Azərbaycan liderinin düşmən üzərində tarixi qələbəsi - Son bir ildə nələr baş verdi?
Bizi izləyin

Nida Təhlil

Azərbaycan liderinin düşmən üzərində tarixi qələbəsi - Son bir ildə nələr baş verdi?

Bir il öncə bu gün – 2018-ci ilin 11 aprel tarixində xalqın etimadı ilə yenidən prezident seçilən İlham Əliyevin bir illik fəaliyyəti ölkənin ictimai-siyasi və sosial həyatında inqilabi addımlarla yadda qaldı. Bu bir ildə insanların həyat şəraitinin yaxşılaşdırılması, rifahının yüksəldilməsindən başlamış siyasi islahatlara qədər böyük yol qət edildi və ən yadda qalan əsas amil dövlət başçısının bütün problemlərdə vətəndaşların yanında olması idi. “Hər şey xalq üçün”, Prezident İlham Əliyevin son bir illik fəaliyyətində bu prinsipə sadiqliyi bir daha təsdiq olundu.

Ötən ilin 11 aprelində keçirilən prezident seçkilərində qalib gələn İlham Əliyevin xalqa ünvanladığı minnətdarlıq müraciətində diqqət çəkən əsas məqamlardan biri də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dedikləri idi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prinsipial mövqeyimizdən bir addım da geriyə atmamışıq. Bizim prinsipial mövqeyimiz daha da güclənir. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır, bunun başqa yolu yoxdur. Son illər ərzində bir çox mötəbər beynəlxalq təşkilatlar bizim mövqeyimizi, ədaləti dəstəkləyən bir sıra qərar və qətnamələr qəbul etmişlər. Biz böyük diplomatik qələbələrə nail olmuşuq. Eyni zamanda, döyüş meydanında biz böyük qələbəyə nail olmuşuq. Azərbaycan əsgəri, Azərbaycan Ordusu, Azərbaycan dövləti işğal altında olan torpaqlarımızın bir hissəsini işğalçılardan azad etmişdir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan təmizləndi və o torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. İşğaldan azad edilmiş torpaqlara həyat qayıdır, insanlar qayıdır. O torpaqlarda prezident seçkiləri keçirilir. Gün gələcək və bu gün hələ də işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq, bu torpaqlarda prezident seçkiləri keçiriləcək, Azərbaycan Prezidenti seçiləcəkdir”, - dövlət başçısı bir il öncə bəyan etmişdi.

Və son bir il ərzində münaqişə ətrafında baş verənlər, Azərbaycan liderinin ərazi bütövlüyümüzün bərpası istiqamətində əzmlə çalışması, düşünülmüş diplomatik manevrləri və bunun nəticələri Prezidentin bir il öncə bu fikirləri ilə əslində Qarabağa qayıdışın “yol xəritəsini” elan etdiyini deməyə əsas verir. Dövlət başçısının bu çıxışından sonra bir il ərzində baş verənlər də heç bir kəlmənin boş yerə deyilmədiyini və qarşıdakı dövrdə bizi hərbi və diplomatik cəbhələrdə qələbələrin gözlədiyini göstərdi.

Hərbi cəbhə: Prezident seçkilərindən 39 gün sonra – mayın 20-də erməni hərbi birləşmələrinin Naxçıvan istiqamətində təxribat hücumuna cavab olaraq Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, “Ağbulaq” yüksəkliyi, Qızılqaya dağı, Qaraqata dağı azad edildi, Dərəlyəz mahalının Arpa kəndi ordumuzun nəzarəti altına keçdi. Ümumilikdə 11000 hektar ərazinin azad olunduğu bu əməliyyat nəticəsində Azərbaycan Ordusu İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna da nəzarət etmək imkanı əldə etdi. Bu əməliyyatın strateji tərəfləri olduqca mühümdür:

a) Dağlıq Qarabağ münaqişəsi ətrafında sülh danışıqları aparılsa da, müharibə daim ikinci seçim olaraq masada öz yerini tutur və Günnüt əməliyyatı ilə Azərbaycan Ordusu mümkün müharibədə işğalçıya iki cəbhədən – Qarabağ və Naxçıvan – zərbələr endirmək imkanı qazandı. Xüsusilə İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət işğalçı ölkənin hərbi birləşmələrinin bu istiqamətdə hərəkətini izləmək və lazımi zərbələr endirmək üçün ən strateji seçim hesab oluna bilər. Bu baxımdan, Günnüt əməliyyatına Azərbaycan liderinin ərazi bütövlüyümüzün bərpası üçün gələcəyə hesablanmış hərbi strategiyasının mühüm parçalarından biri olaraq baxmaq lazımdır.

b) Bu əməliyyatla Azərbaycan işğalçı Ermənistanın yeni hakimiyyətinə ilk mühüm mesajı verdi: sahib olmadığınız torpaqları qaytarmaqdan başqa yolunuz yoxdur. Ordumuzun uğurlu əməliyyatının İrəvanda yaratdığı siyasi çaxnaşma da mesajın ünvanına çatdığını göstərdi.

c) Naxçıvan istiqamətində 11000 hektar ərazinin azad edilməsi ilə Azərbaycan Ordusu İrəvanın bir neçə on kilometrliyinə qədər yaxınlaşmış oldu. Bu, Prezident İlham Əliyevin “Biz öz əzəli torpaqlarımıza - İrəvana, Zəngəzura, Göyçəyə mütləq qayıdacağıq” bəyanatları fonunda heç də təsadüfi deyil və Azərbaycan lideri bu uğurlu əməliyyatla İrəvana, Zəngəzura, Göyçəyə qayıdışın ilk pilləsini inşa etdi.

Diplomatik cəbhə: hərbi cəbhədə tarixi uğura imza atan İlham Əliyev diplomatik manevrləri ilə işğalçı ölkəni sözün həqiqi mənasında küncə sıxışdırdı.

- Paşinyanın hakimiyyətə gəlişindən sonra Moskva-İrəvan xəttində yaranan çatları Azərbaycanın xeyrinə çevirdi;
- Ermənistanın yeni rəhbərliyi sələfləri kimi bel bağladığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) işğalçını öz “müttəfiqləri”nin əli ilə vurdu;

Düşənbə görüşü: Dağlıq Qarabağ münaqişəsi ətrafında hərbi ritorikanın qızışdığı bir vaxtda Prezident İlham Əliyev MDB dövlət başçılarının Düşənbədə keçirilən iclası çərçivəsində Nikol Paşinyanla qeyri-rəsmi müzakirələr apardı və bütün gözlənilənlərin əksinə olaraq, təmas xəttində sabitliyin qorunması üçün razılıq əldə olundu. Bu U dönüşü kimi görünürdü, lakin bununla Azərbaycan lideri “Qambit gedişi” (Şahmatda tərəflərdən birinin oyunu inkişaf etdirmək, daha səmərəli mövqe əldə etmək məqsədilə maddi üstünlüyü qurban verməsi) etdi: ordunun hərəkəti müvəqqəti təxirə salınır və getdikcə dalana dirənən danışıqların düz yola çıxması üçün “nəfəslik açılır”. Beləliklə həm həmsədr dövlətlərin sülh danışıqları istəyi qəbul olunur, həm də işğalçı konstruktiv danışıqlar üçün masaya gəlməyə məcbur edilir.

Buna paralel olaraq, Azərbaycan lideri işğalçının Qərb yarımkürəsində mədəd axtarışlarını da alt-üst etdi. ABŞ prezidenti Donald Trampın Azərbaycan Prezidentinə göndərdiyi məktublar və hər məktubda “Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaqdır” sözlərinin xüsusi vurğulanması Bakının Vaşinqton və onun timsalında Qərb üçün əhəmiyyətindən xəbər verirdi.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun regiona səfəri, o cümlədən, İrəvanda Paşinyan hakimiyyətinə münaqişənin həllinin vacibliyi haqqında xəbərdarlıq kimi dediyi sözləri Vaşinqtonun prosesə aktiv daxil olduğunu və problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə zəmin yarandığını təsdiqləyirdi.

Və təsadüfi deyil ki, Prezident İlham Əliyevin 2018-ci ilin son günlərində “2019-cu il Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün önəmli il ola bilər” proqnozunu verdi. Bu sözlərin arxasında ciddi proseslərin olduğu məlum idi.

2019-cu ilin 16 yanvar tarixində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə 4 saat davam edən görüşü baş tutdu və sonda “xalqların sülhə hazırlanması” üzərində razılıq əldə olundu. Bu, danışıqlar tarixində mühüm irəliləyiş hesab oluna bilərdi. Yanvarın 22-də Prezident İlham Əliyevlə Nikol Paşinyan Davos forumu çərçivəsində 1,5 saatlıq müzakirələr apardılar. Yanvarın sonunda isə Con Bolton Prezident İlham Əliyevlə telefonda ikitərəfli münasibətləri və Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi.

Azərbaycan liderinin manevrləri münaqişənin həllində ərazi bütövlüyünün bərpası prinsipinin ön plana çıxması ilə nəticələndi və masada əsas müzakirə mövzusu “ərazilər əvəzinə sülh” təklifi oldu: Qarabağa heç bir status verilmir və işğal edilmiş ərazilər tam şəkildə Azərbaycanın tərkibinə qaytarılır, əvəzində Bakı Ermənistanın regional layihələrə qoşulmasına “yaşıl işıq” yandırır, Türkiyə ilə sərhədlər açılır.

Görünən budur ki, geosiyasi şərtlər Bakının xeyrinədir və Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün bu şərtləri diqqətlə izləyir, strateji həmlələrini ona uyğun müəyyənləşdirir.

Lakin işğalçı ölkə mahiyyətinə uyğun olaraq özünü “sülhpərvər” göstərməklə yanaşı, danışıqlar prosesini pozmağa hesablanmış təxribatlarından da əl çəkmirdi. Nikol Paşinyanın “Qarabağ separatçılarını danışıqlar masasına tərəf kimi” gətirmək və “format dəyişikliyi”nə nail olmaq iddiaları məhz sülh prosesini dalana salmaq niyyətindən irəli gəlirdi. İrəvanın yeni sahibləri bu haqda durmadan danışır və özünü sanki qələbə çalmış kimi göstərirdi. Hərçənd, İlham Əliyev danışmırdı, əksinə işğalçının iddialarını alt-üst edirdi. Bu, real nəticələrə hesablanan “səssiz diplomatiyadır” və Azərbaycan liderinin fəaliyyətində bu, daim əsas xətt olaraq diqqət çəkir: populizmdən uzaq, real nəticələrin əldə edilməsi üçün düşünülmüş addımların atılması.

Erməni xülyasının ölümü: Paşinyan “format dəyişikliyi” arzusu ilə populist çıxışlar edəndə Azərbaycan lideri erməni xülyasını basdırdı.

Martın 5-də Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakı Bakıda qəbul etdi, Ermənistanın baş naziri üç dəfə söhbət etdiyini, lakin Ermənistan tərəfindən substantiv danışıqların aparılması üçün hər hansı ciddi niyyətinin olmadığını vurğuladı və Dağlıq Qarabağ münaqişəsinin həllindən məsuliyyətli olan qurumun rəhbərinə Azərbaycanın prinsipial mövqeyini bir daha çatdırdı.

Martın 6-da Nikol Paşinyan Avropa Komissiyasının Avropa Siyasəti, Qonşuluq və Genişlənmə üzrə komissarı Yohannes Hanla görüşdə münaqişədən danışdı. Azərbaycan lideri ilə görüşə hazırlaşdığını deyən Paşinyan bildirdi ki, “Biz, ümumiyyətlə, Dağlıq Qarabağ probleminin həllinin incəlikləri və metodları barədə danışmamışıq. Bizim növbəti görüşümüz danışıqlar formatının müzakirəsinə həsr ediləcək. Hesab edirik ki, problemin həlli üçün ilk növbədə effektiv format yaradılmalı, ilk növbədə Dağlıq Qarabağın burada iştirakı təmin edilməlidir”.

Ermənistanın baş naziri bununla Avropadan dəstək gözləyirdi və hesab edirdi ki, Han ən azı diplomatik dillə ona haqq qazandıracaq. Lakin Han açıq şəkildə bəyan etdi ki, “Ən yaxşısı indiki formatı saxlamaqdır. Yenilik xətrinə yeni nəsə yaratmağa ehtiyac yoxdur”.

Martın 9-da ATƏT-in Minsk qrupu liderlərin planlaşdırılan görüşü ilə bağlı bəyanat yaydı. Bəyanatda qeyd olunur ki, danışıqlar formatı dəyişdirilə bilməz. Həmsədrlər tərəfləri mövcud vəziyyətdə dəyişiklik yarada biləcək açıqlamalardan və hərəkətlərdən, gələcək danışıqlar üçün şərtlər irəli sürməkdən və digər tərəfin razılığı olmadan formata dəyişikliklər tələb etməkdən çəkinməyə çağırırlar. Həmsədrlər əsas vurğunu Helsinki Yekun Aktının prinsipləri üzərində qurdular və bu, ərazi bütövlüyünün bərpası prinsipinin Ermənistanın istinad etdiyi “öz müqəddəratını təyin etmə” prinsipindən öndə gəlməsi deməkdir.

Və Paşinyanın hakimiyyətə gəlişindən sonra Azərbaycan və Ermənistan rəhbərlərinin martın 29-da ilk rəsmi görüşü baş tutdu.

Vyana görüşü: 3 saata qədər aparılan görüş Ermənistanın populist iddialarının dəfni ilə başa çatdı.

- Ermənistanın “Qarabağdakı separatçıları danışıqlara tərəf” kimi daxil etmək və “formatı dəyişmək” cəhdləri sıradan çıxdı.
- Bundan sonra işğalçı tərəf “format dəyişikliyi” kimi tezislərlə danışıqlar prosesini poza bilməyəcək.
- Danışıqlar yalnız münaqişənin mahiyyətinə uyğun şəkildə aparılacaq.


Bütün bu nəticələr son bir ildə İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində addım-addım irəlilədiyini və “işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq, bu torpaqlarda prezident seçkiləri keçiriləcək, Azərbaycan Prezidenti seçiləcəkdir” vədinin gerçəkləşməsi üçün əzmlə çalışdığını göstərir. Unutmayın, o, ölkəyə rəhbərlik etdiyi 16 illik dövrdə bütün vədlərini yerinə yetirən lider olaraq tarixə düşüb.

Ərazi bütövlüyümüz bərpa ediləcək: ya danışıqlar, ya da hərb yolu ilə, hər iki halda nəticə ədalətli olacaq.

Prezident İlham Əliyev “Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb” sözləri ilə də son nəticəni öncədən proqnozlaşdırır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm