Vətən cəbhəsində zəfər çaldıq, bəs həyat cəbhəsində? - COVİD-19 təhlükəsi böyüyür
Bizi izləyin

Nida Təhlil

Vətən cəbhəsində zəfər çaldıq, bəs həyat cəbhəsində? - COVİD-19 təhlükəsi böyüyür

COVİD-19 yenidən dünyanı əsarəti altına alır. Virusun yayıldığı ilk mərhələdən sonra yoluxma halları tədricən minimallaşsa da, mövsümü dəyişikliklə yoluxma və ölüm halları mənfi ssenari üzrə artmaqdadır.

İngiltərədə ölüm faktı 58 mini keçdi. İtaliyada bir gündə 26 min 323 yeni yoluxma halı, 686 ölü faktı qeydə alındı. Xorvatiyada gündəlik yoluxma faktı 4 mindən çoxdur, eyni tendensiya Danimarka da davam edir. Qardaş Türkiyə də yoluxma və ölüm halları sürətlə artmaqdadır.

Eyni vəziyyət bütün dünyada müşahidə olunur. Artıq demək olar ki, əksər ölkə yoluxmanın qarşısını almaq üçün sərt məhdudiyyətlərin yenidən tətbiqinə start verib. Çünki indiyə qədərki təcrübə də göstərir ki, koronavirusla mübarizənin ən effektiv yolu hələki karantin rejiminin tətbiqidir. Bu məhdudiyyətlərin iqtisadiyyata, insanların sosial-psixoloji vəziyyətinə təsir etməsi reallığına rəğmən, ölkələr çarə kimi məhz ən effektiv yolu seçməyə məcbur olurlar.

Avropanın müxtəlif ölkələrində restoranlar, kafelər, idman zalları, ibadət yerləri, bir sözlə insanların kütləvi şəkildə toplaşdığı bütün məkanlar qapadılıb. Karantin qaydalarını pozanlara qarşı cəzalar sərtləşdirilir, hətta təkcə cərimələrlə yox, cinayət məsuliyyətinə cəlb etmə addımları atılır.

Müşahidələr göstərir ki, müxtəlif ölkələrdə insanların vəziyyətin ciddiliyini, koronavirusun həyatları üçün nə qədər təhlükəli olduğunu qəbul etmək istəmir. Eyni vəziyyət Azərbaycanda da mövcuddur. üsusilə insanların xəstəliyin təhlükəsini yaz və yay aylarında olduğu qədər məsuliyyətlə dərk etmir, tövsiyələri qulaqardına vurur, qoyulan qaydalara əməl etmir.

Nə baş verir?

Azərbaycan Vətən müharibəsində qələbə qazandı. 30 il sonra torpaqlarımız işğaldan azad olundu, təbii olaraq, hər kəs bayram əhval-ruhiyyəsindədir və sevinmək haqqımızdır da. Amma Vətən cəbhəsində qalib gələn Azərbaycan həyat cəbhəsində çətin vəziyyətdədir:

- İnsanlar Qələbəni qeyd etmək üçün kütləvi şəkildə bir yerə toplaşır;
- Qələbə münasibətilə yürüşlər keçirir;
- Vətən müharibəsinin şəhidlərinin yas mərasimləri kütləvi şəkildə keçirilir;


Bu kütləviliyin bundan sonrada olacağı məlumdur və nəticədə COVİD-19 pandemiyası ikinci plana keçib.

Biz Vətən müharibəsində qələbə qazandıq, həyat müharibəsində vəziyyət ürəkaçan deyil. Son 10-14 ərzində qeydə alınan statistika bunu deməyə əsas verir.

Cəmi iki həftə ərzində aktiv xəstələrin sayı iki dəfə artaraq 45000 keçib. Artım tendensiyası davam edir və dekabrın ilk ongünlüyündı yoluxma sürəti aşağı düşməsə aktiv xəstələrin sayının 90000 nəfərə çatacağı gözləniləndir. Hazırki vəziyyət növbəti günlərdə gündəlik yoluxma hallarının 5-6 minə çatacağını proqnozlaşdırmağa imkan verir.

Bu situasiya milli səhiyyə sisteminin imkanlarını aşır: xəstələrin xəstəxanalara çatdırılması, vaxtında tibbi müdaxilənin edilməsi, çarpayı ilə təminatı, təmasların izlənilməsi qeyri-mümkün olacaq.

Yoluxmanın artması ölüm hallarının çoxalmasına da səbəb olub. Yay ayları ilə müqayisədə gündəlik ölüm halları 4 dəfəyə qədər artıb. Yoluxma hallarının artması ölüm hallarının da artmasını şərtləndirən amildir. Hazırda yoluxma hallarının 1,1,5 faizi ölümlə nəticələnir. Bunun qarşısını almağın yeganə yolu gündəlik yoluxma sayının aşağı düşməsidir.

Azərbaycanda koronavirusla mübarizə sahəsində indiyə qədər effektiv addımlar atılıb: səhiyyə sisteminin potensialı gücləndirilib; çarpayı fondu artırılıb; zəruri dərman vasitələrinin tədarükü həyata keçirilir; yeni xəstəxanaların tikilməsi, həkim və tibbi personalın mobilizasiyası nəticəsində bu gün 40000 nəfərdən çox xəstənin müalicəsi mümkündür;

Amma aktiv xəstə sayının 40000 nəfəri keçməsi və növbəti dövrdə 90000 nəfərə çatması təhlükəsi səhiyyənin mövcud imkanlarını geridə qoyur. Vətəndaşlar real vəziyyəti anlamalıdır.

Bu günə qədər COVİD-19 pandemiyasının qarşısının alınması istiqamətində ən təsirli tədbirlər sərt məhdudiyyətlərin tətbiqi olub. Bunun nəticəsində iki dəfə xəstəliyin sayında sürətli artımın qarşısı alınıb və onun minimallaşdırılmasına nail olunub. Lakin bu məhdudiyyətlərin iqtisadi, insalara sosial-psxoloji təsirləri hər birimizə məlumdur və arzuedilməzdir. Məhz bu səbəbdən də məhdudiyyətlərin tətbiqi hələlik minimal miqyasda həyata keçirilir.

Hərçənd, vəziyyət bu istiqamətdə inkişaf edəcəyi, ölkənin səhiyyə sisteminə real təhlükə yaranacağı, yoluxma və ölüm hallarının arzuolunmaz miqyasda artacağı təqdirdə nə olacaq? Bu sual hamını düşündürməlidir. Hər kəs bilməlidir ki, vəziyyətin daha bir neçə gün belə davam etməsi yenidən sərt məhdudiyyətlərin tətbiqi, tam təcrid, SMS icazə və s. bu kimi tədbirlələ nəticələnəcək.

Bunun baş verməməsi üçün hər şey vətəndaşlardan asılıdır. Hər kəs vəzuyyətin yaxşılaşmasına töhfə verməli, daha məsuliyyətli olmalı, davranışlarını mövcud tələblərə uyğunlaşdırmalıdırlar. COVİD-19 virusu ilə mübarizədə ən vacib amil vətəndaş həmrəyliyi və dövlət-vətəndaş əməkdaşlığıdır.

Biz bundan öncə xəstəliyə məhz həmrəyliklə qalib gəlmiş və yoluxmanı minimallaşdırmışdıq, indi yenidən buna ehtiyac var.

Unutmamalıyıq, Vətən müharibəsində zəfər çaldıq, bu zəfəri məsələ insanların sağlamlığı və həyatı olan cəbhədə də qazanmaq üçün dövlət-vətəndaş həmrəliyinə ehtiyac var.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm