Azərbaycanın informasiya qalibiyyəti
Bizi izləyin

Nida Təhlil

Azərbaycanın informasiya qalibiyyəti

Azərbaycan informasiya müharibəsində də Ermənistana qalib gəlir. Bu çox sevindirici cəhətdir. Halbuki 1-ci Qarabağ müharibəsi dönəmində Azərbaycan bu sahədə tək qalmış, haqq səsini dünyaya çatdırmaqda xeyli problemlə üzləşirdi. Ancaq bu dəfə Azərbaycanın informasiya siyasətində üstün olduğunu müşahidə etdik.

Əslində bu sahədəki qalibiyyətimiz təsadüfi deyil. Belə məsələdə təsadüf olmur. Hər bir ölkənin informasiya siyasəti ölkələrlə yaradılan münasibətlərdən asılıdır. Məsələn, Belaraus KİV-ləri heç vaxt Dağlıq Qarabağ və ətraf rayonlarda aparılan antiterror əməliyyatını Ermənistanın xeyrinə verə bilməz. Həmin ölkədən ayrı-ayrı blogerlər bunu edər, amma ümumilikdə dövlət səviyyəsində anti-Azərbaycan xarakterli məlumatlar dövriyyəyə buraxılmaz. Təkcə Belarusun timsalında nümunə gətirməklə, aydın olur ki, informasiya siyasətindəki qalibiyyət ölkələrlə münasibətlərin inkişafından asılıdır.

Azərbaycan bu illər ərzində təkcə hərbi döyüş qabiliyyətini gücləndirməyib, arsenalını zənginləşdirməyib, eyni zamanda informasiya siyasətinə fikir verib. Azərbaycan tərəfi təcrübədən bilirdi ki, yaxın gələcəkdə antiterror əməliyyatları başlananda dünyaya obyektiv xəbərlər vermək lazımdır ki, bəzi ikili siyasət aparan ölkələrdən güclü dirəniş sərgilənməsin. Prezident İlham Əliyevin az qala hər gün dünyanın məşhur telekanallarına, informasiya agentliklərinə müsahibələri göstərir ki, biz informasiya siyasətinə güclü hazırlaşmışıq. Elə Gəncənin dinc sakinlərinə atılan raketdən sonra dağılmış əraziyə gələn xarici telekanal və qəzet nümayəndələrini götürək. İşin peşəkarlıqla təşkil edilməsi özünü göstərdi. Evronews, BBC telekanallarının hadisə yerindən reportajları Avropa və dünya əhalisini erməni faşizmini göstərməyə kömək etdi.

Beləliklə, Azərbaycan həm də informasiya müharibəsində səfərbərdir. Xalqımız virtual məkanda düşmənə tutarlı cavab verməklə Dağlıq Qarabağ ətrafındakı həqiqətləri beynəlxalq aləmə çatdırır, Ermənistanın uydurma yalanlarını, “fake” xəbərlərini ifşa edir. Artıq müşahidələr göstərir ki, Azərbaycanın sadə vətəndaşları da sosial şəbəkələrdə Ermənistanın rəsmi qurumlarının yalanlarını vaxtında tutub anti arqumentlə cavab verirlər. Məsələn, baş nazir Nikol Paşinyanın guya rəşadətli Ermənistan ordusunun qalib gəlməsinə dair statusunun rəy bölümündə yüzlərlə azərbaycanlı bunun yalan olduğunu bildirir, psixoloji təzyiq nümayiş etdirirlər. Yaxud, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyanın da yalançı statuslarının rəy bölümündə azərbaycanlılar fəallıqları ilə seçilirlər. Bütün bunlar ona görə sevindiricidir ki, sadə vətəndaşlar da bu haqq işində geriyə çəkilmir, dövlətlə həmrəylik nümayiş etdirirlər.

Bügünkü təəssürat ondan ibarətdir ki, Ermənistan həm döyüş, həm də informasiya cəbhəsində məğlub olur. Bu qorxu isə düşməni daha da azğınlaşdırır və vəhşicəsinə qoca, cavan, qadın, uşaq demədən mülki əhalinin qanına susayır. Oktyabrın 11-də Gəncənin adının qısa zamanda Tvitterin trendlərinə düşməsini 1 milyondan çox izləyici müşahidə etdi. Azərbaycan Prezidentinin Tvitterdəki səhifəsi günü-gündən daha çox izləyici sayının artması ilə müşahidə olunur. Əcnəbi istifadəçilərin doğru məlumatları Azərbaycan Prezidentinin Tvitter səhifəsindən alması da, informasiya cəbhəsində böyük uğurdur.

Azərbaycanın informasiya siyasətində daha bir uğuru Dağlıq Qarabağdaklı antiterror əməliyyatına kölgə salan və Ermənistan tərəfdən əraziyə daxil olan ayrı-ayrı blogerlərin və özünə hərbi reportyor adı verənlərin barəsində cinayət işinin qaldırılmasından ibarətdir. Respublika Prokurorluğunun Semyon Peqov barəsində qaldırdığı cinayət işi buna misaldır. Bu təkcə cinayət işinin qaldırılması ilə yekunlaşmır. Azərbaycan tərəfi həmin blogerin vətəndaşı olduğu ölkənin Baş prokuroru ilə danışır ki, iki ölkə arasındakı müqaviləyə əsasən təqsirkar təhvil verilməlidir. Görünən odur ki, Azərbaycan tərəfi mövcud döyüşlərdə humanistlik nümayiş etdirmir, hər qaldırılan cinayət digər feyk xəbər yayanları məsuliyyətli olmağa çağırır.

Sevindirici haldır ki, artıq dünyanın aparıcı Kütləvi İnformasiya Vasitələri xəbər yayarkən əsasən Azərbaycanın rəsmi mənbələrinə istinad edir. Azərbaycan Prezidentinin ardıcıl olaraq dünyanın aparıcı televiziya kanallarına verdiyi müsahibələr əsas götürülür. Dövlət başçısı həmin müsahibələrində həm baş verənləri olduğu kimi beynəlxalq aləmə çatdırır, həm də tarixi faktları dəqiqliyi ilə açıqlayır. Artıq Ermənistanda anlayırlar ki, informasiya müharibəsində uduzublar. Bu ondan irəli gəlir ki,onlar Azərbaycanı vaxtında dəyərləndirməyi bacarmadılar.

Azər Qismət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm