Qarabağda təxribatlar və qanunsuz səfərlər: sülhməramlılar hara baxır?
Bizi izləyin

Nida Təhlil

Qarabağda təxribatlar və qanunsuz səfərlər: sülhməramlılar hara baxır?

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri son günlər intensiv təxribatlara əl atır.

- Oktyabrın 13-də Suqovuşandan Kəlbəcər istiqamətinə gedən mülki avtomobil karvanı atəşə tutuldu: karvanı rus sülhməramlıları müşaiyət edirdi, Rusiya Müdafiə Nazirliyi bu faktı təsdiqlədi;
- Oktyabrın 14-də Füzuli istiqamətində kəşfiyyat məqsədilə uçan dronları (kvadrakopter) ordumuz tərəfindən vuruldu: kəşfiyyat uçuşunun növbəti hücuma hazırlıq məqsədi daşıdığı da istisna deyildi;
- Oktyabrın 14-ü ikinci təxribata əl atdılar: erməni terrorçuların snayper atəşi nəticəsində Ordumuzun hərbi qulluqçusu şəhid oldu;

Baş verənlər Qarabağdakı qanunsuz erməni silahlı dəstələrinin təcili şəkildə bölgədən çıxarılmasını, beləliklə, 10 noyabr razılaşmasının 4-cü bəndinin icra edilməsini aktuallaşdırır.

Bu terror hücumlarının əsas hədəflərindən biri də məhz Rusiya sülhməramlılarının bölgədəki missiyasıdır. Hadisələrin inkişafına nəzər yetirdikdə də məqsədi anlamaq olur.

Oktyabrın 12-də Moskvada Ermənistan baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında görüş keçirildi. Görüşdə əsas müzakirə mövzusu üçtərəfli bəyanatların icrası idi. Paşinyan Moskvadan qayıdan kimi Qarabağdakı erməni terrorçular aktivləşdi. Oktyabrın 13-də Azərbaycan və Ermənistan XİN rəhbərləri Rusiya xarici işlər naziri Sergey Lavrovun vasitəçiliyi ilə Minskdə MDB Xarici İşlər nazirləri Şurasının iclası çərçivəsində görüşdü: nazirlər üçtərəfli razılaşmaların tam şəkildə icra edilməsini müzakirə etdilər;

Üçtərəfli razılaşmaların tam şəkildə icrası qanunsuz erməni qoşunların Azərbaycan torpaqlarından çıxarılması da deməkdir. 10 noyabr bəyanatının 4-cü bəndində bu açıq şəkildə öz əksini tapır.

Siyasi müzakirələr fonunda erməni terrorçuların təxribat hücumları üç kontekstdə diqqət çəkir:

Birincisi, Ermənistan üçtərəfli razılaşmalara əməl etmir və belə təxribatlarla prosesi pozmağa çalışır;
İkincisi, erməni terrorçular Azərbaycan torpaqlarından çıxmaq istəmirlər və dirənirlər;
Üçüncüsü, hədəfdə Rusiya sülhməramlılarının bölgədəki missiyasıdır;

Əgər Rusiya sülhməramlılarının müşaiyət etdiyi mülki karvana atəş açırlarsa, Azərbaycan Ordusunun mövqeləri istiqamətində dronla kəşfiyyat uçuşları edirlərsə və Azərbaycan hərbçisini snayper atəşi ilə şəhid edirlərsə, burada məsuliyyət daşıyan tərəf həm də Rusiyadır.

Və erməni terrorçuların bu hücumları Rusiya sülhməramlılarının fəaliyyətini sual altına salmaq cəhdidir.

Bu baxımdan, ilk öncə Rusiya prosesə müdaxilə etməli və problemi birdəfəlik həll etməlidir. Bunun yeganə yolu 10 noyabr bəyanatının 4-cü bəndində qeyd olunduğu kimi, erməni qoşunları Azərbaycan ərazilərindən çıxarılmalıdır. Əks təqdirdə erməni terrorçular Rusiyanın sülhməramlı missiyasına qarşı da ciddi təhdidlər yaradır.

Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində Azərbaycanın Rusiya sülhməramlılarının fəaliyyətindən məmnun olduğunu vurğuladı.

“Ümumilikdə biz bundan məmnunuq. Təqribən bir ildir ki, müharibə başa çatıb və Rusiya sülhməramlıları Azərbaycanda, bizim Qarabağ bölgəsində yerləşib”, - dövlət başçısı dedi.

Lakin həlledilməli olan müəyyən məsələlərin olduğunu da qeyd etdi.

“Əlbəttə, həllini gözləyən müəyyən məsələlər qalmaqdadır. Xüsusən də, hazırda Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərimizə səfər etmək üçün Azərbaycandan icazə almalı olan əcnəbilər məsələsi var. Qarabağa səfər edən dırnaqarası turistlərin sayı kəskin şəkildə azalsa da, bəzi əcnəbilər hələ də bizim ərazimizə, Rusiya sülhməramlılarının olduğu yerlərə qanunsuz daxil olurlar. Bu məsələ Rusiyanın səlahiyyətli orqanlarının, Müdafiə Nazirliyinin diqqətinə çatdırılıb ki, buna son qoyulsun. Bu və bəzi digər məsələlər öz həllini tapmalıdır. Ancaq hazırda biz onların fəaliyyətindən ümumilikdə razıyıq”, - Prezident vurğuladı.

Son təxribatlar Rusiya sülhməramlılarının missiyası ilə bağlı məsələni bir daha aktuallaşdırır: sülhməramlılar Azərbaycan ərazisinə qanunsuz səfərlərə icazə verməməli, erməni terrorçuları razılaşmaya uyğun olaraq bölgədən çıxarmalıdır. Bunu Rusiyanın bölgədəki sülhməramlı missiyasının ədalətli olması və legitimliyi baxımından etməlidirlər.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm