Vaşinqton danışıqları: Moskva ABŞ-ın sülh planını poza biləcək?
Bizi izləyin

Nida Təhlil

Vaşinqton danışıqları: Moskva ABŞ-ın sülh planını poza biləcək?

“Azərbaycan tərəfindən dövlət sərhədində NBM (sərhəd-keçid məntəqəsi) qurulması Ermənistanı yenidən məcbur şəkildə sülh gündəliyinə vadar etdi”.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Amid Əliyev bildirib.

Politoloq qeyd edib ki, məhz bundan sonra əsas moderatorlar olan Qərb və Rusiya Federasiyasının aktivləşməsini müşahidə etdik. Nəhayət bu gün Vaşinqtonda hər iki ölkənin XİN rəhbərlərinin görüşü nəzərdə tutulur:

“Mayın ortalarına yaxın Moskva görüşünün olması nəzərdə tutulur, eyni zamanda isə bölgəyə səfər edən Fransa XİN rəhbəri Kolonna hər iki ölkə liderinin iyunun 1-də Moldovada görüşünün baş tuta biləcəyini elan edib.

Görünən odur ki, tərəflər prosesin sonlanmasına yaxın öz dominantlıqlarını itirmək istəmirlər”.

Onun fikrincə, Vaşinqton görüşü isə birbaşa ABŞ Dövlət Departamentinin təşkilatçılığı ilə baş tutub:

“Dünən Dövlət katibi hər iki ölkənin lideri ilə telefon əlaqəsi saxlayıb. Bu görüş sülh sazişinin yekun variantının hazırlanması üçün vacib sayıla bilər. Ehtimal var ki, may ayının sonun qədər sazişin işçi versiyasi hazırlanacaq və məhz buna görə də hər iki tərəfin iştirakı ilə müvafiq bəndlər üzrə razılaşdırmalar aparılmalıdır”.

A.Əliyevin sözlərinə görə, ABŞ, eyni zamanda başa düşür ki, son hadisələrdən sonra Azərbaycanın əli daha da güclənib və bu istiqamətdə əvvəldən də irəli sürülən şərtlər indi daha da prinsipial olaraq ortaya qoyulur:

“Görüş, eyni zamanda sülh sazişinin imzalanmasına qədər tərəfələrin etməli olacaqları addımları təsbit edən strateji yol xəritəsinin hazırlanması üçün də mühüm əhəmiyyət kəsb edir. Yəni ABŞ bu məsələyə hərtərəfli yanaşaraq, bütün ehtimal olunan məqamların məhz onun iştirakı ilə razılaşdırılmasına çalışır”.

Politoloq qeyd edib ki, Ermənistan KİV-inin verdiyi məlumata əsasən, görüşə Mirzoyanla birlikdə xüsusi nümayəndə Ruben Rubinyan da gedib. Bu da o deməkdir ki, Ermənistanın Türkiyə ilə də münasibətlərdə müsbət tendensiyaları davam etdirməsinin vacibliyi görüş zamanı müzakirə olunacaq:

“Bütün qeyd olunan faktlar, demək olar ki, Rusiya tərəfindən bəyənilməyəcək. Ən azından ona görə ki, Rusiya Ermənistanın Qərbə meyillənməsini, sülhün əldə olunmasını və Ermənistanın Türkiyə ilə əlaqələrinin inkişaf etdirilməsini özünün bölgədəki gücünün itirilməsi ilə bərabərləşdirir. Bu isə Rusiya üçün heç də arzuolunan ssenari deyil”.

A.Əliyev bildirib ki, Moskva görüşü hər zaman olduğu kimi əldə olunmuş razılıqların yenidən rusiyasayağı ratifikasiya olunması rolunu oynayacaq. Həm Azərbaycan, həm də Ermənistan Qərbin sülh narrativinin Rusiya narrativindən daha uyğun variant olduğuna öz mövqelərini bildiriblər: “Bu da öz növbəsində Kremli narahat edən əsas məqamlardan biridir. NBM-in Laçın yolunda qurulması isə Moskvanın bölgədəki təzyiq rıçaqlarını da zəiflətdi. Buna görə də Azərbaycana təzyiq etmək imkanlarını tamam itirən Rusiya hələ ki, Ermənistanı əldən buraxmaq istəmir. Buna görə də yaxın zamanlarda Ermənistana qarşı müxtəlif təzyiqlərin olmasını ehtimal etmək olar”.

Aydan Beydullayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm