Qriqoryanın dedikləri sübuta yetirir ki, Aprel döyüşlərindən sonra... - Politoloq
Bizi izləyin

Nida Təhlil

Qriqoryanın dedikləri sübuta yetirir ki, Aprel döyüşlərindən sonra... - Politoloq

"Serj Sarkisyanın Aprel döyüşləri ilə bağlı iddialarını Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan təkzib edib və keçmiş prezidentin yalan danışdığını söyləyib. Qriqoryan bildirib ki, Aprel döyüşləri Serj Sarkisyanın Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı vədlərindən sonra dayandırılıb. Sitat: "Bu vədlərdən sonra torpaqların azad edilməsi ilə bağlı qrafik də müəyyənləşdirilib. Sonra isə Sarkisyan vədlərini yerinə yetirməmək üçün müxtəlif bəhanələr uydurub. 2016-cı ilin yayında baş verən "Sasna srer" hadisəsindən prosesin 2017-ci ilin aprelinə kimi təxirə salınması üçün yararlanıb. Bu adam Ermənistanı dalana dirəyən vədlər verdikdən sonra ölkə üçün olduqca ağır yük saxlayaraq hakimiyyətdən gedir, sonra isə gəlib elan edir ki, mən hansısa addımlar atmağa, hansısa sənədi imzalamağa hazır idim. Tamamilə dəqiq şəkildə deyə bilərəm ki, məhz Sarkisyanın vədləri ucbatından biz çox ciddi problemlərlə üzləşmişdik".

Publika.az xəbər verir ki, bu sözləri "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli qeyd edib.

Elçin Mirzəbəyli vurğulayıb ki, Serj Sarkisyan "Armnews" telekanalına müsahibəsində Aprel döyüşlərindən sonra Azərbaycanın 7 rayonunun boşaldılması ilə bağlı hər hansı razılaşmanın olmadığını, döyüşlərin guya Azərbaycanın "xahişi ilə" dayandırıldığını bildirib:

"Xocalı canisi S.Sarkisyanın sözügedən müsahibəsində diqqətdən kənarda qalan bir məqam da var. Bu da Tovuz döyüşləri zamanı Ermənistanın Azərbaycanı müharibəyə təhrik etməsi ilə bağlıdır. Doğrudur, hətta erməni dilində də biabırçı özünüifadə "qabiliyyəti" olan Sarkisyan "hə" və "yox" cavabının tələb olduğu suallara uzun-uzadı və nala-mıxa döyməklə cavab versə də, bütün hallarda onun sərsəmləmələrindən nə demək istədiyini müəyyənləşdirmək mümkündür. Jurnalistin "Müharibəni Paşinyan hökuməti başladıb? Onlar (Azərbaycanı-E.M) təxribata çəkiblər?" suallarını Sarkisyan belə cavablandırır: "Bilirsiniz, iki böyük problem var. Əvvəla icazə verin o məsələyə qayıdım ki, nə üçün müttəfiqini aldatmaq olmaz. Əgər siz mövqe üstünlüyü əldə etdiyinizi səhnələşdirirsinizsə, sonra münaqişə müəyyən qədər böyüyürsə və siz çığıraraq bütün dünyaya deyirsiniz ki, azərbaycanlılar hücum edib, biz müdafiə olunmuşuq. Bunu deməzdən öncə anlamalısınız ki, Rusiya, ABŞ və Fransa kimi ölkələr provokasiyanın kimin tərəfindən başladığını artıq bilirlər".

Politoloq əlavə edib ki, Sarkisyan Azərbaycanı müharibəyə Ermənistanın təhrik etdiyini və Rusiya, ABŞ və Fransanın bunu bildiyini deyib: "Düşünürəm ki, Sarkisyanın ona qarşı ünvanlanan ittihamlara cavab olaraq səsləndirdiyi bu fikirlər ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin 44 günlük müharibə dövründəki davranışlarına müəyyən qədər aydınlıq gətirir. Hərçənd ki, bu, Azərbaycan ictimaiyyətinə yeni heç nə demir.

Sarkisyan son bir həftə ərzində, öncə "Respublika meydanı"nda etiraz aksiyası keçirən gənclərin "təşviqat çadırı"na gedir, onlarla söhbət edib şəkil çəkdirir, dəstəyini bildirir, sonra müsahibəsində Paşinyan hakimiyyətini "yıxıb sürüyür" və sonda bəyan edir ki, onun hakimiyyət iddiası yoxdur. O zaman sual olunur, bütün bunlar nə üçün idi? Zənnimcə, Sarkisyanın indiki şəraitdə yeganə hədəfi məsuliyyətdən yayınmaq, həbs olunmamaqdır. Çünki Ermənistan prokurorluğunda açılan yeni cinayət işlərinin bir ucu Serj Sarkisyana, onun prezidentliyi dönəmində ordunun təchizatı, silah-sursat, hərbi texnikanın alınması ilə bağlı məqamlara gedib çıxır.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın dedikləri isə sübuta yetirir ki, Aprel döyüşlərindən sonra Azərbaycanın 7 rayonunun işğaldan azad edilməsi razılaşdırılıb, hətta torpaqların boşaldılmasının qrafiki də hazırlanıb. Lakin Sarkisyan vədini yerinə yetirməyib, etimadını itirib və bu səbəbdən də onun hakimiyyətini qorumaqda ənənəvi müttəfiqləri maraqlı olmayıblar".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm