Nida Təhlil
Anım Günü: Prezidentin xalqa tarixi müraciəti və mesajları
Vətən Müharibəsindən bir il ötür. Azərbaycan müharibədə həlak olmuş şəhidlərimizin xatirəsini yad etmək üçün Anım Günün qeyd edir. Bu, təkcə Anım Günü yox, həm də milli qürur günüdür. Xalq 30 il gözlədiyini müharibənin başlanmasını torpaqların azad olunmasının başlandığı gün, milli qürurunun yenidən dirçəlməsinin təqvimi olaraq qəbul edir. Ölkədəki abu-hava da hər şeyi ifadə edir.
Anım Günündə paytaxtın ən gözək güşələrinin birində Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməli qoyuldu. Saat 12:00-da bütün ölkədə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə şəhidlərimizə ehtiram əlaməti olaraq yürüş keçirildi. Yürüşdə Prezident və xanımı ön sırada, 3 min hərbçi isə arxa sırada Vətən müharibəsində həlak olan 3 min şəhidin fotosunu daşıyırdı.
Yürüşdə diqqətçəkən məqamlardan biri də Prezident İlham Əliyevin şəhid hərbçinin fotosunu, Birinci vitse-prezident Mehriban Əliyevanın isə erməni terrorunun qurbanı olan 1 yaşlı körpənin fotolarını daşıması idi.
Bu, müharibə və erməni terrorunun nümayişi idi və özündə “biz erməni terroruna qarşı döyüşdük, şəhid verdik və qalib olduq” mesajını daşıyırdı.
Prezident İlham Əliyevin Anım Günü münasibətilə xalqa müraciəti bir il öncəki coşqu ilə qarşılandı. Bu təsadüfi deyildi, xalq ona milli qürurunu qaytarmış liderinin bu müraciətində nələr deyəcəyini səbrsizliklə gözləyirdi.
Azərbaycan lideri müraciətində çox məqamlara toxundu, konkret mesajlar verdi.
Prezident bəyan etdi ki, ikinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir: “Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”.
Azərbaycan lideri bir il öncə müharibənin başlanma səbəblərindən, işğalçı Ermənistanın mülki əhaliyə qarşı terror aktları törətməsindən, bu müqəddəs savaşda bizə dəstək verən qardaş Türkiyədən danışdı.
Bildirdi ki, “Ermənistan döyüş meydanında məğlub olarkən yenə də ən çirkin əməllərə əl atdı, mülki şəxslərə qarşı hərbi təxribat törətdi: “Yüzdən çox mülki şəxs erməni faşizminin qurbanı oldu. Bizim şəhər və kəndlərimiz müntəzəm olaraq daim atəş altında idi. Ermənistan qadağan olunmuş silahlardan istifadə edirdi, ağ fosforlu bombalardan istifadə edirdi, ballistik raketlərdən istifadə edirdi. Ancaq heç nə bizi dayandıra bilməzdi. Azərbaycan xalqı əzm, iradə, cəsarət göstərərək bütün bu təxribatlara sinə gərdi. Bizi heç kim və heç nə dayandıra bilməzdi. Müharibə dövründə dəfələrlə Azərbaycan xalqına müraciət edərək deyirdim ki, heç kim və heç nə bizi dayandırmayacaq. Biz ədalət savaşına çıxmışıq. Biz ləyaqət savaşına çıxmışıq. Biz milli qürur savaşına çıxmışıq. Biz müqəddəs savaşa çıxmışıq”.
Bu müqəddəs savaşda Azərbaycan qalib gəldi. Və Prezident İlham Əliyev xalqa müraciətində bir sıra mühüm mesajlar da verdi.
Birincisi, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini bəyan etdi.
“Biz müharibəni hərbi-siyasi yollarla həll etdik, müharibə arxada qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı. Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Biz də onu tanıyarıq, ancaq Azərbaycanda yox! Bu məsələ öz həllini tapdı. Bunu mən deyirəm - Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaqdır”, - dövlət başçısı bildirdi.
Bu, “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyənlərə xəbərdarlıq idi və Ali Baş Komandan belə cəhdlərə qarşı atılacaq addımların da anonsunu verdi.
İkincisi, erməni faşizminin baş qaldıacağı təqdirdə atılacaq addımlardan bəhs etdi.
Dövlət başçısı qeyd etdi ki, erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir: “Bu, çox təhlükəli tendensiyadır, ilk növbədə, Ermənistan dövləti üçün. Mən bunu demişəm, bu gün Anım Günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!”.
Azərbaycan lideri “Dəmir yumruğu” təkcə Ermənistana yox, erməni faşizminin çiçəklənməsinə dəstək verənlərə də göstərdi və istənilən təhdidin yerində məhv ediləcəyi ilə bağlı xəbərdarlığını etdi.
Prezident İlham Əliyev onu da qeyd etdi ki, müharibədən bir il keçməsinə baxmayaraq, artıq bütün beynəlxalq aləm bizim Qələbəmizlə razılaşıb, bunu qəbul edib: “Bu gün bölgədə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf də Azərbaycandır”.
Bu, bütün ölkələrə regionda əsas gücün Azərbaycan olduğunun mesajıdır.
Ali Baş Komandan, Prezident İlham Əliyev həm də Azərbayanın gələcəyinin necə olacağını göstərdi.
“Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik. O torpaqlara artıq həyat qayıdır, insanlar qayıdır. Bu qayıdışı ən qısa müddət ərzində təmin etmək bu gün bizim başlıca vəzifəmizdir. Öz müraciətimi Qələbəmizin ayrılmaz hissəsi olan sözlərlə tamamlamaq istəyirəm: Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”, - dövlət başçısı bəyan etdi.
Qarabağ Azərbaycandır və həmişə belə də olacaq.
Asif Nərimanlı
-
Nida Xəbər 17:02
Putin Bakıya gələcək? - Peskov açıqladı
-
Rəsmi xronika16:20
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Qarabağ 13:42
Tokayevdən Bakı və İrəvana təklif: Hazırıq
-
İdman12:57
Daha Ronaldoya ehtiyac yoxdur, Corcina brenddir: Görün nə qədər sərvəti var - FOTOLAR
-
Hadisə12:00
Generala ağır itki üz verdi - FOTO
-
Qoroskop11:12
Ən uğursuz bürclər açıqlandı: Onlar həyata geridə başlayırlar
-
Dünya10:12
İsraili şoka salan taktika: İran bacarmadı, "Hizbullah" isə görün nələr etdi
-
ABŞ09:54
Tramp ilk dəfə açıqladı: “Putin mənə bu haqda danışırdı, amma əngəllədim”