Prezident Qarabağda son nöqtəni qoydu: mötərizə olmayacaq - TƏHLİL
Bizi izləyin

Nida Təhlil

Prezident Qarabağda son nöqtəni qoydu: mötərizə olmayacaq - TƏHLİL

Azərbaycan 30 ildən sonra işğal olunmuş torpaqlarının azad edilməsi istiqamətində qətiyyətli addımlarla beynəlxalq hüququ və tarixi ədaləti bərpa edir. Artıq nə təmas xətti var, nə də status-kvo. Hərbi və siyasi şərtlər dəyişib, bunu Ali Baş Komandan və onun rəhbərlik etdiyi Azərbaycan ordusu edir.

Hərbi cəbhədə darmadağın edilən işğalçı diplomatik cəbhədə də ağır zərbələrlə üzləşir. İndiki situasiyada Ermənistanın yeganə yolu daha böyük itkilər vermədən işğal edilmiş əraziləri boşaltmaqdır.

Əsgər cəbhədə döyüşərkən, masada nələr müzakirə olunur?

Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində işğalçı ölkə üçün çıxış yolunu göstərdi: “Əvvəlki satus-kvo artıq mövcud deyil, təmas xətti yoxdur. İndi Ermənistan rəhbərliyi daha məntiqli davranmalıdır və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır”.

Danışıqlar prosesinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı fərqli bir vəziyyətdə aparıla biləcəyini deyən dövlət başçısı bəyan etdi ki, müzakirələrdə Azərbaycanın əsas məqsədi Ermənistan rəhbərliyinin ərazilərin boşaldılmasına hazır olub-olmamasını və hazır olduğu təqdirdə bunun nə vaxt baş verəcəyini müəyyən etməkdir.

Sentyabrın 27-də başlanan hərbi əməliyyatlar nəticəsində ordumuz Cəbrayıl, Füzuli və Zəngilan şəhərləri daxil olmaqla 130-dən çox yaşayış məntəqəsini azad edib. Hərbi cəbhədə məğlub olan Ermənistan indiyə qədər qaçdığı danışıqlar masasının yenidən qurulması üçün müxtəlif qapıları döyməyə başladı. Hərbi əməliyyatların davam etdiyi vaxt Azərbaycan xarici işlər nazirləri səviyyəsində danışıqlara razılaşdı.

XİN rəhbərləri səviyyəsində davam edən təmasların məqsədi Ermənistanın beynəlxalq hüququn tələblərini yerinə yetirməyə hazır olub-olmamasını müəyyənləşdirməkdir. Azərbaycan işğalçı ölkəyə daha böyük itkilər vermədən əraziləri boşaltmaq şansını verir, amma indiyə qədər baş tutmuş təmaslarda Ermənistan heç bir konstruktiv addım atmayıb.

İşğalçının davranışı müharibəni qaçılmaz etdi

İşğalçı ölkənin bu mövqeyi 30 ildir davam edir. İndiyə qədər danışıqlar masasında əsas mövzu BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması olub. Lakin Ermənistanın baş naziri Nikol Paşinyan “Qarabağ Ermənistandır” bəyanatları və qondarma “dqr”-i danışıqlara tərəf kimi salmaq cəhdləri ilə illərdir mövcud olan masanı alt-üst etdi və müharibədən başqa çıxış yolu qoymadı.

Hərbi əməliyyatların başlanmasından sonra qurulan təmaslarda Ermənistanın sərgilədiyi mövqe və mülki əhaliyə hücumları da göstərdi ki, bu ölkənin rəhbərliyi ilə nəyisə müzakirə etmək, yaxud uzlaşmaq mümkün deyil. Xüsusilə Moskvada əldə olunan birinci “humanitar atəşkəs”dən saatlar sonra Gəncəyə ballistik raketlər atması, dinc əhalini qətlə yetirməsi, ikinci “humanitar atəşkəs”dən cəmi 2 dəqiqə sonra yenə mülki əhalini və yaşayış məntəqələrini hədəf alması bunu təsdiqləyir.

2018-ci ildən sonra işğalçı ölkənin davamlı təxribat törətməsi və son olaraq dinc əhaliyə qarşı terror hücumları hazırki müharibəni qaçılmaz etdi. Və Prezident İlham Əliyevin müsahibədə dediyi kimi, “Azərbaycan Ermənistan hökumətinə sübut etdi ki, artıq onlar bu cəzasız təcavüzkar addımları ata bilməzlər”.

Dövlət başçısı aydın şəkildə ifadə edib ki, atəşkəsə nail olmaq üçün edilən cəhdlərin uğursuzluğu Ermənistanın Azərbaycanın yaşayış məntəqələrinə, mülki əhaliyə, hərbi mövqelərinə hücumlarının dayandırılmaması ilə bağlıdır.

Ermənistan azad edilmiş əraziləri yenidən geri götürmək istəyir, Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətlər törədir, şəhərləri ballistik raketlərlə atəşə tutur. Ermənistanın baş naziri N.Paşinyan zorakılığa və dinc əhaliyə qarşı hərbi cinayətlərin törədilməsinə görə şəxsən məsuliyyət daşıyır. Atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Əgər Azərbaycana hücum olunursa, onun həm özünü müdafiə etmək, həm də əks-hücuma keçmək hüququ var. Ermənistan hökuməti öz davranışı haqqında ciddi düşünməlidir və əgər atəşkəsin səmərəli olmasını istəyirsə, atəşkəsi pozmamlı, artıq işğaldan azad edilmiş əraziləri geri götürməyə cəhd göstərməməli, işğal olunmuş bütün Azərbaycan ərazilərinin boşaldılması üçün üzərinə ciddi öhdəlik götürməlidir”, - Prezident bildirib.

Həmsədrlər 30 ildir etmədiklərini indi etməlidir

Ermənistan bunu etmir və təcavüz siyasətindən əl çəkmir. Hərbi cəbhədə bunun cəzasını çəkməkdədir. İşğalçı ölkənin bu yanaşması onun mahiyyətindən irəli gəlməklə yanaşı, həm də ATƏT-in Minsk qrupu həmsədrlərinin indiyə qədər dişsiz fəaliyyəti, Ermənistanın təxribatlarına səssiz qalması və təzavüzkarı cəalandırmamasından irəli gəlir. Azərbaycan bu gün həmsədr dövlətlərin də tərəfdar çıxdığı BMT TŞ məlum qətnamələrinin icrasınə həyata keçirir və bu kontekstdə Minsk qrupu işğalçıya təzyiqi gücləndirməli, Ermənistan rəhbərliyini öz xalqını fəlakətə aparan siyasətindən əl çəkməyə məcbur etməlidir.

Prezident İlham Əliyev də bəyan edib ki, Minsk qrupunun həmsədrləri zorakılığı dayandırmaq və 28 il ərzində yerinə yetirilməyən mandatı yerinə yetirmək üçün xüsusilə indi, Ermənistanın döyüş meydanında məğlub olduğu bir vaxtda öz rollarını oynamalıdırlar.

Dövlət başçısı həmçinin qeyd edib ki, vasitəçi ölkə neytral olmalıdır, əks-təqdirdə vasitəçi ola bilməz.

Hərbi əməliyyatların getdiyi dövrdə biz həmsədr ölkələr arasında vasitəçilik missiyasına uyğun olmayan mövqeni də müşahidə etdik, xüsusilə Fransanın məsələyə münasibəti missiyasına qeyri-adekvat idi. Həmsədr ölkələr bundan sonra prosesə ədalətli və neytral yanaşmalıdır, əks təqdirdə bu, özlərinin imicinə ziyan vurur.

Türkiyə: pozulan balans bərpa edilməlidir

Prezident müsahibəsində ən diqqət çəkən məqamlardan biri də Türkiyənin münaqişənin nizamlanmasındakı rolu ilə bağlı dedikləri idi.

Prezident bəyan edib:

- Türkiyə indi təkcə Cənubi Qafqaz regionunda deyil, daha geniş coğrafiyada və dünyada mühüm rol oynayır;
- Türkiyə Azərbaycan üçün qardaş ölkədir, ən yaxın müttəfiq və dostdur; - Türkiyə və Rusiyanın prezidentləri, xarici iİşlər nazirləri, müdafiə nazirləri görüşüblər, söhbət aparıblar, bu məsələni müzakirə ediblər;
- Türkiyə Qafqazın 3 ölkəsi ilə sərhədi olan yeganə ölkədir. Türkiyə nizamlama prosesində fəal şəkildə iştirak etməlidir. Türkiyənin prosesdə iştirakı ona sabitlik gətirəcək;


Türkiyə Minsk qrupunun üzv ölkələrindən biridir. Münqişənin həlli ilə bağlı vasitəçilik missiyası qurulanda üç ölkə - Fransa, ABŞ və Rusiya masada əsas vasitəçi oldu. Hərçənd, Fransanın Ermənistanı dəstəklədiyi məlumdur, son hərbi əməliyyatlarda rəsmi Parisin tutduğu mövqe bunu bir daha sübut etdi. Rusiya özünü böyük və məsuliyyətli dövlət kimi aparsa da, Ermənistanla eyni hərbi ittifaqda təmsil olunması balansı pozur. ABŞ daha çox prosesdən uzaqda dayanır. Türkiyənin əsas vasitəçilərdən biri olması həm Minsk qrupu formatında pozulmuş balansın bərpa edilməsi, həm də regionun vacib ölkələrindən biri kimi münaqişənin həllində daha səmərəli iştirakını şərtləndirir.

Qarabağda referendum olmayacaq

Və müsahibədə ən vacib, eləcə də prosesin necə bitəcəyinə aydınlaşıran məqam Qarabağda referendumun olub-olmayacağı məsələsidir.

İndiyə qədər masada mövcud olan sənədlərdə əsas müzakirə olunan məsələlərdən biri də sonda Dağlıq Qarabağda referendumun keçirilməsi idi.

Prezident qəti şəkildə bəyan etdi ki, Dağlıq Qarabağda heç bir referendum olmayacaq:

Azərbaycan danışıqlar zamanı buna razılıq verməyib və indi ərazinin böyük bir hissəsini geri alındığı bir vaxtda bundan söhbət gedə bilməz. Ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti var. Əgər ermənilər yaşadıqları hər yerdə öz müqəddəratlarını təyin etsələr nə baş verər, dünyada neçə kiçik Ermənistan olar. Öz müqəddəratını təyinetmə Azərbaycanın ərazi bütövlüyünü pozmamalıdır. Öz müqəddəratını təyinetmənin müxtəlif növləri var, məsələn, mədəni muxtariyyət ola bilər. Heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verilməyəcək”.

Azərbaycan lideri bununla məsələyə nöqtəni qoydu.

- Qarabağda Azərbaycan vətəndaşı olan ermənilər bərabərhüquqlu vətəndaş kimi yaşaya bilərlər;
- Azərbaycanın dünyaya nümunə olan tolerantlıq mühiti buna geniş imkan verir;
- Qarabağda mədəni muxtariyyət ola bilər, amma bu da sonranın məsələsidir;
- Azərbaycan ərazi bütövlüyünü tam bərpa edəcək;


Prezident İlham Əliyev bu müsahibəsində prosesi hərtərəfli şərh etdi, mövcud vəziyyəti və bundan sonra olacaqlarını göstərdi. Ali Baş Komandan Qarabağda son nöqtəni qoydu və bundan sonra heç bir mötərizə yoxdur. İstiqamət Azərbaycanın ərazi bütövlüyüdür...

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm