İran bombalanacaq, ABŞ və Rusiya... - HƏMAS-İsrail müharibəsində 6 dəhşətli SSENARİ
Bizi izləyin

Nida Təhlil

İran bombalanacaq, ABŞ və Rusiya... - HƏMAS-İsrail müharibəsində 6 dəhşətli SSENARİ

HƏMAS-İsrail müharibəsi qanlı mərhələyə keçib: tərəflər heç bir müharibə qanununa əməl etmədən qarşılıqlı şəkildə hücumlar edir. İlk hücum edən HƏMAS olsa da, hazırda üstünlük İsrail tərəfdədir. İsrail hədəfini gizlətmir: HƏMAS-ı məhv etmək və sıradan çıxarmaq;

Lakin beynəlxalq müstəvidə müzakirə edilən əsas suallar var:

- HƏMAS məhv edildikdən sonra nələr olacaq?
- İsraili Qəzzada nə gözləyir?
- Cəbhələr böyüyəcəkmi?
- Toqquşma qlobal müstəviyə keçə bilərmi?


Bu suallar ətrafında aparılan müzakirələrdə 6 mümkün ssenarinin yaşana biləcəyi gözləntisi var.

Birincis ssenari: HƏMAS-ın məhv edilməsi;

İsrail HƏMAS üzvlərini məhv etdikdən sonra qüvvələrini geri çəkə bilər. Lakin bu, o qədər də asan deyil, çünki qruplaşmanın 30-40 min üzvü var, onların hamısının sıradan çıxarılması üçün ağır raketlərdən istifadə etmək, infrastrukturu dağıtmaq lazımdır. Eyni zamanda, HƏMAS-ın elit “Nuxbo” komando birliyinin məhv edilməsi və qrupun bütün siyasi liderlərinin öldürülməsi, yaxud ələ keçirilməsini tələb edir. HƏMAS-ın siyasi liderləri əsasən Qətərdə yaşayırlar.

İsrailin fələstinlilərə Qəzzadan cənuba qaçmaq çağırışı o deməkdir ki, ilkin hədəf zolağın ikiyə bölünməsidir: şimal zonası HƏMAS-la döyüşlərin baş verəcəyi yerdir, cənub zolağı mülki fələstinlilərin qalacağı yer;

Əgər İsrailin hücumu hərbi cəhətdən uğurlu olarsa, Qəzzaya yeni rəhbərlik lazım olacaq və onlara güclü nəzarət tətbiq ediləcək. Seçimlərdən biri Fəth hərəkatının rəhbərlik etdiyi və Qərb sahilini idarə edən, nəzarət zonası Qəzza zolağına qədər uzanan Fələstin Administrasiyasıdır.

Onlar 2007-ci ildə seçkilərində HƏMAS-a məğlub olduqdan sonra Qəzzanı tərk ediblər. Fələstin lideri Mahmud Abbasın Qəzzanın yeni rəhbərliyini formalaşdıracağı bəlli deyil, lakin Fələstin Administrasiyası indiyə qədər İsraillə təhlükəsizlik sahəsində sıx əməkdaşlıq edib. Bu əməkdaşlıq hətta onların İsrailə işləmək ittihamı ilə üzləşməsinə də səbəb olub. Hərçənd, bu ssenaridə zəif məqamlardan biri Fələstin rəhbərliyinin Qəzzada nüfuzunun olmamasıdır və belə bir vəziyyətdə onların legitimliyi sual altına düşə bilər.

İkinci ssenari: Qəzzanın bölünməsi;

İsrail Qərb sahilində onilliklərdir davam edən nəzarətini Qəzzaya qədər genişləndirə bilər. Bu ssenaridə Qəzza zolağı bitişik olmayan torpaq sahələrinə parçalanacaq. Misal üçün, şimalda silahlı qruplaşmalar, cənubda mülki şəxslərin olduğu zonalar yaradıla bilər. Hazırda bunun baş verdiyi müşahidə edilir. Lakin İsrail prezidenti İsaak Hersok bu ssenarini təkzib edib. ABŞ prezidenti Co Bayden də belə bir ssenarini “böyük səhv” kimi qiymətləndirib.

Üçüncü ssenari: Tam nəzarət;

Qəzzada iki milyonluq əhalinin təxminən yarısı cənuba qaçıb və onlar Misirlə sərhəddəki Rəfah keçidinin önünə toplaşıb. Misir keçidi açarsa, bölgəni tərk edəcəklər. Və Qəzza tamamilə İsrailin nəzarətinə keçəcək. Lakin bəzi məlumatlara görə, bir çox fələstinli Qəzzadan qaçmaqdan imtina edə bilər. Onlar ikinci Nəkbədən (ərəbcə fəlakət) qorxurlar: 1948-ci ildə İsrail müstəqilliyini elan edəndə 750.000 fələstinli evlərini tərk etmişdi;

Fələstinlilər qorxurlar ki, onlar Misirin Sinay bölgəsinə keçsələr, sonradan geri qayıda bilməyəcəklər. Misir isə Rəfah keçidini açmaqdan imtina edir. Bu, həm daxili siyasi səbəblərdən, həm də maliyyə problemlərindən qaynaqlanır. Eyni zamanda, Qahirə HƏMAS qruplaşmasının üzvlərinin mülki fələstinli adı altında ölkəyə daxil ola biləcəyindən də çəkinir.

Dördüncü ssenari: uğursuz hücum;

HƏMAS-la istənilən döyüş İsrail üçün çətin və baha başa gələcək addımdır. Qruplaşmanın ən azı 30 min yaxşı silahlanmış və təlim keçmiş döyüşçüsü var, xüsusilə bu döyüşçülər çox yaxşı tanıdıqları ərazilərdə müdafiə olunurlar. Qruplaşmanın İsrailin cənubuna sıza bilmələri də kəşfiyyat və ordudakı problemləri ortaya çıxardı. Bu ssenaridə əsas problemlərdən biri kimi hücumun ləngiməsi göstərilir. Əməliyyatlarda gecikmələr olarsa, evə minlərlə israilli əsgərin cəsədi qayıtmalı olacaq, yaxud əsir düşə bilərlər. HƏMAS-ın ərazini mina tarlasına çevirməsi də ciddi təhlükə hesab olunur.

Hazırda HƏMAS-ın əlində 200 israilli əsir var, indiyə qədər onların dəyişdirilməsi ilə bağlı danışıqlar nəticə verməyib. Qruplaşma 200 əsiri İsraildə saxlanılan 5000 fələstinli ilə dəyişmək istəyir. Bu tələb 2011-ci ildə məşhur əsir mübadiləsini xatırladır: İsrail əsgəri Gilad Şalit minə yaxın fələstinli məhbusla dəyişdirilmişdi;

Beşinci ssenari: regional toqquşma;

İran və proksi qruplaşması olan Hizbullah bəyan edib ki, İsrail Qəzzaya qurudan müdaxilə edərsə, onlar müharibəyə qoşulacaq. Bunun blef olması ehtimalı da var, lakin baş vermədiyi müddətdə dəqiq nəsə demək çətindir.

Hizbullahla yanaşı, Suriyada İrana bağlı qruplar, o cümlədən, Yəməndə husilər də İsrailə hücum edə biləcəklərinin anonsunu verib. Onların əlində İsraili vura biləcək ortamənzilli raketlər var. Bu ssenari İsrail üçün “çoxcəbhəli müharibə” vəd edir, o cümlədən, İraq, Suriya, Livan və Yəmənin də daxil olacağı regional münaqişənin qapısını aralayır.

Altıncı ssenari: Qlobal müharibə;

Bu ssenarinin mümkünlüyü istisna edilmir, xüsusilə İran və Hizbullah müharibəyə müdaxilə edəcəyi təqdirdə. Ssenari baş verərsə, ABŞ İrana və Hizbullaha zərbələr endirmək məcburiyyətində qala bilər. Vaşinqton artıq İordaniyada F-15 bombardmançı təyyarələrini yerləşdirib və bölgəyə iki təyyarədaşıyan gəmi göndərib. Böyük Britaniya da bu ssenarinin iştirakçısına çevrilə bilər. Bu isə birbaşa ABŞ-İran müharibəsi deməkdir. Rusiya da İranın müdafiəsi üçün prosesə müdaxilə edə bilər. Və qlobal miqyasda müharibə başlayacaq. Bu, üfüqdə kiçik görünən çox az ehtimaldır, amma risk olaraq da qalmaqdadır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm