Bəşəriyyətin xilası üçün Azərbaycan nümunəsi
Bizi izləyin

Nida Təhlil

Bəşəriyyətin xilası üçün Azərbaycan nümunəsi

İnsanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə də hörmət etməli, o dinlərin bəzən kiməsə xoş gəlməyən adət-ənənələrinə dözümlü olmalıdırlar”.

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin bu sözləri ölkəmizdə dünyaya nümunə olan tolerantlıq mühitini özündə əks etdirir.

Üç il öncə, 2015-ci ilin 9 yanvarında Bakıda baş verən bir hadisə bütün dünya üçün nümunə oldu. Həmin gün iki gənc axşamdan yağan qarın örtdüyü kilsənin yolunu təmizləyir və ibadətə gələn insanların rahat hərəkəti üçün yol açırdı. Onlar xristian deyildi, sadəcə Allah yaratdığı bütün canlıları sevən müsəlmanlar idi.

Prezident İlham Əliyevin dediyi kimi, “İslam dini dostluq dinidir”.

Bu örnək həmin tarixdən iki gün öncə Fransada baş verən terrordan sonra müsəlmanlara qarşı başlayan hücuma ən gözəl cavab idi. Dünyanın mədəniyyət paytaxtı hesab olunan Parisdə müsəlmanlar təqib olunur, məscidlər yandırılır, İslamın peyğəmbəri təhqir edilirdi.

Parisdən çox uzaqlarda isə insanlar kilsəyə gedən yolu qardan təmizləyirdi.

Bura nə İslam fundamentalizminin hökm sürdüyü Yaxı Şərqdir, nə də liberal dəyərlərin hakim olduğu Avropa. Bura Bakıdır. Dünyaya bu qədər sadə və gözəl humanizm örnək yalnız Azərbaycan göstərilə bilərdi. Çünki bu ölkə əsrlər boyu hər kəsin dini inancına, etnik tərkibinə hörmətlə, sevgi ilə yanaşıb. Bu ölkədə birinci şəxsdən tutmuş, sadə vətəndaşa qədər hər kəs qarşılıqlı hörmət, etibarla yaşayır.

Azərbaycanlı gənclərin aksiyasını şərh edən İsrail eksperti Arye Qut bizimlə söhbətində belə deyir: “Avropada İslam və xristian fundamentalistləri tərəfindən radikalizmi müşahidə edirik. Azərbaycanda isə gənclər xristian və yəhudilərə əsl tolerantlıq göstərirlər. Çünki Azərbaycan müxtəlif din və xalqların vətənidir. Bu ölkədə multikulturalizm və tolerantlıq həyat tərzidir. Buna səbəb Azərbaycan rəhbərliyinin apardığı siyasətdir. Azərbaycan modeli bu gün dünyada multikultarizm siyasətinin təbliği siyasəti üçün əsas nümunədir”.

Qafqaz dağlarının qoynunda yerləşən bu torpaqlarda min illərdir müxtəlif millətlər, dinlər bərabər və sülh şəraitində birgə yaşayır. Əhalinin 96 faizi müsəlmandır. Lakin xristianlıq və iudaizm üçün Azərbaycanda həmişə yaxşı şərait var. Xristianların əksəriyyəti rus pravoslav və gürcü pravoslav kilsəsinə məxsusdur. Yəhudilərin çoxu dağ yəhudiləri və əşkinazi yəhudiləridir.

Müstəqillik dövründə Azərbaycanda 2 minə yaxın məscid tikilib. Son 10 il ərzində 80 məscid əsaslı təmir edilib. Ölkədə rəsmi şəkildə 525 islam, 34 qeyri-islam təmayüllü dini icma, eyni zamanda, 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir. Avropanın ən iri sinaqoqlarından biri 2003-cü ilin mart ayında məhz Bakı şəhərində açılıb. Hətta Bakının ən mərkəzi küçələrinin birində erməni kilsəsi fəaliyyət göstərir. Halbuki, Azərbaycanın 20 faiz torpağını işğal edən Ermənistan həmin ərazilərdəki nəinki məscidləri, insanların qəbirlərini belə dağıdıb. Atalarının, analarının qəbirləri dağıdılan, evlərindən, doğma yurdlarından didərgin düşən insanlar həmin erməni kilsəsini yerlə-yeksan edə bilər. Lakin Azərbaycan xalqı üçün həmişə əsas olan bir məsələ var: tolerantlıq; başqasına aid inanclara hörmət, bəşəri dəyərlərə qiymət. Bu ölkənin əsrlər boyu ayaq üstə qalmasında ən mühüm rol oynayan amillərdən biri də məhz budur.

Arye Qut Azərbaycan torpaqlarını işğal edən Ermənistandakı vəziyyətə nəzər salır: “Sovet İttifaqının dağılmasından sonra Ermənistanda yəhudi xalqının nümayəndələri kəskin şəkildə azaldı. Ermənistanda antisemitizm güclənməsi və indiyə qədər davam edən iqtisadi çöküş yəhudiləri bu ölkədən qaçmağa məcbur etdi. Son 20 ildə Ermənistanda yəhudilərin sayı 5000-dən yüzə qədər azalıb”.

Onun sözlərinə görə, Cənubi Qafqazda və bütün dünyada bu qədər tolerant ölkə yalnız Azərbaycandır.

A. Qut Azərbaycandakı tolerantlığa nümunə kimi azərbaycanlılarla yəhudilərin yüz illər boyu birgəyaşayışını göstərir. Onun sözlərinə görə, son dövrlər iki xalq arasında bağlılıq daha da artıb: “Buna səbəbsə ölkənin birinci şəxsi İlham Əliyevin siyasətidir. Dövlət başçısı və onun xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə iki sinaqoq və Cənubi Qafqazda ən iri yəhudi təhsil mərkəzi inşa edilib”.

İsrailli ekspert Azərbaycanın dünyada tolerantlığın sığındığı yeganə məkan kimi xarakterizə edib.

“Bu ölkə əsl sülh göyərçinidir”, - deyə o qeyd edib.

Hazırda dünyada baş verənlərə nəzər saldıqda, Azərbaycanı heç kəsin dini etiqadına, milli kimliyinə görə təqiblərə məruz qalmayan yeganə ölkə adlandırmaq olar.

Prezident İlham Əliyev bu barədə deyir: “XXI əsrdə multikulturalizmin alternativləri demək olar ki, yoxdur. Bunun alternativi ayrı-seçkilikdir, ksenofobiyadır, rasizmdir, faşizmdir. Mən hesab edirəm ki, XXI əsrdə mütərəqqi bəşəriyyət bu xoşagəlməz meyllərin qarşısının alınması üçün daha da fəal olmalıdır...Biz bu məsələdə dünyaya müsbət təcrübə göstərməliyik. Çünki Azərbaycanda bu sahədə qazanılan təcrübə müsbət təcrübədir”.

Azərbaycanda tolerantlıq Konstitusiya ilə qorunur. Əsas Qanunun 48-ci maddəsinə əsasən, hər kəsin vicdan azadlığı, dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.

Əsas qanundan çıxış edən Azərbaycan rəhbərliyi bu hüquq dövlət səviyyəsində təmin edir. Nəticə etibarilə bu gün Azərbaycanda müsəlmanlarla yanaşı, pravoslav, Roma-katolik konfessiyaları, protestantlığın müxtəlif cərəyanları olan Yevangel-lüteranlar, Yevangel xristian baptistləri, 7-ci gün adventistləri, Molokan xristianları, Alban-udi xristian dini icması, Avropa yəhudiləri - əşkinazilər, dağ yəhudiləri olan sefartlar, gürcü yəhudiləri, ənənəvi olmayan din qruplardan krişnaçılar, bəhailər və s. dinlərin mənsubları tolerantlıq, əmin-amanlıq içində yaşayır və öz dini etiqadlarını rahat şəkildə yerinə yetirirlər. Ölkədə onlarla qeyri-islam təmayüllü məbədlər fəaliyyət göstərir. Qubada yəhudilərə məxsus olan “Qırmızı” qəsəbə isə tolerantlığın əsl nümunəsidir. Bu qəsəbə təkcə postsovet məkanında deyil, bütün dünyada dağ yəhudilərinin kompakt yaşadıqları yeganə yerdir.

Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili Azərbaycanda yaşamağın olduqca rahat olduğunu bildirir. Onun sözlərinə görə, Azərbaycanda yaşayan dinlər və xalqları birləşdirən əsas dəyər Azərbaycançılıq fəlsəfəsi olub: “Burada dinlərarası dialoqda heç bir problem yaşanmır. Hər kəs öz adət-ənənələrini, dini inanclarını heç bir təzyiq olmadan müstəqil şəkildə yerinə yetirir. Bu məqam Avropanın diqqətini çəkir. Avropalılar Azərbaycanda olan bu unikal modelin təcrübəsini öyrənməkdə maraqlıdır”.

Təsadüfi deyil ki, Bakı 2009-cu ildə İslam Mədəniyyəti paytaxtı elan edildi. 2016-cı il Azərbaycanda “Multikulturalizm İli” oldu. İSESKO tərəfindən 2018-ci il üçün “Naxçıvan İslam mədəniyyətinin paytaxtı” elan edilib. Gəncə və Şəki də “İslam mədəniyyətinin paytaxtları” layihəsində iştirak edəcək. Bütün bunlar dünyanın ölkəmizə tolerantlığın yüksək səviyyədə inkişaf etdiyi məkan kimi etimad göstərməsinin nəticəsidir.

Milli Tolerantlıq Mərkəzinin rəhbəri Elmin Əliyev tolerantlığın inkişafında Azərbaycan modelinin xüsusi yerinin olduğunu hesab edir. Onun sözlərinə görə, müsəlmanlar, xristianlar, yəhudilər üçün Azərbaycan həmişə ən ideal məkan olub: “Azərbaycanda hər kəs öz dini inancını, sosial fəaliyyətini rahat şəkildə yerinə yetirə bilir”.

E. Əliyev dünya ölkələrinin bu təcrübəni öyrənməsinin vacibliyini qeyd edib.

“Dünyanın indiki qarışıq vəziyyətində tolerantlıq və multikulturalizm ən yaxşı çıxış yolu ola bilər. Fikrimcə, Azərbaycan bu işdə dünyaya kömək edə bilər” , - deyə o bildirib.

Asif Nərimanlı

Yazı Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun “Media və mənəvi dəyərlər” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur

Oxumağa davam et
Reklam
Reklam

Gündəm