Tarixi ZİRVƏ, dünyanı ayağa qaldıran ÖLÜM və 500 milyardlıq MÜHARİBƏ
Bizi izləyin

Nida Təhlil

Tarixi ZİRVƏ, dünyanı ayağa qaldıran ÖLÜM və 500 milyardlıq MÜHARİBƏ

Müharibələr, münaqişələr, siyasi böhranlar, terror hücumları və təbii fəlakətlər 2018-ci ilin gündəmini də məşğul etdi. 2018-ci il Suriya vətəndaş müharibəsində bir qədər sakitlik olsa da, ümumilikdə dünyada vəziyyət daha da gərginləşdi.

Publika.az 2018-ci ildə dünyanın gündəmində olan əsas hadisələri təqdim edir.

“Zeytun budaqı” hərəkatı: 2018-ci il terrorla mübarizədə Türkiyə ordusu üçün uğurlu il oldu. Həm ölkə daxilində, həm də xaricdə - İraq və Suriyada terrorçulara ağır zərbələr vuruldu. “Zeytun budağı” hərəkatı çərçivəsində Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu fevral-mart aylarında Suriyanın Afrin şəhərinin ətrafındakı çoxlu sayda kəndi terrorçulardan təmizlədi, martın 18-də Afrin şəhəri müqavimətsiz ələ keçirildi.

Suriyada kimyəvi hücum: mart ayında Suriyada Bəşər Əsəd rejiminin mühasirəsində olan Şərqi Guta bölgəsində kimyəvi silahla hücum həyata keçirildi. Nəticədə 78 mülki vətəndaş həyatını itirdi. Beynəlxalq birlik hücumun arxasında Suriya rejiminin olduğu qənaətinə gəldi. ABŞ, İngiltərə və Fransa Bəşər Əsədi cəzalandırmaq məqsədiylə Suriyanın hökumət qüvvələrinə aviazərbələr endirdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 12-də Suriyanın şimalında anti-terror əməliyyatı keçirəcəyi barədə anons verdi. Dekabrın 19-da isə Donald Tramp Suriyadan çəkiləcəyini açıqladı.

İranda aksiyalar: İranda yanvar ayında yüksək qiymətlər, işsizlik və korrupsiya kimi problemləri etiraz olaraq paytaxt Tehran, həmçinin Girmanşah, Zəncan, Şiraz, Qum, Şiraz və Əhvaz kimi şəhərlərdə aksiyalar keçirildi. Təhlükəsizlik gücləri ilə qarşıdurmalarda 20-dən çox insan həyatını itirdi, mindən çox nümayişçi saxlanıldı.

ABŞ və Çin arasında “ticarət müharibəsi”: Çin və ABŞ arasında “ticarət müharibəsi iyulun 6-da bu dövlətlərin qarşılıqlı şəkildə yüksək gömrük rüsumlarını tətbiq etməsindən sonra başlanıb. Vaşinqtonun qiymətləndirməsinə görə, ticarət dövriyyəsi Çinin xeyrinə 500 milyard dollar təşkil edir. Pekin öz növbəsində, disbalansı ABŞ-ın iqtisadi siyasətinin nəticəsi hesab edir.

Noyabrın sonunda Argentinanın paytaxtı Buenos Ayresdə “G-20” liderlər sammitində bir araya gələn ABŞ prezidenti Donald Trump və Çin lideri Si Cinpin 90 gün ərzində iki ölkə arasında yeni gömrük vergisinin tətbiq edilməməsi barədə razılaşma əldə olundu.

Britaniyada kimyəvi zəhərlənmə: Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş əməkdaşı Sergey Skripal və onun qızı Yuliya mart ayında Britaniyanın Soslber şəhərində bir ticarət mərkəzində huşsuz vəziyyətdə tapıldı. İngilis polisi onların sinir sistemi iflic edən kimyəvi maddə ilə zəhərləndiyini açıqladı. İngiltərənin baş naziri Tereza Mey hadisəyə görə Rusiyanı ittiham edərək 23 rus diplomatını Böyük Britaniyadan deportasiya etdi. Ardınca Avropanın bir çox ölkələr, həmçinin ABŞ və Kanada rus diplomatları deportasiya etdi. Hadisə görə Rusiyay qarşı sanksiyalar tətbiq olundu. Rusiya isə hadisədə iştirakı barədə ittihamları rədd edir.

Ağ Evdə yüksək təyinatlar: mart ayında ABŞ prezidenti Donald Tramp Reks Tillersonu dövlət katibi postundan istefaya göndərdi. Onun yerini Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo tutdu. Ağ Ev milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Herbert Raymond Makmaster isə Con Boltonla əvəzləndi. Dekabrın son günlərində isə müdafiə naziri Ceyms Mettis Amerika qoşunlarının Suriyadan çıxarılması ilə razılaşmayaraq istefa verdi.

Tramp-Kim görüşü: ABŞ və KXDR liderləri – Donald Tramp və Kim Çen In arasında iyunun 12-də Sinqapurda tarixi görüş baş tutdu. Tramp və Kim Çen In danışıqların nəticəsinə görə Koreya yarımadasının tam denuklearizasiyasına razılaşdılar. ABŞ isə Şimali Koreyaya təhlükəsizlik zəmanətini verməyi öhdəsinə götürdü.

Lakin dekabrın ortalarında yayılan məlumata görə, KXDR ABŞ-ın siyasəti ilə əlaqədar denuklearizasiyadan imtina variantına baxır. KXDR-in Xarici İşlər Nazirliyi yanında ABŞ-ın işləri üzrə İnstitut Vaşinqtonun hərəkətlərindən narazılığını ifadə edib. Söhbət Pxenyana təzyiqdən gedir. Şərhin müəlliflərinin sözlərinə görə, belə hərəkətlər Pxenyanın denuklearizasiyadan həmişəlik imtinaya gətirib çıxara bilər.

KXDR-də hesab edir ki, sanksiyaların intensivliyinin artırılması və insan hüquqları ətrafında səs-küyün yaradılması üzrə davranışlar yalnız əks effektə gətirib çıxaracaq.

Tarixi Koreya zirvəsi: aprel ayında Kim Çen In Cənubi Koreyaya səfər etdi. Bu, son 65 ildə bir Şimali Koreya liderinin cənuba ilk səfəri idi. KXDR və Cənubi Koreya liderləri Kim Çen In və Mun Çje İn Pxanmuncomda bir araya gəldilər. Liderləri zirvə sonunda ortaq bəyanat verərək Koreya yarımadasının nüvə silahlarından tamamilə təmizlənilməsi və mövcud atəşkəsin qalıcı bir sülh razılaşmasına çevrilməsi üçün danışıqlara başlamaq barədə razılaşma əldə etdiklərini bildirdilər.

ABŞ Təl-Əvivdəki səfirliyi Qüdsə köçürüldü: mayın 14-də - İsrailin yaranmasının 70-ci ildönümündə ABŞ səfirliyini Təl-Əvivdən Qüdsə köçürdü. Təl-Əvivdəki ABŞ səfirliyi işğal edilmiş Qüdsə köçdü. Buna etiraz edən fələstinlilərə İsrail əsgərləri tərəfindən atəş açılması nəticəsində 65 nəfər öldü, 2770-i yaralandı.

ABŞ-ın ardınca Qvatemala və Paraqvay analoji addım atıb. Lakin sonradan Paraqvay öz qərarını təkrar gözdən keçirərək geri addım atıb. Lakin dünyanın əksər ölkələri hesab edir ki, Qüdsün statusunun müəyyən edilməsi Yaxın Şərq münaqişəsinin həlli üçün vacibdir. Bildirilir ki, şəhərin statusu fələstinlilərlə razılıq əsasında həll edilməlidir. Şəhərin həll edilməmiş statusuna və onun şərq hissəsinə fələstinlilərin iddialarına baxmayaraq, Braziliya, Avstraliya və Çexiya rəhbərliyi səfirliklərin mümkün köçürülməsi haqqında açıq danışırlar.

Bu yaxınlarda isə Yerusəlimin işləri üzrə nazir Zeev Elkin bildirib ki, İsrail təxminən on ölkə ilə səfirliklərin Təl-Əvivdən Qüdsə daşınması haqqında danışıqlar aparır. Onun sözlərinə görə, bu ölkələr arasında keçmiş SSRİ respublikaları da var.

ABŞ İranla nüvə razılaşmasından çıxdı: ABŞ prezidenti Donald Tramp may ayında Vaşinqtonun nüvə proqramı üzrə İranla razılaşmadan çıxdığını elan etdi. O həmçinin İrana qarşı bütün sanksiyaların bərpa olunacağını açıqladı. ABŞ avqustun 7-də İrana qarşı sanksiyaların bir hissəsi bərpa olundu.

Noyabrın 5-də isə ABŞ İrana qarşı sanksiyaların ikinci mərhələsinə start verdi. Bu sanksiyalar İranın enerji resurslarına qarşıdır. Sanksiyalar çərçivəsində İran hökuməti, təhlükəsizlik qurumları və Mərkəzi Bankı ilə bağlı şəxslərin və şirkətlərin ABŞ-ın yurisdiksiyasında olan bütün aktivləri bloklanıb.

ABŞ sanksiyalardan sonra da Hindistan, Yaponiya və Cənubi Koreya daxil olmaqla 8 ölkəyə İran neftinin idxalını davam etməsinə icazə verib.

Rusiya, Çin və Avropa İttifaqı İran nüvə razılaşmasına riayət edəcəyini açıqladı.

Təbii fəlakətlər: sentyabrın 28-də İndoneziyanın Sulavesi adasında baş verən zəlzələ və ardınca yaranan sunami nəticəsində 2 min 250-dən çox adam həyatını itirdi. Noyabrda Yunanıstanın paytaxtı Afina yaxınlığında meşəlik ərazidə baş verən yanğınların yaşayış məntəqələrinə keçməsi nəticəsində 99 nəfər həyatını itirdi.

Camal Qaşıqçının öldürülməsi: Səudiyyə jurnalisti Camal Qaşıqçının oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbul Baş konsulluğunda öldürülməsi, beynəlxalq reaksiya ilə qarşılanan və dünyada ilin son rübünə ən çox damğasını vuran hadisə oldu. Qaşıqçının Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın yaxın adamlarının yer aldığı bir qrup tərəfindən öldürüldüyünə dair dəlillərin ortaya çıxmasından sonra bir çox ölkə və beynəlxalq təşkilat Ər-Riyad rəhbərliyinə cinayətin işıqlandırılması üçün çağırış etdi. Jurnalistin baş konsulluqda yoxa çıxdığına dair iddiaları rədd edən Səudiyyə hökuməti dəlillərin ortaya çıxmasından sonra Qaşıqçının konsulluq binasında öldürülüdüyünü və cəsədinin hissələyə bölünərək oradan çıxarıldığını etiraf etmək məcburiyyətində qaldı. İndiyə kimi cəsədin harada olduğu barədə məlumat yoxdur.

Kerç böhranı: Donbas və Krım məsələlərinə görə gərgin olan Rusiya-Ukrayna münasibətləri Kerç boğazı ətrafındakı son hadisədən sonra daha da pisləşib. Noyabrın 25-də Rusiya sərhədçiləri Kerç boğazında silah tətbiq edərək Ukrayna Hərbi-Dəniz Qüvvələrinin üç gəmisini saxlayıb. Nəticədə, 3 Ukrayna hərbçisi yaralanıb. Bundan başqa, 24 Ukrayna hərbçisi saxlanılıb. Onlardan 15-i barədə həbs qəti-imkan tədbiri seçilib.

Kiyev Rusiya sərhədçilərinin hərəkətlərini qanunsuz və beynəlxalq dəniz hüququnun pozulması adlandırıb. Ukrayna hakimiyyətinin fikrincə, Moskva dəniz hüququ üzrə BMT Konvensiyasını, həmçinin Azov dənizi və Kerç boğazından istifadə üzrə əməkdaşlıq haqqında Ukrayna-Rusiya müqaviləsini pozub.

Digər hadisələr: Yəməndəki vətəndaş müharibəsini bitirmək məqsədiylə İsveçdə Birləşmiş Millətlər Təşkilatının (BMT) liderliyində müşavirə toplantılarının başladılması, Fransada başlayıb, daha sonra bəzi Avropa ölkələrinə sıçrayan “sarı jiletlilər” etiraz aksiyaları, Çinin texnologiya şirkəti olan “Huawei”nin sahibinin qızı və şirkətin maliyyə işlər direktoru (CFO) Menq Vanzhounun ABŞ-ın İrana qarşı sanksiya qərarını pozduğu səbəbilə Kanadada həbs olunması və BMT-nin Qlobal Miqrasiya Konvensiyasının qəbul edilməsi beynəlxalq gündəlikdə olan mühüm hadisələrdən idi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm