Nida Təhlil
Ruslar Sarkisyanı niyə qurban verdi: istefanın sirri - TƏHLİL
Sarkisyan 11 günlük etirazdan sonra istefa verdi, həm də
“Paşinyan haqlı idi, mən səhv etdim” deməklə. Hərçənd, bir gün öncə
Paşinyanla görüşdə o, “sən qanuni hakimiyyəti hədələyirsən”
deyərək, salonu tərk etmişdi. Ardınca Paşinyanın həbs olunması
Sarkisyanın geri çəkilməyəcəyini göstərirdi. Nə dəyişdi, doğrudanmı
hər şeyi Paşinyan və tərəfdarları həll etdi? Əlbəttə, hadisələrin
fitilini yandıran və nəticəni istefaya qədər gətirib çıxaran kütlə
oldu. Lakin bu nəticəni rusların müəyyənləşdirdiyi də
ortadadır.
Publika.az bildirir ki, əslində hər şey bu gün bir
neçə hərbi hissənin hərbiçilərinin küçələrə çıxaraq, kütləyə dəstək
verməsi ilə başladı. Hərbiçilərlə yanaşı, Ermənistan siyasətinə
ciddi təsir imkanı olan din xadimlərinin də küçə yürüşünə qoşulması
vəziyyəti Sarkisyanın əleyhinə dəyişdi.
Məhz hərbiçilərin küçələrə çıxarılması Moskvanın nəzarətdən çıxan
vəziyyəti öz xeyrinə dəyişmək gedişi idi.
Çünki: “Məxməri inqilab”ın başlanmasından sonra Paşinyana
əsas dəstəyi erməni diasporu verdi və bu, əslində Qərbin dəstəyi
hesab oluna bilərdi; Rusiya-Qərb qarşıdurması fonunda görünən bu
idi ki, Moskvaya qarşı Cənubi Qafqazdan yeni cəbhə açılır və
Gürcüstandan sonra Ermənistanı da itirmək Kreml üçün şikəst olmaq
anlamına gələrdi;
Kütlənin dağılmaması, əksinə getdikcə daha da böyüməsi Moskvanı güc
tətbiqinə doğru sürükləyirdi. Sarkisyanın indiyə qədər güc tətbiq
etməməsi də rusların razılığını ala bilməməsindən qaynaqlanırdı.
Çünki o, güc tətbiq edəcəyi təqdirdə Kremlin onu dəstəkləyəcəyindən
əmin deyildi. Güc tətbiqi isə Ermənistanda vəziyyəti daha da
kəskinləşdirə və rusların maraqlarına qarşı proseslərlə nəticələnə
bilərdi. Məhz bu vaxt Kremlin nəzarəti ələ almaq gedişi dövriyyəyə
girdi.
1. Hərbiçilər küçələrə çıxarıldı. (Ermənistan ordusunda rusların
təsirinin güclü olduğu unudulmamalıdır). Bununla Sarkisyan fakt
qarşısında qaldı. Çünki hərbiçilərin olduğu aksiyaya müdaxilə etmək
hadisələrin silahlı qarşıdurmaya qədər getməsi ilə nəticələnə
bilərdi.
2. Moskvanın İrəvan hakimiyyətinə yerləşdirdiyi Karen Karapetyan
oyuna girdi. Belə görünür ki, Ermənistan prezidentinin
iqamətgahında baş nazir Serj Sarkisyan, prezident Armen Sarkisyan,
baş nazirin müavini Karen Karapetyan və parlament sədri Ara
Babloyanın iştirakı ilə keçirilən fövqəladə müşavirədə Kremlin
tələbləri Sarkisyana çatdırılıb və onun istefası qərarı verilib.
Karapetyanın müşavirədən sonra Paşinyanla görüşə getməsi də
prosesləri onu nəzarətə aldığı demək idi. Rusiya Sarkisyanı
göndərib, uzun müddətdir hazırladığı Karapetyanı dövriyyəyə
saldı.
Və hər şey Karapetyanla Paşinyanın təcridxanada keçirdiyi görüşdə
həll olundu. Paşinyan detalları açıqlamasa da, “iki saatlıq fasilə”
elan etməsi onun istefa qərarını gözləməsindən qaynaqlanırdı. Hesab
etmək olar ki, həmin görüşdə Paşinyanın tələbləri qəbul edilib.
Hələ ki rusların Karapetyanı dövriyyəyə salaraq, prosesi qansız
yola verdiyi və Ermənistan üzərindəki nəzarəti əldən buraxmadığı
görünür.
Bundan sonra proseslərin mümkün inkişafı da belə görünür:
- Karapetyan baş nazir olur;
- Paşinyanın fraksiyası hökumətdə təmsil olunur;
- Əhalinin istəyinə uyğun sosial-iqtisadi islahatlar həyata
keçirilir;
Lakin bunlar ehtimallardır və əsas məsələ Paşinyanın Sarkisyan
qarşısında irəli sürdüyü 4 şərtin – istefa, xalqın namizədi
baş nazir seçilir, müvəqqəti hökumət yaradılır, növbədənkənar
parlament seçkiləri keçirilir hamısının yerinə
yetirilib-yetirilməyəcəyindən asılıdır. Bu şərtin biri – istefa
qəbul edilib.
Mümkündür ki, təcridxanadakı görüşdə digər şərtlər üzərində də
razılıq əldə edilib və proseslər ona doğru gedəcək. Amma bu az
inandırıcı görünür.
Hesab etmək olar ki, Rusiya kütlənin qəzəbinin yatması və evlərinə
dağılması üçün Sarkisyanı qurban verdi. Lakin “xalqın namizədi baş
nazir seçilir” şərtinə əməl edilsə, bu, Paşinyanın, yəni Qərbin
adamının ölkəyə rəhbərlik etməsi və rusların namizədinin -
Karapetyanın oyundan kənarda qalması deməkdir. İnandırıcı deyil ki,
ruslar bununla razılaşır, heç o da inandırıcı deyil ki, Karapetyan
hakimiyyəti Paşinyana vermək üçün onunla görüşə getmişdi. Bu
baxımdan, Sarkisyanın qurban verilməsinin arxasında Rusiyanın
Ermənistanda sükanı əldən verməməsinə hesablanıb.
Məsələnin digər tərəfi bu prosesdən Qərbin hansı qazanc əldə
etməsidir. Etiraz aksiyasını Qərbin başlamadığına inansaq belə,
(hərçənd, Paşinyanın prosesi dəqiqliklə idarə etməsi planın
əvvəldən hazırlandığını aydın göstəririrdi) gedişatda dəstək
verdiyi aşkar idi və ruslara qarşı geosiyasi oyunda Ermənistandan
nəsə qopartmadan əl çəkəcəyi də inandırıcı deyil. Amma nə?
Karapetyanın Sarkisyanı əvəzləməsi faktiki olaraq, Rusiyanın
nəzarəti əldən vermədiyi, hətta bir az da gücləndiyi deməkdir. Bəs
Qərbə nə çatacaq? Bu sualın cavabı proseslərin inkişafında ortaya
çıxacaq.
İlkin ehtimal Paşinyanın timsalında güclü alternativ yaratmaqdır.
Hətta onun hökumətdə təmsil olunması da istisna deyil. Ən yaxşı
halda isə Saakaşvilidən sonra Gürcüstanda həyata keçirilən variant
– prezident Qərbin, Baş nazir Rusiyanın – həyata keçirilə bilər.
Lakin dövr nə o dövrdür, nə də Rusiya-Qərb münasibətləri hansısa
razılaşmanın əldə oluna biləcəyini göstərir.
Asif Nərimanlı
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ