Bu, ölkəmizin nüfuzunun göstəricisidir - Məlahət İbrahimqızı
Bizi izləyin

Nida Təhlil

Bu, ölkəmizin nüfuzunun göstəricisidir - Məlahət İbrahimqızı

“Futbol üzrə Avropa çempionatının 4 oyunu Azərbaycanda keçiriləcək. Bu, Azərbaycan dövlətinə, Azərbaycan hakimiyyətinə olan böyük etimaddır”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.

Millət vəkilinin fikrincə, bu cür tədbirlərin keçirilməsi Azərbaycan dövlətinin inkişaf etmiş ölkələr cərgəsində olmasına bir işarədir:

“Ölkəmizdə bu qədər böyük yarışların keçirilməsi ilk dəfə deyil. Bildiyimiz kimi, ilk Avropa oyunları gündəmə gələndə bu beynəlxalq yarışın Azərbaycanda keçirilməsinə razılıq verildi. Azərbaycan da bu yarışların keçirilməsinə yüksək səviyyədə ev sahibliyi etdi. Ölkəmizdə keçirilən yarışlar daha sonra digər dövlətlərə örnək kimi təqdim olundu. Ümumiyyətlə, beynəlxalq tədbirlər, forumlar, konfranslar, mədəniyyət və incəsənət tədbirlərinin keçirilməsi Azərbaycanda ilk dəfə deyil. Yaxın zamanda “Formula 1” yarışlarının yüksək səviyyədə keçirilməsi də Azərbaycan dövlətinin, iqtidarının və Azərbaycan Respublikası Prezidentinin nüfuzunu göstərir. Bildiyimiz kimi, dördüncü İslam Həmrəyliyi Oyunları və “Avroviziya” musiqi yarışması da Azərbaycanda yüksək səviyyədə keçirilib”.

Məlahət İbrahimqızının sözlərinə görə, bu cür böyük yarışların Azərbaycanda keçirilməsi ölkəmizə olan etimadı göstərir: “Möhtərəm Prezidentimiz 2003-cü ildə hakimiyyətə gəldikdən sonra bir tərəfdən Azərbaycan xalqının rifahına, dövlətimizin inkişafına, güclənməsinə, digər tərəfdən isə Azərbaycanın beynəlxalq aləmdə nüfuzuna, imicinə böyük töhfələr verən daxili və xarici siyasət həyata keçirib. Bu cür tədbirlər Azərbaycan xalqının nə qədər mütərəqqi bir xalq olduğunu göstərir. Baxmayaraq ki, dünya koronavirus pandemiyası ilə mübarizə aparırdı. Biz isə belə bir qlobal təhlükə fonunda 30 ilə yaxın işğalda olan torpaqlarımızı danışıqlar nəticə vermədiyi üçün Ali Baş Komandanımız İlham Əliyevin haqq-ədaləti bərpa etməsi üçün irəli əmri verdikdən sonra 44 günlük müharibə ilə işğaldan azad etdik. Bu, dövlət başçımızın, xalqımızın, ordumuzun gücü idi. Eyni zamanda Xalq-Ordu-İqtidar-Prezident vəhdətini göstərirdi”.

Millət vəkili bildirib ki, Azərbaycan həm koronavirus pandemiyası ilə mübarizə aparıb, həm də öz torpaqlarını 30 illik işğaldan azad edib: “Bu, həqiqətdir ki, COVID-19 pandemiyası müddətində bir çox ölkələrin iqtisadiyyatı, səhiyyə sistemi çökdü. Biz isə qismən səfərbərlik elan edərək bir tərəfdən torpaqlarımızı erməni işğalçılarından azad etdik, digər tərəfdən isə koronavirusa qarşı mübarizədə böyük nəticələr əldə olundu. Biz 30-dan çox ölkəyə yardım etdik. Eyni zamanda, dünyanın inkişafdan geri qalmış ölkələrinə 10 milyon dollar məbləğində vəsait ianə etdik.

Bir daha qeyd edim ki, Avro-2020 oyunlarının ölkəmizdə keçirilməsi dünya ictimaiyyətinin diqqətini ölkəmizə cəlb edir. Biz Azərbaycanı sevməyən faşist erməni liderlərinin siyasətinə uyğun siyasət həyata keçirmirik”.

M.İbrahimqızı deyib ki, ölkəmizdə keçirilən oyunlarda iştirak edəcək komandalardan biri də qardaş Türkiyədir:

“Həmin oyunu Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan birlikdə izləyəcək. Ölkəmizin yüksək nüfuza malik olmasında gecəsini gündüzünə qatan cənab Prezidentimizə borcluyuq. Eyni zamanda, humanitar sahədə çox böyük işlər görən Birinci vitse-prezident Mehriban xanımın da böyük xidmətləri var. Həm Heydər Əliyev Fondunun rəhbəri kimi, həm də Birinci vitse-prezident kimi ölkəmizdə və beynəlxalq aləmdə çox böyük işlər görür”.

Rahib Ələsgərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm