Qüdrət Həsənquliyev: Tofiq Yaqublu əsəblərinə hakim ola bilməyibsə, bunun təqsirkarı...
Bizi izləyin

Nida Təhlil

Qüdrət Həsənquliyev: Tofiq Yaqublu əsəblərinə hakim ola bilməyibsə, bunun təqsirkarı...

Çox təəssüf ki, torpaqlarımızın müdafiəsi üçün vuruşmuş bir soydaşımız xuliqanlıq ittihamı ilə həbs olunub.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bildirib.

Onun sözlərinə görə, bəzi siyasi dələduzlar Tofiq Yaqubludan istifadə edirdilər: “Ətrafdakı bəzi siyasi dələduzlar Tofiq Yaqublunun döyüşçü xarakterindən məharətlə istifadə edirdilər. Onu qızışdırırdılar ki, Tofiq Yaqublu cəsurdur və qorxmazdır. O isə radikallıqdan siyasi ekstremizmə yuvarlanmaqda idi”.

Q.Həsənquliyev qeyd edib ki, T.Yaqublu böyük əsəb gərginliyi keçirirdi: “Onun çıxışlarına qulaq asdıqca hiss edirdim ki, o, küyə düşdüyünü başa düşür, amma onun üçün ayrılmış roldan imtina edə bilmir. Tofiq Yaqublunun böyük əsəb gərginliyi keçirdiyini hər kəsin duyması çətin deyildi, ona görə də onun həbsi barədə eşidəndə çox da təəccüblənmədim. Ümid edirəm ki, istintaq hadisənin real baş vermə səbəbini obyektiv araşdıracaq. Bu hadisəni siyasiləşdirmək istəyənlərə üzümü tutub deyirəm ki, əgər o öz əsəblərinə hakim ola bilməyibsə, bunun təqsirkarı sizlərsiniz”.

Xatırladaq ki, martın 22-i günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Yaqublu Tofiq Rəşid oğlunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil Cəbrayılov Elxan Səttar oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq edilən cinayət işi üzrə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə təqsirləndirilən şəxs paytaxt sakini Tofiq Yaqublunun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm