“Əli və Nino” təcrübəsi, Ümumdünya İrs Siyahısı və Azərbaycanın kinoturizm potensialı
Bizi izləyin

Nida Təhlil

“Əli və Nino” təcrübəsi, Ümumdünya İrs Siyahısı və Azərbaycanın kinoturizm potensialı

Dünya dağılanda onlar bir-birini sevdilər”. 2015-ci ildə lentə alınan “Əli və Nino” filmi Azərbaycanın dünyada mədəni vizit kartlarından biri oldu. İcraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru “BAFTA” mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hempton olan film Hollivudda ekranlaşdırıldı, 33 dilə tərcümə olundu və dünya kino sektorunda maraqla qarşılandı. Filmdə hadisələr Bakıda cərəyan edir və əsas çəkilişlər İçərişəhər və ətrafında reallaşdı. Bu, Azərbaycanın bir film üzərindən dünyada təbliğatına ciddi təkan verdi, hətta rəsmi statistikaları araşdıranda filmin yayımlandığı 2016-ci ildən sonra Bakıya gələn turistlərin sayında artım aydın sezilir.

Filmin həm də UNESKO-nun Ümumdünya İrs Siyahısına salınmış İçərişəhərdə çəkilməsi Bakının tanıdılmasına yeni təkan verdi. Dünyada bir çox məşhur ekran əsəri də məhz Ümumdünya İrs Siyahısına salınmış, yaxud beynəlxalq səviyyədə tanınan tarixi abidələrin ərazilərində çəkilir və belə filmlər həmin irs nümunələrinin yerləşdiyi ölkələrin tanınması ilə yanaşı, kinoturizmin inkişafı və irihəcmli iqtisadi gəlirlərlə nəticələnir.

Kinoturizm: turist məşhur, yaxud çox sevdiyi filmin çəkildiyi yerlərə səyahət edir və filmdəki hadisələri canlı-canlı yaşamaq, ən azından o atmosferi hiss etmək istəyir.

1953-cü ildə çəkilən “Roma tətilləri” filmi kinoturizmin “pioneri” hesab oluna bilər. Gözəl şahzadənin macəralarından bəhs edən bu film Romanı ingilisdilli turizm auditoriyasına tanıtdı. Çəkiliş zamanı baş roldakı aktyor Qriqori Pek tərəf müqabili Odri Xepbernlə zarafat etmək qərarına gəlir. O, Romanın Müqəddəs Məryəm Kilsəsinin girişindəki “Həqiqətin ağzı”na əlini salır və elə görüntü yaradır ki, yalan danışdığı üçün daş ağız onun qolunu qoparıb. Odro bundan çox qorxur. Çox təbii alınan bu səhnə filmə daxil edilir və ondan sonra Romaya baş çəkən turistlər mütləq “Həqiqət ağzı”na baş çəkirlər. Adətən cütlüklər öz sevgilərini “Həqiqətin ağzı”nda sınayırlar.

“Üzüklərin hökmdarı”

Yeni Zelandiyada çəkilmiş bu filmi ölkəyə 3 milyondan artıq turistin gəlməsinə səbəb oldu. Yeni Zelandiya Turizm Nazirliyinin məlumatına görə, ölkəyə gələn turistlərin 75 faizi “Üzüklərin Hökmdarı” filminin çəkildiyi yerlərə baş çəkir. Xüsusilə Qlenorçi kəndi turist axını ilə üz-üzə qaldı. İş o yerə çatdı ki, yerli hakimiyyət yol-nəqliyyat hərəkətinin təşkili üçün işıqforlar quraşdırmağa məcbur oldu.
Filmin əsas qəhrəmanı Harri Potterin macəraları Böyük Britaniyanın abbatlıqlarında da turizmin inkişafını stimullaşdırdı. “VisitBritain” turizm şirkəti Potterin azarkeşləri üçün filmin çəkildiyi yerlərin siyahısını tərtib etdilər.

“Agent 007: Skayfoll koordinatları”

1960-cı illərdə məşhurlaşan Ceyms Bond filmləri də kinoturizmə böyük töhfə verib. Sonunculardan sayılan “Agent 007: Skayfoll koordinatları” filmi Almaniyanın Tirol əyalətində çəkilib. Bu, əyalətdə qış turizmini sözün əsil mənasında inkişaf etdirdi.

“Taxt Oyunları” serialı

Son illər məşhurlaşan bu film turistlərin Xorvatiyaya marağını artırıb. Ölkənin paytaxtı indi əsil turizm şəhərinə çevrilib. Bu serialın məşhurluğu hesabına Xorvatiya “google”də turistlər tərəfindən ən çox axtarılan söz olub.

“Cəhənnəm” (İnferno)

Den Braunun “İnferno” romanı əsasında çəkilən filmin əsas səhnələri İstanbulda lentə alınıb. Romanın qəhrəmanı Robert Lenqdon Harvard Universitetinin simvolistika üzrə professorudur. O, bir gün huşunu itirir, gözünü açanda isə bütün həyatı alt-üst olur. Yaddaşının böyük hissəsini itirən Robert özünü tapmaq məcburiyyətindədir və qəfil heç istəmədiyi və gözləmədiyi missiyanın daşıyıcısına çevrilir: dünyanı insanlığı məhv edəcək dəhşətli virusdan xilas etmək. Robertin son mənzili İstanbul olur. Bu filmə görə İstanbula gələn turistlərin sayı çoxaldı. Den Braunun romanları əsasında əvvəlki ekran işlərində bu təcrübə yaşanıb. Adətən filmdə hadisələrin cərəyan etdiyi yerlərdə turizm bumu yaşanıb. Ekspertlərin dəyərləndirmələrinə görə, belə filmlərdən sonra ən azı 50 milyon turist öz marşrut xəttini seçir. Den Braunun “Kod Davinçi” və “Mələklərin iblisləri” romanları bu təcrübəni aydın göstərir. Roman əsasında çəkilmiş filmlərdə hadisələr İtaliya, Fransa və Böyük Britaniyada cərəyan edir. Hər şeydən öncə tamaşaçılar bu ölkələrin görməli yerləri ilə filmdə tanış olurlar. Bununla həmin ölkələrdə ən maraqlı və tarixi yerləri gəzmək üçün bələdçiyə verəcəkləri 200 avro də ciblərində qalır.

Belə filmlər paralel olaraq turist axınına da zəmin yaradır. Misal üçün, Fransada vaxtilə “Üç muşketyor”un döyüş yeri kimi tanınan Sen-Syulpis kilsəsinin ətrafı Den Braunun sayəsində “zəvvar turizmi”nin başqa istiqamətini məhşurlaşdırdı. İndi kilsənin divarında bu sözlər yazılıb:

Diqqət! Sen-Syulpis məbədində “Qraalya” badəsinin saxlanıldığı yerdə məxfi kartları axtarmaq və “qızılgül xətti”ni vuraraq yoxlamaq qadağandır”.

Turistlər Den Braunun təsiri ilə romanda-filmdə bəhs edən hadisələri canlı-canlı yaşamaq üçün həmi yerlərə səyahət edirlər.

“Əli və Nino” da Azərbaycanın kinoturizm sahəsində “qaranquş” hesab oluna bilər. İyulun 7-də Bakı Konqres Mərkəzində keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının növbəti iclasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyasının Ümumdünya İrs Siyahısına daxil edilməsi bu təcrübənin inkişafına yeni zəmin yaratdı. UNESKO-nun Ümumdünya İrs Siyahısına Azərbaycanın üç tarixi obyekti - Şirvanşahlar Sarayı və Qız Qalası ilə birlikdə İçərişəhər, Qobustan dövlət tarixi-bədii qoruğu və Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi – daxil edilib.

Bu, Azərbaycanın dünyada təbliği istiqamətində mühüm addımdır. Kinoturizm və “Əli və Nino” təcrübəsi Ümumdünya İrs Siyahısına salınmış məkanlarda filmlərin çəkilişi və bu ekran əsərlərinin ilkin mərhələdə MDB, sonrakı mərhələdə dünya film bazarına çıxarılmasının vacibliyini gündəmə gətirir. Dövlət tarixi abidələrimizin qorunması və dünyada təqdim edilməsi ilə bağlı üzərinə düşən işi həyata keçirir, indi növbə kinorejissorların, ssenaristlərin, prodüserlərindir...

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm