"İrimiqyaslı döyüşlər hər an ola bilər" – Sabiq korpus komandiri
Bizi izləyin

Nida Təhlil

"İrimiqyaslı döyüşlər hər an ola bilər" – Sabiq korpus komandiri

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin son məlumatına əsasən, hazırda Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində nisbi sakitlikdir, yaşayış məntəqələrimiz atəşə tutulmur, amma ümumilikdə gərginlik davam etməkdədir. Əməliyyat şəraiti isə bölmələrimizin nəzarəti altındadır.

Mövcud vəziyyətlə bağlı sabiq korpus komandiri, polkovnik Şair Ramaldanov Publika.az-ın suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Müdafiə Nazirliyi nisbi sakitlik olsa da gərginliyin davam etdiyini bildirdi. Hazırkı durumu necə qiymətləndirirsiniz?

- Müdafiə Nazirliyinin Mətbuat xidmətinin verdiyi məlumat rəsmi məlumatdır. Respublikanın Silahlı Qüvvələrinin orada yerləşən bölmələrinin ayıq-sayıqlığı nəticəsində düşmənin nəzərdə tutulmuş və planlaşdırdığı təxribatının qarşısı alınıb. Əlbəttə, artıq itkilər verən düşmən o itkiləri ört-basdır etmət istəyirdi. Silahlı Qüvvələrimizin bölmələri tərəfindən vurulan zərbələr nəticəsində o istiqamətdə olan düşmənin hərbi infrastrukturu dağıdılıb, kazarmalara, komanda və müşahidə məntəqələrinə, hərbi texnikaya və radioelektron mübarizə vasitələrinə zərbələr endirilib. Çoxsaylı itkilərdən sonra bu gün bir qədər nisbi sakitçilikdir. Düşünürəm ki, nəticədə Ermənistanın paytaxtında cəmiyyət ayağa qalxıb və müəyyən tələblər irəli sürür. Erməni əsgər anaları Müdafiə Nazirliyinə üz tutublar və orada öz tələblərini ortaya qoyublar. Çoxsaylı itkiləri var. Nə qədər gizlətməyə çalışsalar da, ört-basdır etmək istəsələr də, artıq cəmiyyəti narahat edəcək qədər insanların məlumatı var. Əhalinin təsiri altında Ermənistan artıq bu təxribatın genişləndirilməsindən əl çəkəcək. Beynəlxalq qurumlar da artıq bu işə qarışıblar. Hazırda mövcud olan məlumatlar onu deməyə əsas verir ki, erməni uydurmaları artıq aşkar olunub, Azərbaycan öz mövqelərində durub, düşmənin Tovuz istiqamətində olan təxribatının qarşısı alınıb. Ona görə də düşmənin dövlət sərhədimizi pozmaq cəhdi alınmayıb. Düşünürəm ki, artıq həm daxili təzyiqlər, həm də müəyyən qədər xarici məsləhətləşmələr və çağırışlar nəticəsində ola bilsin ki, düşmənin bu təxribatı hər hansısa bir formada həyata keçməyib. Düşmən görəcək ki, bu istəyi onlar həyata keçirə bilmirlər və təbii ki, dayanacaqlar.

- Ordumuz genişmiqyaslı əməliyyatlara başlaya bilərmi?

- Azərbaycan tərəfi və Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyev də dəfələrlə bunu söyləyib. Deyib ki, öz torpaqlarına sahib çıxmaq və işğalçılardan azad etmək, ərazi bütövlüyünü beynəlxalq qurumların qanunları çərçivəsində bərpa etmək Azərbaycanın tarixi haqqıdır. İndi görək beynəlxalq qurumlar bu vəziyyətdən hansı nəticələri çıxaracaqlar. Ancaq hansısa irimiqyaslı döyüşlər başlasa, əlbəttə ki, o dövlət sərhədində başlamayacaq. Azərbaycan dövləti heç bir dövlətin topağını işğal etməyi düşünmür. Söhbət ancaq işğal olunmuş Dağlıq Qarabağ torpaqları istiqamətində gedə bilər. Bu da Ali Baş Komandanın əmrinə bağlıdır. Belə bir əmr olarsa, antiterror əməliyyatı artıq həyata keçə bilər və Ordumuz öz torpaqlarımızı azad etməyə başlayacaq. Ona görə də əmr olarsa, bu baş verəcək. Müharibə davam edir. Biz atəşkəs rejimindəyik. Hansı ki, bu rejim tez-tez pozulur. Müdafiə naziri Zakir Həsənov keçirilən toplantıda Prezident İlham Əliyevin qoyulmuş tapşırıqlarından irəli gələrək bununla bağlı çıxış etdi. Bildirdi ki, əgər cəbhə bölgəsində Ermənistan tərəfi hansısa bir təxribata əl atsa, onun cavabı artıq Aprel hadisələri kimi yox, daha təsirli və daha da güclü olacaq. Düşünürəm ki, bəlkə də təxribatın cəbhə bölgəsində deyil, dövlət sərhədində törədilməsinin səbəbi ondan ibarətdir ki, əgər cəbhə bölgəsində bu təxribat olsaydı təbii ki, Ordumuz demək olar ki, Prezidentin dediyi və Müdafiə nazirimizin də bu çıxışdan irəli gələrək xəbərdarlıq etdiyi kimi, bu, artıq Aprel döyüşləri olmayacaq, genişmiqyaslı döyüş əməliyyatları ilə nəticələnəcək. Eyni zamanda Azərbaycanın ərazi bütövlüyünün bərpasına istiqamətləndirilmiş döyüşlər olacaq. İrimiqyaslı döyüşlər hər an, hər dəqiqə ola bilər.

- Hazırda səfərbərliklə bağlı da müəyyən tədbirlər görülür. İnsanlar müraciət edirlər...

- Bəli. Vətəndaşlarımız səfərbərlik orqanlarına müraciət edirlər. Ancaq bunlara heç bir ehtiyac yoxdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti lazımi planlar və tədbirləri professional şəkildə həyata keçirir. Planlar və bütün proqramlar artıq hazırdır. Ali Baş Komandan əgər hər hansı bir əmr versə, bu maşın saat mexanizmi kimi işləyəcək və burada hər kəs öz üzərinə düşən vəzifələri yerinə yetirərək ölkə başçısının əmrinin uğurlu yerinə yetirlməsinə yönəlmiş addımlar atacaqlar.

- Bir neçə gündür ki, Ordumuza dəstək nümayiş olunur. İnsanlar Səfərbərlik xidmətlərinə müraciət edir, cəbhəyə getmək istəyir. Artıq minlərlə müraciət var. Onların içərisində qadınlar da var. İndiki vəziyyətdə gənclərimizin, xüsusilə də qadınların birlik olmasını, hərbçilərimizə dəstəyini necə qiymətləndirirsiniz?

- Bu, Azərbaycanda ilk dəfə deyil. Birinci Qarabağ müharibəsində qadınlarımız hərbiçilərlə bərabər çətin bir missiyanı həyata keçirirdilər. “Aslanın erkəyi, dişisi olmaz” deyə bir atalar sözü var. Bu, hazırkı vəziyyəti xarakterizə edən atalar sözüdür. Ona görə də dövlətin, Vətənin müdafiəsində, təhlükəsizlyinin qorunmasında, işğal olunmuş torpaqlarımızın azad olunması prosesində hər kəs, o cümlədən də bizim qadınlarımız öz borcunu bilir. Bu gün hərbidə xidmət edən oğullar, həmin Azərbaycan qadını böyüdən oğullardır ki, canı bahasına bu gün cəbhə bölgəsində və sərhəddə xidmət edir. Biz bu gərginlikdə onları gördük ki, bir addım da geri çəkilməyərək düşmənin təxribatının qarşısını alaraq hətta canlarından da keçdilər. Həmin ailələr, həmin analar bu oğulları böyüdüb. Azərbaycan qadını bu gün öz övladları, qardaşları, yoldaşları ilə birlikdə bu missiyanı daşımaq istəyirlər və əlindən gələni edirlər, ediblər və edəcəklər də. Bu gün Orduda və digər güc strukturlarında kifayət qədər qadınlar xidmət edir və çətin xidmətin öhdəsindən layiqli şəkildə gəlirlər.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm