Onlar Bakı və Ankaraya qarşı ikili standartlar aparır - Politoloq
Bizi izləyin

Nida Təhlil

Onlar Bakı və Ankaraya qarşı ikili standartlar aparır - Politoloq

"Azərbaycanın ABŞ-ın Demokratiya Zirvəsinə dəvət almaması, ancaq Ermənistanın çağırılması məsələsini biz münaqişə kontekstində təhlil etməməliyik. Çünki Amerikadakı demokratların Azərbaycan və Türkiyə ilə bağlı insan haqları məsələsində hər zaman təzyiqlər etdiyi, öz siyasi məqsədləri ilə bağlı Bakı və Ankaraya qarşı ikili standartlar apardığı məlum məsələdir".

Bunu Publika.az-a açıqlamasımda Bakı Politoloqlar klubunun rəhbəri Zaur Məmmədov deyib.

Politoloq bildirib ki, Demokratlar Partiyasının özündə hər zaman Azərbaycan-Rusiya və Türkiyə-ABŞ münasibətləri soyuq keçir və burada günah Vaşinqtondakı demokratik dairələrdədir:

"Ermənistanın zirvəyə dəvət olunması onunla bağlıdır ki, Vaşinqton Moskva ilə geosiyasi mübarizə kontekstində Cənubi Qafqazda Ermənistan və Gürcüstan, Qara dəniz hövzəsində isə Ukrayna ilə ardıcıl olaraq bu ölkələrin Rusiyanın təsir dairəsindən çıxarılması üçün artıq illərdir işlər aparır. Gürcüstan və Ukrayna ilə bağlı məsələ həllini tapıb. İndi növbə Ermənistandadır. 44 günlük müharibə də Vladimir Putinin və Rusiyanın Ermənistandakı mövqelərini xeyli dərəcədə zəiflətdi. Düzdür, Rusiya müharibənin nəticəsi olaraq Ermənistanda güclənsə də, cəmiyyət, ayrı-ayrı sosial qruplar qarşısında Rusiya ciddi şəkildə öz imicinə zərbə alıb. Ələlxüsus, son baş verənlər də bunun göstəricisidir. İndiki halda Vaşinqton Ermənistan hakimiyyətini demokratik məclislərə dəvət etməklə şirinikləşdirir və Paşinyan romantik eyforiyalara qapılaraq düşünür ki, guya onunla və ya ümumi olaraq Ermənistanla bağlı məsələlərdə ABŞ onun nazı ilə oynayacaq. Əslində isə bu, eyforiyaya qapılmağı daha da genişləndirmək deməkdir".

Z.Məmmədov qeyd edib ki, Vaşinqton necə ki, Ukrayna və Gürcüstanı vaxtı gələndə darda qoydusa, onlara kömək əlini uzatmadısa, eyni davranışı Ermənistana qarşı da sərgiləmiş olacaq: "Ümumilikdə isə Azərbaycanın o sammitə dəvət edilməməsi o qədər də əhəmiyyətli deyil, çünki dövlətimizin özünün azad və müstəqil siyasəti var. Biz kimlərinsə rəngli inqilablar, demokratiya, azad söz şüarları və dalğaları altında öz maraqlarını Azərbaycan üzərində keçirmələrinə icazə verməmişik və bundan sonra da verməyəcəyik. Ermənistandan fərqli olaraq Azərbaycanın bu kimi tədbir və görüşlərdə özünü Vaşinqtonun qarşısında şirinikləşdirmək üçün heç bir məqsədi yoxdur. Biz əsas siyasətimizi bərabərhüquqlu tərəfdaşlıq və bərabər maraqların uzlaşması şəklində aparırıq və bundan sonra da aparacağıq".

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm