"Bahar qalxanı" əməliyyatında Türkiyənin ƏSAS MƏQSƏDİ nədir? - Politoloq şok detalları açıqladı
Bizi izləyin

Nida Təhlil

"Bahar qalxanı" əməliyyatında Türkiyənin ƏSAS MƏQSƏDİ nədir? - Politoloq şok detalları açıqladı

Türkiyənin sərhədləri açmaq qərarı sıradan hadisə deyil.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

Politoloq bildirib ki, Türkiyənin verdiyi qərar Avropa İttifaqı, yaxud da digər güc mərkəzlərinin qaçqınlara yardım edib-etməmələri ilə bağlı deyil: “İdlibdə başladılan oyun təkcə bölgənin nəzarətə götürülməsi niyyəti ilə əlaqədar deyil. Türkiyə son hadisələri doğru çözə bildi. Bu yöndə Əsəd rejiminə cavab xarakterli yeni hərbi hərəkat - “Bahar qalxanı” əməliyyatını başlatdı. Düşünürəm ki, bu yolla Türkiyə ona qarşı oynanılan oyuna və oyunu idarə edənlərə tutarlı cavab vermək istəyirdi. İkinci cavab isə təbii ki, sərhədlərin açılması oldu. Bu addım da Türkiyəni küncə sıxışdırmaq istəyənlərin əlindəki kartı tamamilə zərərsizləşdirməkdən ibarət idi. Artıq Avropa İttifaqı çox çətin duruma düşüb. Bu da quruma üzv ölkələri onları gözləyən böyük humanitar faciə qarşısında ciddi şəkildə düşünməyə vadar edib. Təbii ki, Türkiyə bu qərarı sadəcə geri çəkilmək üçün yox, oyunları pozmaq məqsədilə verib. Məhz İdlib hadisələri başlayandan sonra Türkiyənin Suriyanın şimalında azad etdiyi bölgələrdə PKK və onun Suriya qolu olan YPG terrorçuları da aktivləşib. Təkcə dünən Türkiyənin xüsusi təyinatlı qüvvələri 56 terrorçunu həmin bölgələrdə məhv edib. Bir tərəfdə Rusiyanın dəstəklədiyi Əsəd rejimi, milyonlarla insanın Türkiyə sərhədlərinə doğru axışması varsa, digər tərəfdə də Türkiyə ordusunun nəzarətində olan ərazilərdə PKK və YPG terrorçularının aktivləşməsi müşahidə edilir. Bu da onu göstərir ki, Türkiyəyə qarşı oynanılan oyunun arxasında təkcə Rusiya və Əsəd rejimi deyil, eyni zamanda ABŞ, onun NATO üzrə müttəfiqləri durur. Demək ki, supergüclər Türkiyənin Suriyada möhkəmlənməsindən və suriyalılar üzərindəki nüfuzundan çox ciddi təlaş keçirir. Əgər Türkiyə İdlibdə oynanılan oyuna cavab olaraq oranı tərk etmiş olsaydı, əmin olun ki, növbəti hədəf Türkiyənin əvvəllər Suriyanın şimalında azad etdiyi bölgələr olacaqdı. Hətta növbə kürd terrorçuların paytaxtı sayılan Afrin bölgəsinə də çatacaqdı. Buna görə də Türkiyə ard-arda bu cür siyasi qərarlar vermək məcburiyyətində qaldı. “Bahar qalxanı” hərəkatının hədəfi İdliblə məhdudlaşmayacaq”.

N.Miri qeyd edib ki, qaçqın ordusunun birdən-birə Avropaya axışması, xüsusilə də böyük əksəriyyətinin Almaniyaya köç etməsi təbii ki, Aİ-nin öndə gedən ölkələri olan Almaniya və Fransanı çox ciddi narahat etməyə başlayıb: “100 minlərlə insan sərhəddi keçib. Yaxın müddətdə bu rəqəmin milyonları ötəcəyi həyəcanı var. Milyonlarla müsəlmanın Avropaya köçü siyasi, iqtisadi, humanitar böhran yaradacaq. Ona görə də bu böhrandan qurtulmaq üçün Avropa hərəkətə keçib və zor tətbiq etməklə prosesin qarşısını almaq istəyir. Ancaq bu bir tarixdir və tarix insanlara olan münasibəti heç vaxt unutmur. Hazırda Avropa strateji qərar vermək ərəfəsindədir. BMT Yunanıstanın qaçqınlara zor tətbiq etməsini pisləyib. Müsəlmanları sevdikləri üçün deyil, buna məcbur olduqları üçün belə qərarlar verirlər. İnsanları öldürməklə məsələni həll etmək mümkün olmayacaq.

Türkiyə dünənə qədər inanırdı ki, Avropa bu cür köçdən qurtulmaq istəyirsə, Türkiyənin yürütdüyü və təklif etdiyi təşəbbüslə Suriyanın şimalında təhlükəsiz bölgə yaratmaq məsələsində ona yardım edəcək. Bu yöndə Türkiyəyə verilmiş konkret vədlər var. Ancaq Avropa İttifaqı verdiyi vədləri yerinə yetirmədi. Hətta İdlibdə başladılan oyunlarla Türkiyəni çox çətin vəziyyətə salmaq istədilər. Lakin Türkiyə də onlara özünəməxsus üsulla cavab verdi. Bu strateji qərarla əslində həm Rusiya, Əsəd rejimi, həm də ona qarşı olan digər güclər vuruldu”.

Politoloq vurğulayıb ki, İdlib məsələsi sərhədlərin açılmasında əsas səbəb deyil: “Bütün bu yaşananlardan sonra üç milyon insan Türkiyə sərhədlərinə tərəf irəliləməyə davam edəcək. Əsas məqsəd də odur ki, Türkiyəni ağır yükün altında əzərək, bütövlükdə Suriyadan çıxarmaq istəyirlər. Bu da xüsusilə ABŞ ilə Rusiya arasında 2018-ci ildə əldə edilən məxfi anlaşmanın tərkibi olaraq özünü göstərir. Bu anlaşma ondan ibarət idi ki, Kürdüstan modeli eynən Suriyanın şimalında Qamışlıda da tətbiq olunsun. Yəni burada yeni kürd muxtariyyəti yaradılsın ki, nəticə etibarilə də Suriya və İraqda konfederasiya qurulsun. Uzaq strateji planda təbii ki, həmin kürd bölgələrinin konfederasiyadan çıxıb, dünya güclərinin əlində müstəqil terror dövləti olması hədəfdədir. Türkiyə məhz bunun qarşısını almaq üçün oxşar qərarlar qəbul etmək məcburiyyətində qaldı. Əsas planı Türkiyə çox doğru anlaya bildi. Ona qarşı oynanılan oyunun içərisində təkcə Rusiyanın deyil, ABŞ-ın da olduğunu anladı. Bu baxımdan strateji qərar verməyə məcbur oldu. Türkiyənin qərarını kimsə ittiham edə bilməz. Qardaş ölkə çox doğru qərar qəbul etdi. Türkiyəyə qarşı oynanılan oyunlar həmin dövlətlərin özünə qarşı çevrildi”.

Tağı Həsənov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm