Postkonflikt dövrünün reallığı: İlham Əliyev Bakının hədəflərinə nail olur - TƏHLİL
Bizi izləyin

Nida Təhlil

Postkonflikt dövrünün reallığı: İlham Əliyev Bakının hədəflərinə nail olur - TƏHLİL

Vətən müharibəsində hərbi cəbhədə böyük qələbə qazanan Azərbaycan postkonflikt dövründə diplomatik cəbhədə çevik addımları ilə vəziyyətə nəzarəti ələ aldı.

Müharibə və münaqişə bitib, lakin bölgədəki maraqlarını təmin etmək üçün məsələni hələ də gündəmdə saxlayan qüvvələr var. Xüsusilə ABŞ və Fransadan belə çağırışlar eşidilməkdədir.

1. ATƏT-in Minsk qrupunun dirildilməsi;
2. “Dağlıq Qarabağın statusu”;

Müharibədən dərhal sonra Minsk qruopu yenidən aktivləşdi və keçmiş gündəlik üzərindən regional məsələlərə müdaxilə cəhdləri etdi. Prezident İlham Əliyev Minsk qrupunun monopolist mövqeyini alt-üst etdi və bu institutla bağlı konkret şərtini açıqladı.

Minsk qrupu keçmişdə qalıb, həmsədrlik institutu postkonflikt dövrü üçün təkliflərini verə, Azərbaycan-Ermənistan münasibətlərinin qurulması prosesində iştirak edə bilər.

Bakıda həmsədrləri qəbul edən Azərbaycan liderinin “mən sizi dəvət etməmişəm” açıqlaması əslində çox şeydən xəbər verirdi.

Buna paralel olaraq, Prezident İlham Əliyev “statusun” tarixin zibilliyinə göndərildiyini dəfələrlə bəyan etmişdi. 7 iyul Fərmanı ilə bunu rəsmiləşdirdi: Azərbaycanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı.

Birincisi, Xankəndi və Xocalı rayonları da Qarabağ iqtisadi rayonuna daxil edildi. Bununla “status” məsələsinin üzərindən rəsmi şəkildə xətt çəkildi.

İkincisi, 100 il öncə süni şəkildə yaradılan “Dağlıq Qarabağ” ifadəsi sıradan çıxarıldı.

Üçüncüsü, Şərqi Zəngəzur rayonunun yaradılması ilə Qərbi Zəngəzurun Azərbaycanın qədim torpaqları olduğu reallığı siyasi gündəmə gətirildi və bu, o deməkdir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımasa, analoji halla özü də qarşılaşacaq.

Prezident İlham Əliyev Qarabağ məsələsini rəsmi şəkildə bitirdi və sərhədlərin müəyyənləşməsini gündəmə gətirdi. Azərbaycan sərhəd xətti boyunca tarixi ədalətin bərpa olunması, delimitasiya və demarkasiya məsələsində sovet dövründə yol verilmiş xətaların aradan qaldırılması istiqamətində addımlar atdı.

Buna paralel olaraq, regionda yeni gündəlik formalaşdırıldı.

1. Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması;
2. Regionda kommunikasiya xətlərinin bərpa edilməsi;

Müharibədən ötən 8 ay müddətində atılan addımlar təsdiqləyir ki, Prezident İlham Əliyev postkonflikt dövrünün məsələlərinə də konseptual yanaşma nümayiş etdirir və Azərbaycanın qısamüddətli, ortamüddətli, uzunmüddətli hədəfləri müəyyən edir. Məhz Prezident İlham Əliyev strateji addımları nəticəsində hazırda sülh sazişi, delimitasiya və digər məsələlərlə bağlı Azərbaycanın gündəliyi Avropa İttifaqının, Türkiyənin və Rusiyanın gündəliyi ilə vəhdət təşkil edir. Bu, Azərbaycanın hədəflərinə nail olması baxımından əhəmiyyətlidir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm