Ruben “çıxarıldı”: Laçın yolundakı aksiya başa çatacaqmı?
Bizi izləyin

Nida Təhlil

Ruben “çıxarıldı”: Laçın yolundakı aksiya başa çatacaqmı?

Ruben Vardanyanın qondarma “vəzifəsindən” uzaqlaşdırılmasından sonra bir sual xüsusilə önə çıxır: Laçın yolundakı aksiya başa çatacaqmı?

Xankəndidə separatçı rejimin daxilindəki qarşıdurma, xüsusilə Vardanyana qarşı əsas tələb bununla bağlı idi. Separatçılar hesab edirdilər ki, Bakının tələbi yerinə yetirilərsə və Ruben “postundan” uzaqlaşdırılarsa, Laçın yolunda aksiya başa çata, əvvəlki vəziyyəti bərpa edə bilərlər. Ermənistanın baş naziri Nikol Paşinyanın Vardanyanın “gedişindən” sonra Putinə, ardınca BMT baş katibi Quttereşə zəng etməsi və Laçın yolundakı aksiyanı müzakirə etməsi də bununla bağlıdır.

Ermənilən Rubeni “vəzifədən” çıxarmaqla “Bakının tələbi icra edildi, Laçın yolunda aksiya bitməlidir” rəyini yaratmağa çalışır.

Halbuki, aksiyanın əsas tələbi başqadır: Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi suveren ərazilərimizdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı dayandırılmalı və həmin ərazidə Azərbaycanın daimi monitorinq və təftiş aparmaq imkanı təmin edilməlidir.

Bu tələblə başlayan aksiyada daha sonra əlavə tələblər də gündəmə gəldi:

- Laçın yolundan qeyri-humanitar məqsədlər üçün istifadə dayandırılmalı, yolda Azərbaycanın nəzarət mexanizmlərinin yaradılması təmin edilməlidir;
- Ruben Vardanyan Azərbaycanın suveren ərazisini tərk etməlidir;


Erməni mənbələr aksiya ilə bağlı danışıqlarda Qarabağdakı qanunsuz silahlı dəstələrin çıxarılmasının da gündəmə gəldiyini yazırdı.

Məlum olan tələblərdən heç biri icra olunmayıb: mədənlərə giriş imkanı yaradılmayıb, Laçın dəhlizində nəzarət mexanizmləri qurulmayıb, Vardanyan “vəzifəsindən” çıxarılsa da, Azərbaycan ərazisində yaşamağa və fəaliyyət göstərməyə davam edir;

Laçın yolundakı aksiyanın dayanması bu tələblər icra edildikdən sonra müzakirə mövzusu ola bilər.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm