Nida Təhlil
Bu dəfə də başları üzərində “dəmir yumruğu” görəcəklər
Ermənistanda keçirilmiş parlament seçkiləri beynəlxalq aləmin diqqət mərkəzində idi. Ən əsası, ona görə ki, bu ölkədə baş qaldırmış revanşist meyilli qüvvələr, daha dəqiq desək, onilliklərlə insanları düşmənçilik ab- havasına kökləmiş, ölkəni talamış və əhalini dilənçi vəziyyətinə salmış sabiq prezidentlər Robert Koçaryan və Serj Sarkisyan yenidən hegemonluq iddiasına düşmüşdülər. Ancaq əvvəlki illərdən fərqli olaraq, yerli əhali xunta rejiminin cəlladlarına “yox! ” deməyi bacardı.
Bu gün Ermənistanın ciddi sosial- iqtisadi problemlərlə üzləşməsində, regionda həyata keçirilən bütün infrastruktur layihələrdən kənarda qalmasında əsas rol oynayan və işğal siyasətindən əl çəkməyərək, qonşu dövlətlərin ərazilərinə hələ də göz dikən Koçaryan və Sarkisyan rejimi tarixin arxivinə atılıb. Bu rejimin tədricən sıradan çıxarılmasında Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət xüsusi qeyd edilməlidir. Məhz müstəqil və milli maraqlara əsaslanan siyasətin nəticəsi olaraq, Azərbaycan regionda güclü dövlətə, siyasi, iqtisadi və humanitar mərkəzə çevrilib. 44 günlük müharibədə Ermənistanı diz çökdürən və kapitulyasiya aktına imza atdıran dövlətimizin və onun lideri İlham Əliyevin dünya birliyindəki reytinqi getdikcə yüksəldi. Bu gün respublikamız beynəlxalq münasibətlər sistemində öz prinsipial mövqeyi ilə seçilən və yüksək nüfuza malik ölkəyə çevrilib.
Dövlət başçımızın rəhbərliyi ilə reallaşan daxili və xarici siyasət Ermənistanı regionun siyasi və iqtisadi həyatından kənarda qoydu. İşğalçılığı dövlət siyasətinin prioritetinə çevirən Ermənistanın iqtisadiyyatı çökdü, yoxsulluq, işsizlik problemi yerli əhalinin xarici ölkələrə axınına rəvac verdi. Ermənistan xarici yardımdan asılı vəziyyətə düşdü. Artıq dünya birliyinə də keçmiş Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl günahkarının kimliyi bəlli oldu. Bu ölkə döyüş meydanında olduğu kimi, beynəlxalq informasiya məkanında və diplomatiya sahəsində də ciddi məğlubiyyətə uğradı. Bununla da Azərbaycanın rəşadətli ordusu Ermənistanın 30 illik işğal siyasətinə son qoydu. Bütün bunlar Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələrinə təsir etməyə bilməzdi.
Təbii ki, erməni xalqı bütün bu problemləri yaradan Koçaryan – Sarkisyan rejiminə yenidən etimad göstərə bilməzdi. Göründüyü kimi, erməni xalqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi mənzərəni, müharibənin nəticələrini qəbul edir, revanşistlərə yenidən meydan vermək niyyətində deyil. Bir daha aydın oldu ki, Qarabağsız “Qarabağ klanı” artıq Ermənistanda heç kəsə lazım deyil. Dövlət başçımızın dediyi kimi, “Koçaryan və Sarkisyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, biz sizi məğlub etmişik, sizin ordunuzu məhv etmişik”.
Hadisələrin gedişi də təsdiqləyir ki, revanşistlər bütün qüvvələrini səfərbər etsələr, hətta xarici himayədarlarına güvənsələr belə, onlardan ciddi dəstək alsalar da, iflasa uğradılar və Ermənistanın siyasi arenasında tam küncə sıxışdırıldılar. Artıq onların heç bir siyasi perspektivi yoxdur. Əslində, 2016-cı ilin Aprel döyüşlərində rəşadətli ordumuz Serj Sarkisyanın rəhbərlik etdiyi silahlı qüvvələri darmadağın etməklə bu ölkənin xunta rejiminə öz yerini göstərmişdi. Ötən il 44 günlük müharibədə isə qazandığımız tarixi qələbə revanşistlərin hakimiyyətə qayıdış yolunu birdəfəlik kəsdi. Əgər onlar yenidən müharibəyə cəhd etsələr, bu dəfə də başları üzərində “dəmir yumruğu” görəcəklər.
Qarşıdan gələn dövrdə Ermənistan hakimiyyəti konstruktiv mövqe nümayiş etdirməlidir. Ayrı yolları da qalmayıb. Növbədənkənar parlament seçkilərində qələbə qazanmış Nikol Paşinyan Ermənistanın bütün sahələr üzrə inkişafını istəyirsə, Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanımalı və ölkəmizlə sülh sazişi imzamalı, həm də Zəngəzur dəhlizinin açılmasına dəstək olan addımlarını əyani şəkildə sübut etməlidir. Yəqin ki, bundan sonra Ermənistan infrastruktur layihələrindən kənarda qalmaya və artıq formalaşmış yeni geosiyasi reallığın yaratdığı imkanlardan bəhrələnə və dinc həyatını qura bilər.
Çingiz Qənizadə,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır