xanımım zəhmətini ifadə edirdi. Yəni, o, bütövlükdə bu mübarizəyə öz canını qoydu”.

Z.Oruc deyib ki, Azərbaycan xalqı ölkə rəhbərinin uğur qazanacağına əvvəldən inanırdı: “Millətimiz uğura inandı. Yəni, indiki dövrdə daxildəki siyasi cəbhədə məmur-vətəndaş münasibətlərində yaşanan bəzi nöqsanlar, aqressiyalar və ittihamlar Avropa Oyunları ərəfəsində arxa plana keçdi. İnsanlar Prezidentə dəstək üçün vahid komanda kimi birləşdilər və hər kəs bu oyunlarda Azərbaycanı təmsil edən idmançılarımıza azarkeşlik etdi. Bununla bizə o da bəlli oldu ki, bəzən ideologiyalar deyil, real hadisələr insanları birləşdirir. Bu çox önəmli idi. Bu millətin Qarabağ müharibəsindən sonra özünə inamsızlığını aradan qaldırmağın ən yaxşı yolu da bu cür idman hadisələridir. Milli ruhu idman qədər birləşdirən ikinci məsələ yoxdur”.

Deputat qeyd edib ki, Avropa Oyunları Azərbaycan gəncliyinin də milli ruhu və həmrəylik gücünü nümayiş etdirdi: “Bu oyunlarda minlərlə könüllü gənc iştirak etdi. Azərbaycan bu oyunlar vasitəsilə özünün əsl yerinin bəzi hesabatlardakı kimi 150-ci deyil, əslində 1-ci, 2-ci yer olduğunu sübut etdi. Hesab edirəm ki, Azərbaycan Avropa Oyunlarında birinci oldu. Çünki medalların ümumi sayını ölkə idmançıları ilə qazandığı medallar nisbətinə böldükdə, Azərbaycanın medal sayına görə birinci olduğunu görərik. Yəni, Azərbaycan idmançılarını Rusiya idmançılarının sayı ilə müqayisə etsək, o zaman medalların sayına görə biz birinci yerdə olarıq. Burada digər əsas məqam odur ki, Azərbaycan heç bir irqi və millət ayrı-seçkiliyinə yol vermədyini nümayiş etdirdi. Çünki milli komanda üzvlərimiz arasında başqa millət və irqə aid olan idmançılar da Azərbaycan bayrağı altında meydanlara çıxırdılar”.

Z.Oruc bildirib ki, ötən 2 ildə “Bakı 2015” I Avropa Oyunları mövzusu Azərbaycanın ictimai-siyasi həyatına və proseslərinə güclü təsir göstərən ən mühüm faktorlardan biri olub: “Bu, Azərbaycanın beynəlxalq münasibətlər sistemində də müəyyən rol oynayıb. Təxmin etmək olardı ki, bu cür qitə miqyaslı mötəbər tədbir istənilən halda dünyanın informasiya vasitələrinə daha çox çıxacaq. Bununla da I Avropa Oyunlarının keçiriləcəyi ölkə özünün böyük təqdimat imkanını qazanacaq. Ancaq bununla bərabər, Avropa Oyunları ətrafında siyasi ajiotajın yaradılması ortalığa elə bir mənzərəni də çıxardı ki, Azərbaycan Qarabağ uğrunda aparılan savaşda yaşaya biləcəklərini bu prosesdə gördü. İndi bizə bir şey tam aydındır ki, əgər sabah Cəbrayılın bir kəndini azad edəcək əsgərlərimizə beynəlxalq reaksiya necə olacaq. Yəqin ki, yenə də ermənilərin “pozulan hüquqlarından” danışılacaq, hansısa “qəddarlıqdan” bəhs olunacaq, insan haqları məsələsi öndə tutulacaq və sairə. Bununla da beynəlxalq birlik yenə də Azərbaycanın öz ərazilərinin işğaldan azad olunmasına qarşı çıxacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm