Ermənistan Azərbaycana çox sağ ol deməlidir ki... - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Ermənistan Azərbaycana çox sağ ol deməlidir ki... - ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edib. Prezident mərasimdə 2019-cu ilin Dağlıq Qarabağ münaqişəsi üçün uğurlu il ola biləcəyini vurğulayıb. Həmçinin, qeyd edib ki, Ermənistanın işğalçılıq siyasəti onları ağır iqtisadi-siyasi vəziyyətdə qoyub. Bu gün Ermənistanda iqtisadi vəziyyət çox ağırdır. Bunun əsas səbəbi isə səfalət, yoxsulluq, ədalətsizlik və özbaşınalıqdır. Prezident bildirib ki, ancaq Azərbaycanla münasibətləri normallaşdırandan, torpaqlarımızın azad edilməsindən sonra Ermənistanda iqtisadi inkişaf ola bilər.

Məsələ ilə bağlı Publika.az-a açıqlama verən siyasi şərhçi Tofiq Abbasov qeyd edib ki, Prezidentin çıxışında çox düzgün vurğular var:

“Onları bəlkə, heç şərh etməyə ehtiyac da yoxdur. Ancaq əgər bu məsələ ilə bağlı danışmaq istəyiriksə, bildirməliyik ki, Ermənistan hazırda, faktiki olaraq, əsir vəziyyətində qalıb. Belə ola bilir ki, insan düşmənlər arasında, ya rəqiblər arasında, ya da vuruşduğu cəbhədən əsir olur. Ermənistan isə öz etdiklərinin əsirinə çevrilib. Onlar hazırda dünyaya car çəkib, şüvən qaldırır ki, Ermənistan blokadadır. Bu, belə deyil. Sadəcə olaraq Ermənistanın barbar siyasətinə, eksponsionist ruhuna etiraz olaraq Azərbaycan və Türkiyə onun üçün qapını bağlayıb. Heç məsələ bunda da deyil ki, Ermənistanın İran və Gürcüstanla sərhədləri açıqdır və bu yollarla dünya bazarına çıxa bilər. Məsələ budur ki, Azərbaycan və Türkiyə onun hərəkətlərinə münasibətini bu formada bildirir. Ermənistan hələ çox sağ ol deməlidir ki, Azərbaycan müharibə yolunu seçmir. Baxmayaraq ki, Azərbaycanın hər platformada üstünlüyü var.

Prezident isə ona görə düzgün şəkildə vurğulayır ki, özünü əsir vəziyyətə salmış Ermənistan öz bəlasının günahkarıdır. Artıq neçə ildir, biz gözləyirik, bəlkə, Ermənistanın siyasi elitası xəstə təfəkkürdən əl çəkə, sağlam düşüncə ilə hərəkət edə. Çünki müharibə elan etmək asan işdir, amma onun fəsadları uzun müddət qalır. Azərbaycan isə müharibə elan etsə, bu, ədalətli addım olacaq. Çünki biz işğal olunmuş torpaqlarımız uğrunda mübarizə aparırıq. Ermənistan papağını qarşısına qoyub düşünməlidir ki, düşdükləri sosial, siyasi, iqtisadi məngənədən yalnız özləri doğru qərarlar sayəsində çıxa bilərlər. Yox, əgər Ermənistan bunu etməkdə acizdirsə, onda sonlarını özlərini düşünsün. Burada nə Azərbaycanın, nə Türkiyənin, nə də başqa bir qüvvənin günahı var”.

Politoloq bildirib ki, 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda atılan addımların təməli artıq qoyulmaqdadır:

“Bu yaxınlarda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dedi ki, ermənistanlı həmkarı ilə danışıqlarda müəyyən razılaşma əldə edilib. Bu, özü-özlüyündə pozitiv göstəricidir. Güman ki, Nikol Paşinyan və onunla bərabər hakimiyyətə gələn yeni qüvvələrin, həqiqətən də, düşüncəsi və beyni durulur. Onlar pisi yaxşıdan, ağı qaradan ayıra bilirlər. Bu da onlar üçün vacib olan məqamdır. Ermənistan bundan sonra belə yenə də radikallığa, barbarlığa, faşistliyə meyil edəcəksə, başına gələcəklərin günahkarı yenə özü olacaq”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm