Nida Təhlil
Bəraət alan şəxsə nə qədər təzminat veriləcək? - Vəkil
Xəbər verdiyimiz kimi, Azərbaycanda ömürlük həbs cəzası almış məhkum 9 ildən sonra bəraət alıb. Ötən gün isə Bakıda narkotik alverində ittiham olunan Səadət Sadıqovanın barəsində verilən apelyasiya şikayəti təmin olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib. Bu cür hallara artıq tez-tez rast gəlinir.
Düzdür, məbləğindən asılı olmayaraq heç bir təzminat, şəxsin haqsız olaraq itirilmiş illərini geri qaytara bilməz. Amma bu cür hallarda zərərçəkmişə vurulmuş həm maddi, həm də mənəvi ziyanın hansısa formada ödənilməsi beynəlxalq qanunvericilikdə əksini tapıb. Xüsusilə də burada əsas məsələ prosedur olaraq bəraət alan şəxslərin zərəri necə əsaslandırmasıdır.
Mövzu ilə bağlı Publika.az-a danışan vəkil Babək Həmidov bildirib ki, Azərbaycanda həbs cəzası almış məhkumun sonradan bəraət alması hallarında təzminatın konkret məbləğini müəyyən etmək çox çətindir.
Onun sözlərinə görə, Ali Məhkəmə Plenumunun və Konstitusiya Məhkəməsi Plenumunun qərarına görə, mənəvi zərərlə bağlı şəxsin özü tərəfindən iddia irəli sürülə bilər. Təzminatın konkret - aşağı və yuxarı məbləği isə yoxdur:
“Bu, şəxsə, onun hansı cəzaçəkmə müəssisəsində saxlanılmasına, cəzaçəkmə müəssisəsinin rejiminin ciddiliyinə, saxlanıldığı cinayət əməli ilə bağlı məsələlərə və s. görə təyin olunur. Yəni bir neçə məsələdən asılı olaraq şəxsin özü tərəfindən iddia sürülə bilər. Misal üçün, 10 ay və ya 3 il müddətində həbsdə saxlanılması onun üçün hansı şiddətli mənəvi əzaba səbəb olub... Nəticədə, bunun da kompensasiya məbləğini şəxs özü bildirir. Elə şəxs ola bilər, hesab etsin ki, bunun qarşılığı 10 min manat, eləsi də söyləyə bilər ki, 100 min manatdır. Şəxs, sadəcə iddia irəli sürür”.
Bəraət alan şəxsə mənəvi təzminat necə təyin olunur?
Vəkil qeyd edib ki, şəxsə nə qədər mənəvi əzabın verildiyini müəyyən etmək üçün xüsusi ekspertiza yoxdur. Çünki bu, daxili sarsıntı, şərəf və ləyaqətlə bağlı məsələdir:
“Lakin sadaladığım məsələləri və ümumi məhkəmə təcrübəsini də nəzərə alaraq ağlabatan məbləğ müəyyən edilməlidir. Məsələn, cari situasiyada bu məbləğ bir ay üçün 1 000 - 3 000 AZN arasında dəyişə bilir. Amma konkret məbləğ yoxdur. Bir neçə hallar var, onların bütün məcmusunu məhkəmə araşdırır və nəticə etibarilə şəxslə bağlı ağlabatan miqdarda ümumi təcrübəyə uyğun kompensasiya müəyyən olunur. Lakin ağlabatan miqdar o demək deyil ki, şəxsin həbsdə saxlanıldığı hər ay üçün 200 manat müəyyən edilsin. Bu, məntiqli deyil. O cümlədən hər ay üçün 10 min manat da müəyyən edilə bilməz, çünki bu da real görünmür. Ağlabatanlıq məsələsi olduqca vacibdir və bu, məhkəmə təcrübəsindən, iş üçün xüsusi əhəmiyyətli hallardan, şəxsin ittiham olunduğu haldan və bu kimi bir çox şeylərdən asılıdır”.
Babək Həmidov icraatında bu kimi bir neçə işin olduğunu söyləyib. O vurğulayıb ki, ittiham olunduğu cinayət əməli öz təsdiqini tapmadıqda, şəxs haqqında bəraət hökmü çıxarıldıqda, yekunda şəxsin məhkəmədə və istintaqda olduğu müddətdə həbsdə saxlanıldığına görə iddia irəli sürülür:
“Bu müddət ərzində şəxs, məhkəmə yekunlaşana, haqqında bəraət hökmü çıxarılana qədər, daha dəqiq desək, azadlığa buraxılana və onun ittiham olunduğu əməldə hər hansı təqsirinin olmadığı sübuta yetirilənə qədər həbsdə saxlandığı müddət üçün kompensasiya tələb olunur. Cavabdeh kimi də burada Azərbaycan Respublikası adından Maliyyə Nazirliyi məhkəməyə verilir və bu qurum məhkəmədə cavabdeh qismində iştirak edir”.
Akqabay Mıradov
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..."
-
İdman14:14
Sürətli yolların ərəb gözəli: O, ABŞ-ın tarixinə necə düşüb?
-
Dünya13:30
Putindən ən yaxın dostuna sürpriz hədiyyə: Yük təyyarəsi ilə göndərdi - VİDEO
-
İqtisadi gündəm13:16
Dollarla bağlı SON MƏZƏNNƏ - İlk dəfə olaraq bu həddi ÖTDÜ