Medianın İnkişafı Agentliyinin əhəmiyyəti: yeni mərhələ başlanır...
Bizi izləyin

Nida Təhlil

Medianın İnkişafı Agentliyinin əhəmiyyəti: yeni mərhələ başlanır...

Prezident İlham Əliyevin Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı.

Fərmanda Medianın İnkişafı Agentliyinin iş prinsipləri öz əksini tapır. Belə bir agentliyin yaradılmasının zəruriliyini də elə Fərmanda qeyd olunan “Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə...” sözlərində tapa bilərik.

Medianın inkişafına dəstək verən dövlət müasir informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılmasında maraqlıdır. Çünki Azərbaycan mediasındakı mövcud vəziyyət müasir tələblərə cavab vermir, bununla yanaşı, dövlətin mediaya dəstək siyasətini həyata keçirən qurumun səlahiyyətlərinin dar olması media sahəsinə göstərilən dəstəyin effektivliyini azaldır.

KİVDF-nin fəaliyyət çərçivəsinə nəzər yetirdikdə Medianın İnkişafı Agentliyinin yaradılması zəruriliyini daha asan görmək olur.

Fondun əsas hədəfi çap mediasının inkişafına dəstək vermək idi, verirdi də. Lakin iki sual aktullığı ilə daim gündəmdə idi:

- Azərbaycan mediası təkcə çap mediasından ibarətdir?
- Çap mediasının cəmiyyətin informasiya təminatına rolu nə qədərdir?


Bu iki sualın cavabı dövlətin mediaya dəstək siyasətinin mövcud vəziyyətə adekvat olmadığını təsdiqləyir.

Çap mediası artıq ötən əsrdə qalıb deyə bilərik, xüsusilə Azərbaycan kimi əhali sayı çox olmayan ölkələrdə qəzetlərin informasiya təminatında arxa plana keçməsi sürətlə baş verdi. Eyni sürətlə yerini sosial media adlanan yeni informasiya resurslarına verdi: onlayn media (informasiya agentlikləri, xəbər saytları), sosial şəbəkələr (Facebook, Twitter, İnstagram, son dövrlər daha da məşhurlaşan Telegram və s.).

İnsanlar xəbəri bir gün sonra oxucuya çatdıran qəzetlərə diqqət ayırmır, hətta qəzetlərin üstünlük verdiyi şərhlər, təhlillər, yaxud digər iri həcmli materiallar da onlayn mediada yayımlanır.

Hərçənd, KİVDF-nin fəaliyyətinin çap mediası ilə məhdudlaşması onlayn medianın kənarda qalması ilə nəticələnir.

1. Dövlətin mediaya dəstəyi bütün sahəni tam əhatə etmir;
2. Əsas informasiya təminatı həyata keçirən onlayn medianın dəstəkdən kənarda qalması müasir texnologiyaların və innovasiyaların tətbiqini çətinləşdirir;
3. Bu vəziyyət qeyri-peşəkarlığın, xüsusilə reket jurnalistikanın “inkişafını stimullaşdırır”;
4. Mənfi inkişaf bir çox hallarda dövlət və milli maraqlara zidd informasiyaların yayılması ilə nəticələnir;


Bunun başlıca səbəbi onlayn medianın əsas informasiya axınını həyata keçirməsinə baxmayaraq, havadan asılı vəziyyətdə qalmasıdır: istər qanunvericilik baxımından, istərsə dövlət dəstəyi baxımından...

Medianın İnkişafı Agentliyinin yaradılması məhz bu baxımdan önəmli addımdır. Beləliklə, Azərbaycan mediasının inkişafında yeni mərhələnin başlandığını hesab edə bilərik:

- Dövlətin mediaya dəstəyinin əhatəsi çap mediası ilə yanaşı, onlayn medianı da əhatə edəcək;
- Bu dəstək mediada müasir texnologiyaların və innovasiyaların tətbiqini stimullaşdıracaq;
- Bu, medianın inkişafına və peşəkarlaşmasına, o cümlədən, nüfuzunun artmasına səbəb olacaq;
- Peşəkar və nüfuzlu medianın inkişafı ciddi təhlükəyə çevrilən “reket jurnalistika”sının da qarşısını alacaq;


Belə bir agentliyin yaradılması media qanunvericiliyi sahəsində də dəyişikliyi şərtləndirir, çünki köhnə KİV haqqında qanun mövcud vəziyyətə adekvat deyil. Prezident dövlətin media siyasətini mövcud vəziyyətə uyğunlaşdıracaq mühüm qərar qəbul etdi. Bu, ardınca KİV haqqında qanunun yenilənməsini də özü ilə gətirəcək.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm