Bayden Zərifin çağırışına cavab verəcək? - AÇIQLAMA
Bizi izləyin

Nida Təhlil

Bayden Zərifin çağırışına cavab verəcək? - AÇIQLAMA

“Siyasi analitiklərin çoxu hesab edir ki, Co Bayden Trampın “altılar” sazişindən çıxmasını bəyənmir və ehtimalən o, həmin sazişə qayıdacaq. Çünki Amerika İranı nüvə silahının hazırlanması istiqamətində daima nəzarət altında saxlamaq fikrindədir. Amma İrana tətbiq edilən sanksiyaların ləğv edilməsi məsələsi xeyli problemlidir”.

Publika.az xəbər verir ki, bunu İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin “ABŞ-ın yeni hökumətindən İranla bağlı sanksiyaları ləğv etməsini gözləyirik” çağırışını şərh edən politoloq Qabil Hüseynli deyib.

Onun fikrincə, Zərifin söyləməsinə baxmayaraq, Amerika İrana tətbiq etdiyi sanksiyaları nəinki azaldar, heç yumşaltmaz: “Çünki müəyyən “şahin” təbiətli adamlar əksinə, sanksiyaların sərtləşdirilməsini istəyir. Üstəlik, İsrail də bir-birinin ardınca bəyan edir ki, İran nüvə silahının yaradılması istiqamətində səylərini davam etdirir. Guya yeraltı bazalarında uranın saflaşdırılması məqsədilə xüsusi qurğuların fəaliyyətini bərpa edib və bu istiqamətdə gərgin işlər aparır. Bu məqsədlə o, İrana qarşı hava əməliyyatlarına başlayacağını bildirib”.

“Dünən də Səudiyyə Ərəbistanı xüsusi bəyanatla çıxış etdi ki, İran nüvə silahı yaradacağı və ona kəskin müqavimət göstərilməyəcəyi təqdirdə, o da nüvə silahının yaradılması prosesinə başlayacaq. Yəni İranla bağlı iddiaları olan bir neçə ərəb dövləti var və onlar İranın nüvə silahına malik olmasını bölgə üçün çox təhlükəli hesab edirlər. Bu zəmində Baydenin ABŞ-ın ən yaxın strateji müttəfiqlərindən olan Səudiyyə Ərəbistanının belə bəyanatını nəzərə almaması çətin ki, mümkün olsun”, - politoloq əlavə edib.

Hüseynli qeyd edib ki, üstəlik İsrailin, onun maraqlarını müdafiə edən yəhudi lobbisinin də Baydenin üzərində ciddi təzyiqlərinin olduğunu söyləmək olar: “Bir sözlə, Amerikanın “altılar” sazişinə qayıtması kifayət qədər mürəkkəbdir və siyasi təhlilçilər hesab edirlər ki, İran həmin müqavilənin mövcud olduğu müddətdə gizli surətdə həm uranın saflaşdırılması ilə məşğul olurdu, həm də nüvə silahını əldə etmək üçün zəruri komponentlərdən biri olan ağır suyun (H3O) əldə edilməsi istiqamətində də araşdırmalarını davam etdirirdi. Bir sözlə, İrana qarşı, onun nüvə silahına can atması ilə bağlı dünya ictimai rəyində birmənalı fikir yoxdur və ona görə də Zərifin çağırışlarının bir nəticəsi olacağı qənaətində deyiləm”.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm