İlyas Hüseynov: Ümid edirik ki, Dilqəm Əsgərovla Şahbaz Quliyev azad olunacaq
Bizi izləyin

Nida Təhlil

İlyas Hüseynov: Ümid edirik ki, Dilqəm Əsgərovla Şahbaz Quliyev azad olunacaq

Münxen Təhlükəsizlik Konfransı davam edir. Konfransda ABŞ-ın Dövlət Katibi Maykl Pompeo, Fransa Prezidenti Emmanuel Makron, Kanadanın Baş naziri Castin Tryudo, Avstriya Kansleri, İran və Rusiya Xarici İşlər nazirləri, NATO-nun Baş katibi, habelə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla yanaşı, bir sıra dövlət rəsmiləri, ekspertlər iştirak edirlər. Konfrans çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr edilmiş görüş olacaq. Bakı vaxtı ilə saat 20.30-da başlayacaq görüşün moderatoru ABŞ-Rusiya Fondunun prezidenti Selesta Uollanderdir.

Politoloq İlyas Hüseynov Publika.az-a açıqlamasında gözlənilən görüşü şərh edir.

Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında sonuncu təmasın ötən ilin mayında Brüsseldə baş tutduğunu xatırladan politoloq bildirib ki, danışıqlar əsasən hər iki ölkənin xarici işlər nazirləri arasında davam etdirilirdi: “Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında sonuncu görüş İsveçrənin Cenevrə şəhərində görüş keçirildi. Bu görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti, Endrü Şofer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak edirdilər. Ötən il martın 29-da Vyanada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etmək üçün Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında keçirilən görüşdə bir sıra aktual mövzulara toxunuldu. Prezident İlham Əliyev Ermənistanın rəhbərliyinin heç bir məntiqə sığmayan və məsuliyyətsiz bəyanatlarına həm “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, həm də Aşqabadda keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında qətiyyətlə cavab verdi”.

İ.Hüseynov qeyd edib ki, aprel döyüşlərinin məntiqi davamı olan informasiya savaşında da Ermənistan məğlubiyyətə uğradı.

“2019-cu ilin noyabr ayında Qarabağ münaqişəsi tərəflərinin “vəziyyəti bir az yumşaltmaq və etimad atmosferinin yaradılmasını dəstəkləmək üçün” jurnalistlərin qarşılıqlı səfərləri barədə əldə olunan razılıq icra olunması məqsədilə müvafiq addımlar atıldı və qarşılıqlı səfərlər təşkil olundu. Münxendə keçirilən görüşdə əsasən humanitar missiyanın davam etdirilməsi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində humanitar əsaslarda “hamının hamıya” prinsipi ilə bütün əsir və girovların dəyişdirilməsinin detalları müzakirə olunacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin Prezidenti Peter Maurer ilə görüşündə dövlət başçısı Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasının, bu istiqamətdə səylərin artırılmasının vacibliyini qeyd edib. Ümid edirik ki, 2014-cü il iyulun 11-də Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülən və qanunsuz “məhkəmə”nin qərarı ilə müvafiq olaraq ömürlük və azadlıqdan məhrum edilmə cəzasına məhkum olunan həmyerlilərimizin Azərbaycana qaytarılması ilə bağlı tərəflər arasında razılıq əldə olunacaq”, -o bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm