• USD 1,7000 0,00% EUR 1,9008 0,00%
    • GBP 2,1523 0,00% RUB 0,0262 0,00%

Sağ qalmaq üçün MƏHVEDİCİ PLAN, 24 saat VAXT... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Sağ qalmaq üçün MƏHVEDİCİ PLAN, 24 saat VAXT... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Səməd Seyidov Vladimir Jirinovskinin bəyanatına cavab verib. Böyük Britaniya “soyuq müharibə” vaxtlarından bu yana ilk dəfə Qara dənizə hərbi missiya ilə döyüş gəmisini göndərə bilər. ABŞ prezidenti Donald Trampın administrasiyasında ilk istefa reallaşıb. Suriyada təhlükəsiz bölgənin yaradılması mövzusunda Türkiyə və Rusiya arasında fikir ayrılıqları var.

XİN Dağlıq Qarabağda planlaşdırılan "referendum"la bağlı bəyanat yaydı

Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın işğal edilmiş ərazilərində keçirilməsi planlaşdırılan "referendum"la bağlı bəyanat yayıb. Qeyd edək ki, fevralın 20-də Ermənistan Azərbaycanın müvəqqəti işğal altında olan ərazilərində yaradılmış qondarma qeyri-qanuni rejim “konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum” keçirməyi planlaşdırır.

Rusiyalı siyasi şərhçi Vadim Dubnovun sözlərinə görə, Dağlıq Qarabağda böyük müharibə olmasa da, “aprel döyüşləri”nin təkrarlanma reallığı var. Dubnov deyib ki, Bakı Aleksandr Lapşinin ekstradisiyasına nail olmaqla uğurlu siyasət yürütdü: “Azərbaycan bununla hamıya göstərir ki, Dağlıq Qarabağ onun ərazisidir”.

V.Dubnov qeyd edib ki, “aprel müharibəsi” Dağlıq Qarabağ münaqişəsinə ümumi yanaşmanı dəyişdi: “Bu baxımdan, yeni müharibə dalana dirənmiş danışıqları yenidən canlandıra bilər”.

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Rusiya Dövlət Dumasında Liberal Demokrat fraksiyasının sədri Vladimir Jirinovskinin Azərbaycanın ərazi bütövlüyü əleyhinə açıqlamalarına münasibət bildirib.

S. Seyidov bildirib ki, V. Jirinovskinin Azərbaycanın Bakı quberniyası formasında Rusiyanın tərkibində olması barədə bəyanatı yolverilməzdir: "Əslində İrəvan bu statusa daha çox uyğun gəlir. Çünki Ermənistan həmişə quberniya olub. Təklif edirəm ki, Ermənistan Azərbaycanın quberniyası olsun, çünki qondarma dövlətdir, Azərbaycan ərazisində yaradılıb".

S. Seyidov çıxışını rus dilində Rusiya vətəndaşlarına və Azərbaycandakı ruslara müraciətlə yekunlaşdırıb: “Mənim əziz dostlarım! Dahi rus şairi Puşkinin bir fikrini yada salmaq istəyirəm: “İmperiya böyük ruhlu bir hiss olsa da, rədd olsun imperiya və onun bəlaları!”

Böyük Britaniya “soyuq müharibə” vaxtlarından bu yana ilk dəfə Qara dənizə hərbi missiya ilə döyüş gəmisini göndərə bilər. Bu haqda “The National Interest” analitik nəşrində jurnalist Maykl Pek yazıb.

“Bu, Rusiyaya dəqiq siqnal olacaq ki, Ukraynaya müdaxilədən imtina etsin”, - müəllif qeyd edib.

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flinn istefa verib. Onun istefasına səbəb ötən ilin dekabrında Moskvanın Vaşinqtondakı səfiri Sergey Kislyakla Rusiyaya qarşı sanksiyalara dair apardığı müzakirə barədə Donald Trampı düzgün məlumatlandırmaması göstərilib.

Artıq bu vəzifəni müvəqqəti icra edəcək şəxsin adı da məlum olub. Ağ Evdəki mənbələr bu vəzifəyə istefada olan general Kit Kelloqqun təyin edildiyini bildiriblər. Kit Kelloqq daha əvvəl Milli Təhlükəsizlik Şurasında idarə başçısı postunu tuturdu.

2016-cı il iyulun 15-də edilən hərbi çevriliş cəhdindən sonra həbs olunmaqdan qorxaraq Türkiyəyə qayıtmaqdan imtina edən bir qrup türk zabiti ailələri ilə birlikdə Hollandiyadan siyasi sığınacaq istəyib. Hollandiya Miqrant və Vətəndaşlıq Dairəsi (IND) zabitlərin müraciətini araşdırmaq üçün onların 18 ay ərzində ölkədə qalmasına icazə verib.

Hərbi çevrilişə cəhd gecəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı təşkil olunan sui-qəsdlə bağlı sənədlər ABŞ Prezidenti Donald Trampa göndəriləcək. Tramp Ərdoğanın göndərdiyi sənədləri analiz edərək, iyulun 15-də baş vermiş hərbi çevrilişə və sui-qəsdə cəhd olaylarını təfərrüatı ilə öyrənəcək.

“Reina” gecə klubuna hücumun təşkilatçılarından biri olduğu müəyyən edilən türk əslli Fransa vətəndaşı Ə.S. İstanbulda tutulub. Şübhəlinin üzərindən “Reina”ya hücum edən terrorçu Abdulqadir Maşaripovun qaldığı evin kirayə müqaviləsi çıxıb. Onun 2009-cu ildən Fransada yerləşdiyi bildirilir.

Qeyd edək ki, Yeni il gecəsində “Reina” edilən hücum nəticəsində 39 nəfər ölüb, 65-i yaralanıb.

Suriya hökuməti Hələb uğrunda döyüşün son aylarında kimyəvi silahdan istifadə edib. Bu haqda “Human Rights Watch” hüquq müdafiə təşkilatının hesabatında deyilir.

Xüsusi halda, 2016-cı il 17 noyabr-13 dekabr tarixlərində hüquq müdafiəçiləri kimyəvi silahdan istifadə üzrə ən azı səkkiz hadisəni qeyd ediblər.

Suriyada təhlükəsiz bölgənin yaradılması mövzusunda Türkiyə və Rusiya arasında fikir ayrılıqları var. Bu haqda Qətərin məşhur "Əl-Cəzirə" nəşri yazıb.

“Əl-Cəzirə”nin əməkdaşı Ece Göksedefin xəbərinə görə, ABŞ-ın hələ dəqiq bir planı yoxdur. Türkiyə “Fərat Qalxanı” əməliyyatında İŞİD-dən təmizlənən ərazidə təhlükəsiz bölgənin yaradılmasını təklif edir. Rusiyanın təklifi PYD-nin (PKK terror təşkilatının Suriya qanadı hesab edilir) təktərəfli elan etdiyi kantonların da təhlükəsiz bölgəyə daxil edilməsini nəzərdə tutur. Rusiya bununla da “kürd kartı”nı ABŞ-a vermək istəmir.

Rusiya Baş nazirinin müavini Dmitri Roqozin İran səfərindən imtina edib. Bu barədə informasiyanı “Kommersant” qəzeti yayıb. Roqozinin belə addım atmasına İran tərəfinin onun səfəri haqda informasiya sızdırması səbəb olub. Moskva bu səfəri həssas mövzuların müzakirə edilməsi ucbatından məxfi saxlayıb.

Roqozin həmçinin Tehrana Moskvanın narazılığını bildirmək üçün getməliydi. Belə ki, son günlər İranın Qərb ölkələrindən sərnişin təyyarələri alması Moskvanın xüsusilə etiraz edəcəyi mövzu idi.

Roqozinlə bərabər, Tehrana daha bir neçə yüksək vəzifəli məmurun uçuşu gözlənilirdi. Bunlar sırasında Baş nazirin birinci müavini İqor Şuvalov və Energetika naziri Aleksandr Novak da var idi.

Qeyd edək ki, Roqozinin İrana səfəri haqda informasiyanı İranın Rusiyadakı səfiri Mehdi Sənai yayıb. O, bu məlumatı İran mətbuat orqanlarına müsahibəsində söyləyib.

Yaponiya hökuməti hər iki ölkənin iddia etdiyi Kuril adalarının 5-nə adların verilməsi ilə bağlı Rusiyaya rəsmən etiraz bildirib. “Ölkəmizin maraqlarına cavab verməyən bu addım çox təəssüf doğurur. Biz diplomatik kanallar vasitəsilə Rusiyaya etirazımızı bildirmişik”, - deyə Yaponiya nazirlər kabinetinin baş katibi Yoşihide Suqa bildirib.

Bundan əvvəl Rusiyanın baş naziri Dmitri Medvedev Kuril adalarının indiyədək adları olmayan 5-nə adların verilməsi barədə sərəncam imzalayıb. Qeyd edək ki, adalar İkinci Dünya Müharibəsinin sonunda Sovet İttifaqına keçib.

Kreml sözçüsü Dmitri Peskov cavab olaraq deyib ki, Kuril adaları Rusiyanın torpağıdır və bura ad vermək Moskvanın suveren haqqıdır.

NATO-nun hərbi komitəsində Rusiya ərazisinin Ukrayna gücləri tərəfindən raket atəşinə tutulması planını hazırlayırlar. Bu iddianı “Rossiya-1” telekanalının efirində Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin üzvü İqor Morozov səsləndirib.

İraqda “Haşdi Şabi” şiə təşkilatının nəzarətində olan xristian ərəblər Mosuldakı sünni ərəblərə 24 saat vaxt verib. Bu vaxt ərzində ərazini tərk etməsələr onların öldürüləcəyi bildirilib.

Qeyd edək ki, İraq ilə Suriyada bir sıra qətliamlar törədən və İranın dəstəklədiyi “Haşdi Şabi” bəzi KİV-lər tərəfindən “İranın İŞİD-i” adlandırılır. “Haşdi Şabi”nin 16 ölkədən aldığı 100-dən çox fərqli silah növündən istifadə etdiyi Beynəlxalq Əfv Təşkilatının (Amnesty International) hesabatlarında yer alıb. Xüsusilə İraqdakı qətliamlarla ad çıxaran “Haşdi Şabi” daha sonra Suriya lideri Bəşər Əsədin dəvəti ilə Hələbin müxalifət qüvvələrindən təmizlənməsində rol alıb.

Ukraynanın Donetsk şəhərindəki kimya zavodu artilleriya atəşi ilə partladılıb. “Donetsk Xalq Respublikası” separatçı qurumun “Müdafiə Nazirliyi”nin nümayəndəsi bildirib ki, atəş Nevelski yaşayış məntəqəsindən açılıb. İlkin məlumatlara görə, partlayış nəticəsində bir nəfər həlak olub.

Kimya zavodu hazırda döyüş sursatları və partlayıcı maddələrin istehsalı üzrə ixtisaslaşıb. Ərazidə gedən döyüş əməliyyatlarının gedişatında zavod dəfələrlə atəşə məruz qalıb.

Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) lideri Kim Çen Inın qardaşı Malayziyada öldürülüb. “Yonhap” agentliyinin məlumatına görə, o, Kuala-Lumpur aeroportunda öldürülüb. Mənbə qeyd edib ki, iki naməlum qadın ona zəhərlənmiş iynə batırıb. Qadınlar cinayət yerindən qaçıb gizləniblər. Onların Şimali Koreyanın xüsusi xidmət orqanlarına işlədiyi təxmin edilir.

Malayziya polisi öldürülən şəxsin Kim Çen Nam olduğunu təsdiqləyib.

Ömər Dağlı

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR