"Ermənistandakı hadisələr müharibə ilə nəticələnəcək" - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

"Ermənistandakı hadisələr müharibə ilə nəticələnəcək" - ŞƏRH

“Düşünürəm ki, bu gün Ermənistanda baş verən siyasi proseslər 2008-ci ilin mart ayında baş verən hadisələrin təkrarıdır”.

Bu sözləri Ermənistandakı mövcud vəziyyəti Publika.az-a şərh edən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. O bildirib ki, 2008-ci ilin mart hadisələrini bilən kəslər üçün hazırki mənzərə olduqca aydındır:

“Yadınıza salın, elə o zaman da barikadanın bir tərəfində Serj Sarkisyan, digər tərəfində də Ermənistan Milli Məclisinin deputatı Nikol Paşinyan idi. Təbii ki, 2008-ci ildə Nikol Paşinyan bu günki qədər vacib fiqur deyildi, amma obrazlı şəkildə proses eynilə təkrarlanır. O dövrdə gerçəkləşdirilən mitinqlərin əksəriyyətinin təşkilatçısı da məhz Paşinyan olub. Ümumilikdə indi də, o vaxt da siyasi müstəvidə aktiv fəaliyyətləri olub. Daha sonra Sarkisyanın Qarabağdan ordu gətirməsi, mitinqlərin darmadağın edilməsi və nəticədə Paşinyanın həbsi prosesləri sakitləşdirdi. Amma Qərbin dəstəyi ilə Paşinyan yenidən Ermənistan parlamentinə deputat seçildi. Bunu vurğulamaqda məqsədim odur ki, bu gün Sarkisyan tamamilə Qərbin əmrində olan bir siyasətçidir. Belə götürəndə elə 2008-ci ildə də o, Qərbdən uzaq deyildi, çünki Levon Ter-Petrosyanın dəstəsində idi. Bu gün Ermənistanda baş verən mitinqlər, mərhələli şəkildə davam edən proseslər mənə həmin hadisələri xatırladır. Belə başa düşürəm ki, Paşinyanın ortaya düşüb, mitinqləri idarə etməsi heç də təsadüfi deyil. Ermənistanda hazırda Qərbin ssenarisi gerçəkləşdirilir. Məqsəd isə Ermənistanın nəinki parlament, idarəçilik forması, eləcə də Ermənistanın bütünlükdə siyasi arientasiyasını dəyişməkdir. Hamısı bu günə qədər Rusiyapərəst hesab olunan Ermənistanı Qərbə tərəf çəkmək cəhdlərindən ibarətdir. Ona görə də, Sarkisyanın baş nazir postuna namizədliyi irəli sürülən kimi, Paşinyan ölkədə ard-arda mitinqlər elan edərək “Serj, geri çəkil, namizədliyini geri götür” şüarını səsləndirdi. Etirazçılar isə birmənalı şəkildə Sarkisyanın baş nazir postuna yiyələnməsinə icazə verməyəcəklərini bəyan edirlər”.

Politoloq onu da əlavə etdi ki, proseslərin kuliminasiyası 3 istiqamətdə cərəyan edir və Sarkisyanın parlamentdəki çıxışından sonra da proseslərin gedişatı dəyişməyə başladı:

“Rusiya Sarkisyandan nə istəyir? Bu sualın bir cavabı var: Sarkisyan deməlidir ki, Rusiya Ermənistanın müstəsna müttəfiqidir. Ermənistan açıq şəkildə bəyan etməlidir ki, onun Rusiyadan başqa heç bir müttəfiqi yoxdur. Qalan bütün Avropa dövlətləri ilə əməkdaşlıqları isə sadəcə ikinci və üçüncü dərəcəlidir. Amma Sarkisyan çıxışında bunu vurğulamadı. Cəm şəklində inteqrasiya bloklarının adını çəkərək ümumi fikirlər səsləndirdi. Qısa olaraq Sarkisyanın çıxışı zamanı Avrasiya İqtisadi Birliyinin üzərində xüsusi olaraq dayanmaması, Paşinyanın dəstəsini nisbətən sakitləşdirdi. Onlar dağıntılara getmədilər. Artıq razılaşdırılmış siyasi şüarlar, səhnələr, mitinqlər keçirildi və səhərisi gün “Məxməri inqilabı” elan edildi. İnqilabın əsas məqsədi isə Sarkisyanı Qərbə doğru addım atmağa vadar etməkdir. İnqilabın əsas şüarı belə idi: “Sarkisyan Rusiya tərəfinə addım atarsa, bu mitinqlər daha da genişlənərək bütün Ermənistanı bürüyəcək. Yox, rusiyapərəstlikdən imtina edib Qərbə doğru yaxınlaşarsa, ölkədəki etiraz dalğası nisbətən səngiyəcək”. Bu məsələnin birinci tərəfidir. İkinci məsələ ondan ibarətdir ki, son dövrlərdə Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTM) bir qərarı var. Qərara görə, KTM üzvü olan ölkələrin daxilində qeyri-sabitlik yaranarsa, KTM tərəfindən o dövlətə sülhməramlı qüvvələr (qoşun) yeridilə bilər. Üçüncü və daha vacib məqam isə ondan ibarətdir ki, Rusiya ilə Qərb arasında belə demək mümkünsə, çox ciddi və soyuq müharibə gedir. Eyni zamanda Rusiya tərəfi Ermənistanda başlayan “Məxməri inqilab”ın uzun müddət davam etməsinə göz yummayacaq. İki variantı var - ya Sarkisyandan tələb edəcək ki, ölkə daxilindəki mitinqləri, etirazları dağıtsın, ya da KTM adından Ermənistana qoşun yeridəcək. Düşünürəm ki, proseslər müharibə ilə nəticələnəcək. Artıq hadisələrdən qan qoxusu gəlir. Məsələnin sonu 2008-ci ilin mart hadisələri kimi qanla bitəcək”.

Son olaraq, Sarkisyanın 10 il prezident olduğuna diqqət çəkən politoloq bildirdi ki, hadisələr Ermənistanın taleyinə heç də müsbət təsir etməyəcək:

“10 ildir Sarkisyan Ermənistana rəhbərlik edir, amma ölkənin xarici borcu ilbəil artaraq 300 milyon dollardan 7 milyard dollara çatıb. Ölkədə əhalinin sayı azalıb. Miqrasiyanın sayı ilbəil artır. 10 il ərzində Ermənistan vətəndaşlığından imtina edərək Rusiya vətəndaşlığını qəbul edənlərin sayında artım qeydə alınıb. Normalda miqrasiya problemini 1-2 ilə aradan qaldırmaq mümkündür, lakin proses demoqrafik hal aldığı üçün bunun həll olunmasına 15-20 il vaxt lazım olacaq. Sarkisyanın hakimiyyəti illərində diasporla Ermənistan hakimiyyəti arasında münasibətlər o qədər pisləşdi ki, demək olar ki, dərin bir uçurum yarandı. Erməni kilsəsi kifayət qədər kriminallaşıb. Yekun olaraq onu demək istəyirəm ki, 10 ildə Sarkisyan hakimiyyətdə olduğu müddətcə Ermənistan nə qazanıbsa, eləcə də davam edəcək. Problemlər daha da dərinləşəcək, diaspora bütünlükdə ölkədən üz çevirəcək, xarici borclar artacaq. Bu gün baş verən proseslər 10 ildə qeydə alınan neqativ hadisələrin sürətlənməsinə və daha kəskin hal almasını xidmət edəcək”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm