Onun böyük bir gücə çevrildiyini bütün dünya görür - Badamov
Bizi izləyin

Nida Təhlil

Onun böyük bir gücə çevrildiyini bütün dünya görür - Badamov

"Türk Şurasının fəaliyyətinin 11 illik dönəminə nəzər yetirəndə görürsən ki, bu dövr ərzində qurum həqiqətən daha güclü təşkilatlanaraq beynəlxalq siyasətdə özünəməxsus yer tuta bildi. Türk Şurası fəaliyyətinin əsas prinsipləri və məqsədlərinə ölkələrimiz arasında iqtisadi, siyasi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığını inkişaf etdirmək daxildir. Türk Şurasının fəaliyyətinin ən parlaq və məhsuldar dövrü də Azərbaycanın bu təşkilata sədrilik ediyi dövür olub".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili bildirib ki, Türk Şurası bu dövrdə daha da təşkilatlanıb, sıralarını, beynəlxalq təşkilatlarla əməkdaşlığını genişləndirib və dünyada əsl türk birliyini nümayiş etdirib:

"Azərbaycanın sədrilik etdiyi dövrdı həm də dünyada pandemiya ilə bağlı yeni reallıq formalaşmışdı. Ölkələrarası əlaqələrdə canlı təmas minimuma enmiş, dövlət başçıları arasında əyani görüşlərin keçirilməsi dayandırılmışdı. Amma Prezidentin təşəbbüsü ilə dünyada ilk dəfə beynəlxalq təşkilatların görüşlərini videoformatda keçirilməsi praktikası ortaya qoyulub və bu təşkilatın da videoformatda görüşləri keçirilmişdir. Azərbaycan sədrilik etdiyi dövürdə qlobal pandemiyaya qarşı mübarizə tədbirlərinin türk dünyası dövlətlərində daha effektiv keçirilməsi üçün təkliflərlə çıxış edib, ehtiyacı olan türk dövlətlərinə vaksin yardımları edərək qardaş əlini uzadıb. Türk Şurasında Macarıstanın müşahidəçi qismində iştirakı bu təşkilatın Avropaya inteqrasiyası üçün imkanlarının genişlənməsi kimi başa düşmək olar".

Millət vəkili bildirib ki, Azərbaycan hər zaman türk dünyasının birləşməsinin əhəmiyyətli olduğunu və Zəngəzur dəhlizinin açılması ilə türk dünyasının fiziki sərhədlərlə birləşdirəcəyini qeyd edirdi:

"44 günlük Vətən müharibəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə türk dünyasının bu fiziki birliyinə bir yol açmış oldu. Yəni, bu gün gündəmdə olan Zəngəzur dəhlizinin açılması Asiya ölkələrinin Türkiyə ilə başqa dövlətlərin ərazilərinə daxil olmadan bir bağlantı yaradacaq. Azərbaycanın Türk Şurasına rəhbərlik etdiyi dövrdə bu təşkilatın fəaliyyətinin uğurla təşkilinə görə Prezidetnt İlham Əliyev Türk dünyasının Ali Ordeni ilə təltif olundu. Vətən müharibəsinin ilk günündə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın hər cür dəstəklə Azərbaycanın yanında olduğunu bəyan etməsi dünyada yeni bir türk gücünün meydana gəlməsindən xəbər verirdi. Bu gün Türk dünyasının lider ölkəsi kimi Türkiyə bu əməkdaşlığın daha da möhkəmlənməsinə və gələcəyə olan planların reallaşmasına öz töhfəsini verəcək. İstanbulda keçirilən VIII sammitdə təşkilatın adını dəyişərək Türk Dövlətləri Təşkilatı adlandırılması dünya siyasətinə yeni bir ruh və yeni baxışlar gətirəcək".

Deputun fikrincə, artıq Türk Dövlətləri Təşkilatının (TDT) böyük bir gücə çevrildiyini bütün dünya görür:

"Məhz türk dövlətləri bir nöqtəyə vurduğuna görə islam dünyasına qarşı olan bir ədalətsizliyi bərpa edə bildi. Təbii ki, bir ölkə tək olanda onun üstünə gələn basqılar da çox olur. Amma bir neçə ölkə eyni mövqedən çıxış edəndə həmin ölkələrin sözünün gücü kəsərli olur və digərləri tərəfindən də qəbul edilir. Bu gün isə beynəlxalq təşkilatları arasında yeni bir təşkilat Türk Dövlətləri Təşkilatı öz yerini təsdiqləyib. Düşünürəm ki, gələcəkdə bu təşkilata yeni üzvlər də daxil olacaq. Çünki əsasən beynəlxalq siyasətdə hansı beynəlxalq təşkilat qarşısına qoyduğu müəyyən məsələləri həll edirsə həmin təşkilatın nüfuzu artır. Məsələn, dünyanın ən böyük təşkilatı olan BMT özünün fəaliyyətini müəyyən dairələrin maraqlarına uyğun qurduğunu və qəbul etdiyi qətnamələrini ədalətli icra etdirmək iqtidarında olmadığını nümayiş etdirdi. Amma Türk Şurasındakı birlik və əsasən Türkiyə-Azərbaycan qardaşlığı BMT-nin 28 ildə icra edilməyən 4 qətnaməni icra etdirməklə Türk Dövlətləri Təşkilatının yeni bir güc olduğunu nümayiş etdirərək nüfuzunu artırmış oldu. Həm də Türk Dövlətləri Təşkilatının yaranması və möhkəmlənməsi tarixin və bu günün tələbi idi. Dünya bir qütblü olmamalıdır. Prezident Ərdoğanın qeyd etdiyi kimi dünya ancaq 5-dən ibarət deyil. Bu gün sıralarını genişləndirən və gücləndirən TDT dünyada sözünü deyən və beynəlxalq siyasətə təsir gücünə malik yeni bir təşkilatın öz yerinin möhkəmləndirilməsindən xəbər verir".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm