Qisas strategiyası: Fransız müstəmləkə sisteminin çöküşü bizə nə vəd edir?
Bizi izləyin

Nida Təhlil

Qisas strategiyası: Fransız müstəmləkə sisteminin çöküşü bizə nə vəd edir?

Xəbər verildiyi kimi, son bir neçə gündə Sakit okeanın cənubunda Fransanın xüsusi inzibati-ərazi qurumu olan Yeni Kaledoniyanı iğtişaşlar, müstəqillik tərəfdarları və əleyhdarları arasında toqquşmalar bürüyüb.

Arxipelaqın paytaxtı Numeada onlarla mağaza, aptek və yanacaqdoldurma məntəqəsi yandırılıb və talan edilib. Biri 22 yaşlı jandarm əməkdaşı daxil olmaqla 4 nəfər həlak olub, yüzlərlə insan yaralanıb. Rəsmi Paris baş verənləri 1980-ci illərdəki oxşar hadisələri xatırladan üsyanla müqayisə edib. Hakimiyyət Yeni Kaledoniyada komendant saatı tətbiq edib və Çin sosial şəbəkəsi “TikTok” qadağan olunub....

Fransa iğtişaşlara görə Azərbaycanı günahlandırır. “Bu, fantaziya deyil, reallıqdır”, - Fransanın daxili işlər naziri Jerald Darmanan “France 2” televiziyasına müsahibəsində jurnalistin Yeni Kaledoniya siyasətinə xarici təsirlər, o cümlədən Rusiya, Çin və Azərbaycanın təsirləri ilə bağlı sualına cavab olaraq deyib. Rəsmi Bakı dərhal ittihamları rədd edib.

“Reddit.com”un xəbərinə görə isə Azərbaycanla yanaşı Türkiyə də Kaledoniya separatçılarını istismar etməkdə şübhəli bilinir. “DGSİ (fransız kəşfiyyatı) üçün bu, artıq sirr deyil. Martın 1-də yerli xalqın nümayəndələri Türkiyənin paytaxtında müstəmləkəsizliyə dair beynəlxalq konfransa gediblər. Kəşfiyyatdakı mənbənin bildirdiyinə görə, kanak nümayəndə heyətinin nəqliyyat xərcləri Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən ödənilib. Bu görüşün sonunda Emmanuel Makrona “Fransanın müstəmləkəçi zülmünü” pisləyən açıq məktub ünvanlanıb. Bu yeni epizod sabitliyi pozmaq cəhdlərinin bir hissəsidir. Ötən ilin payızında Fransanın Silahlı Qüvvələr nazirinin Numeaya səfərinə qarşı Bakının rəhbərlik etdiyi əməliyyatın qarşısı alınıb. “Avropa 1”-in bu manevri üzə çıxarmasından bir neçə gün sonra Türkiyədən Fransanı hədəf alan dezinformasiya kampaniyası başladılıb”-deyə məlumatda deyilir.

Xatırladaq ki, ötən ilin oktyabrında Fransa Ermənistanla hərbi əməkdaşlığın dərinləşdirilməsi, o cümlədən İrəvanın silah və hərbi texnika ilə təchiz olunmasına dair sənədlər imzalayıb. Fransalı rəsmilər Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü təhdid etməkdə və Qarabağ ermənilərinin hüquqlarını pozmaqda, Bakı isə Fransanı Ermənistanı silahlandıraraq növbəti müharibəyə hazırlamaqda və Azərbaycanda separatçılığa dəstək verməkdə günahlandırır. Qoşulmama Hərəkatının Bakıda keçirilən konfranslarında Fransanın neokolonialist siyasəti qınanmışdı.

2023-cü ilin iyulunda Bakıda Fransanın dənizaşırı ərazilərindən, o cümlədən Yeni Kaledoniyadan olan müstəqillik tərəfdarlarını bir araya toplayan konfrans keçirilib. Konfransın yekununda “Fransa müstəmləkəçiliyinə” qarşı “Bakı Təşəbbüs Qrupu” (BİG) yaradılıb. Qrup yaydığı bəyanatda Fransa hökumətinin Yeni Kaledoniyada apardığı siyasəti pisləyib, baş verən iğtişaşlardan Fransa hökumətinin məsuliyyət daşıdığını qeyd edib və yerli kanak xalqına dəstəyini ifadə edib.

Fransız kəşfiyyatı iddia edir ki, "məxfi xidmətlər arasında şərti ittifaqlar Fransanı ümumi düşmən təyin etmək üçün qurulur" . Fransızlar hesab edirlər ki, Bakı və Ankara əslində Yeni Kaledoniya kimi periferiyalarda cəbhələr açmaqla Fransa dövlətini zəiflətmək istəyir, həm də bu fəaliyyət Moskva və Pekinin nəzarətindədir.

“Le Monde” xatırladır ki, BİG-in rəsmi məqsədi “neokolonializmlə mübarizəni dəstəkləmək”dir. Onun təsis konfransında Martinika, Fransız Qvineyası, Korsika, Yeni Kaledoniya və Fransız Polineziyasının müstəqillik hərəkatlarının nümayəndələri iştirak ediblər.

“RadioFrance” isə iddia edir ki, Rusiya, Çin, Azərbaycan, Qəmər adaları Fransanın dənizaşırı ərazilərinə müdaxilə və ya sabitliyi pozmaq üçün əməliyyatlar həyata keçirir. Ən çox əziyyət çəkən Yeni Kaledoniya və Mayotdur (fransız və ingilis yazılışı-Mayotte). “Uzaq Qafqaz respublikası faktiki olaraq 6 iyul 2023-cü ildə yaradılmış BİG vasitəsilə kanak müstəqillik hərəkatını öz üzərinə götürüb. Bu beyin mərkəzi və təzyiq qrupu əsas məqsədləri arasında “neokolonializmlə mübarizəyə dəstək” nümayiş etdirir. Lakin BİG-n sırf Fransa ilə məhdudlaşan antimüstəmləkəçilik vizyonu var. Sosial mediada BİG şərhlərinin 90%-i Fransanın xaricdəki ərazilərinə aiddir və #françaisecolonialpolitics kimi bir çox açar sözlərlə müşayiət olunur.

Beynəlxalq münasibətlər üzrə analitik, Bastien Vandendike “Le Monde” nəşrinə izah edir ki, bu, “qisas strategiyasıdır”.

Fransızlar ehtimal edirlər ki, bu hərəkətlər daha böyük kampaniyanın bir hissəsidir: Cənubi Sakit okeanda Avstraliya və ABŞ-a qarşı qlobal strategiyaya Çin rəhbərlik edir. "Məni ən çox narahat edən məsələ onun iqtisadi təsiridir", - deyə məsələlərlə bağlı geniş məlumatı olan yüksək vəzifəli fransız məmur açıqlama verib. Çin artıq Vanuatu və Solomon adaları üçün pul ödəyib və 40 il ərzində Yeni Kaledoniyanın da öz əlinə keçməsini gözləyir. Çin yeni texnologiyaların və elektrikli nəqliyyat vasitələrinin inkişafı üçün vacib olan, Yeni Kaledoniyada geniş yataqları olan nikelin hasilatında bütün rəqabəti aradan qaldırmağa çalışır.

Fransız iddialarına görə, Hind okeanında 8000 kilometr uzaqlıqda yerləşən Mayot departamenti də təsir əməliyyatlarının hədəfidir. 1974 və 1976-cı illərdə keçirilən iki referendum zamanı mayotlular Qəmər adalarından fərqli olaraq, Fransanın tərkibində qalmağı seçiblər. O vaxtdan bəri Qəmər adaları öz tarixi ərazisi olan Mayota iddia qaldırır.

Göründüyü kimi, başlamış iğtişaşlar olduqca geniş qlobal mübarizə ilə üst-üstə düşür. Azərbaycanın belə qlobal mübarizədə səf alması diplomatik şanslarımızı yetərincə genişləndirir, ölkəmiz II Qarabağ savaşından sonra qlobal antikolonial hərəkatın liderlərindən birinə çevrilməsi faktdır. Hələ II Qarabağ savaşının gedişində Fransa parlamentinin ant--Azərbaycan çağırışlarına, Dağlıq Qarabağın müstəqilliyini tanıma təşəbbüslərinə qarşı olaraq Azərbaycan və Türkiyənin Fransa müstəmləkələri ilə bağlı müəyyən addımlar ata biləcəyini də qeyd etmişdik. Lakin problem ondadır ki, Fransa baş verənləri casus oyunlarının tərkib hissəsi kimi görməyə meyillidir. Hələ Vətən müharibəmizdən dərhal sonra DGSİ-nin Cənubi Qafqazla bağlı xüsusi masa (büro) qurduğu və məqsədin Qafqaz ölkələrinin, xüsusən Azərbaycanın daxili siyasi mühitini hədəf almaq olduğu haqda məlumatlar verilirdi. Azərbaycanın müvafiq qurumlarının həyata keçirdiyi əməliyyat nəticəsində bu ilin əvvəllərində fransız kəşfiyyatının casus şəbəkəsi çökdürüldü. Bu, müşahidəçilər tərəfindən fransız kəşfiyyatı tarixində ən böyük uğursuzluqlardan biri kimi qiymətləndirilirdi. Ötən həftə isə Fransa hərbi kəşfiyyatına bağlı olan “Intelligence Online” agentliyi Ermənistan hökuməti ilə Britaniya müdafiə şirkətləri arasında əlaqələr haqda məlumat yaymışdı.

Bu, Fransa kəşfiyyatının Qafqaz uğurunda digər Qərb dövlətləri ilə də mübarizə aparmasının etirafı idi.

Fransa ona qarşı qurulan oyunda əsas pərdəarxası qüvvənin Çin və Rusiya olduğunu, Türkiyə və Azərbaycanın isə proksi qüvvə kimi çıxış etdiyini iddia edir. Hərçənd Türkiyə ilə Fransa arasında ziddiyyətlər hələ Ankaranın yenidən Afrikaya qayıdış təşəbbüsləri zamanı başlamış, Liviyadakı çevriliş ərəfəsində, daha sonra Tunisdə Türkiyədə hakimiyyətdə olan müsəlman demokratlarını (AKP-ni) nümunə alan Nəhda Partiyasının hakimiyyətə gəlişi ilə açıq xarakter almışdı. Daha sonra Aralıq dənizinin karbohidrogen ehtiyatları uğurunda mübarizədə də Fransa Ankaraya qarşı cəbhədə idi. ABŞ-ın Ankaradakı səfirinin bir müddət əvvəl dərc edilmiş məqaləsindən anlaşılır ki, ABŞ Türkiyənin Afrika və Mərkəzi Asiyada genişlənməsini dəstəkləyir. Məqalədə bu, Çinin iqtisadi ekspanisyasına qarşı addım kimi təqdir olunsa da, realda Türkiyənin Afrikada genişlənmə təşəbbüsləri əvvəldən açıq anti-Fransa xarakterlidir, demək, ABŞ da Fransanın keçmiş müstəmləkələrdən gedərkən yaranan boşluğun Türkiyə tərəfindən doldurulmasında maraqlıdır.

Ötən il bir-birinin ardınca Afrikada ənənəvi olaraq Fransanın təsir zonasında sayılan dövlətlərdən Parisin uzaqlaşdırılmasının da şahidi olduq. Beləliklə, Fransanın tədricən qlobal oyunçudan regional oyunçuya çevrilməsi prosesi gedir, bunu keçmiş müstəmləkə xalqları ilə bərabər, digər qlobal və regional oyunçular da dəstəkləyir.

Amma bu qədər mürəkkəb oyunda Azərbaycanın ön cəbhədə olması müəyyən təhdidlər də vəd edir. Görünür, fransız kəşfiyyatının Cənubi Qafqaz, xüsusən Azərbaycanla bağlı fəaliyyəti daha da artacaq. Ona görə də, siyasi mühacirət və azlıqlarla bağlı hansısa addımlar atıla biləcəyini gözləməliyik. Sirr deyil ki, siyasi mühacirlərin bir qismi Fransada yaşayır, orda mənzillənən ofislərindən Azərbaycanın daxili auditoriyasını hədəfə alan verilişlər yayımlayır. O verilişlərdə hələ ötən ildən bəri Azərbaycana Afrika işlərinə müdaxilə etməmək “tövsiyə” olunur, iqtidar isə “separatizmi dəstəkləməkdə” (müstəmləkələrdəki azadlıq hərəkatı siyasi mühacirlərin bir qisminin nəzərində separatizmdir-C.Q) suçlanırdı. Həmin yayım kanallarından bir neçəsinin rəhbərləri isə Fransa dövlətindən yardım aldıqlarını çox açıq şəkildə etiraf edirlər.

Cəmaləddin Quliyev, siyasi ekspert

Oxumağa davam et
Reklam
Reklam

Gündəm