Nida Təhlil
Keşiş üsyanı ilə islam inqilabının müqayisəsi: Baqratı kimlər dəstəkləyir?
Əvvəlki yazılarda İranın “Sharqdaily”, “Mashreq” , “Qanun”, “İran diplomacy” kimi nəşrlərinin Ermənistan müxalifətindən silsilə müsahiblər təşkil etməsi, müsahibələr boyunca erməni müxalifəti ilə İranın maraqlarının üst-üstə düşməsi haqda fikir təlqin edilməsi haqda məlumata vermişdik. Bu dəfə “Fararu” qəzeti daha irəli gedərək Ermənistanda kilsə üsyanı ilə İran islam inqilabı arasında paralellər aparır, keşiş Baqrat Qalstanyan isə İran İslam inqilabının lideri Ruhulla Xomeyni ilı müqayisə edilir.
Görünür, bu paralellər sadəcə erməni auditoriyasını təşviq etmək üçün deyil, həm də İran daxili auditoriyasına da hesablanıb; İranın mühafizəkar seqmentində erməni müxalifətinin yeni liderinə rəğbət aşılamaq məqsədi daşıyır. Maraqlıdır ki, bu müzakirələr Ermənistandakı Amerika Universitetinin professorları ilə aparılır. Erməni kilsəsinin radikallaşması üçün bu qəribə İran-ABŞ ittifaqı haqda da əvvəlki yazılarda məlumat verdiyimizdən, konkret sonuncu hal üzərində dayanacağıq.
Qeyd edək ki, “Fararu”nun rəhbəri Məhəmməd-Hüseyn Xoşvaxt prezident Məhəmməd Xatəminin dövründə İranın Mədəniyyət və İslami İrşad Nazirliyinin mətbuat və xarici jurnalistlər şöbəsinin müdiri olub. Ali Rəhbər Ayətullah Əli Xamenei ilə nikah vasitəsilə qohum olan Xoşvaxt , “Comhure eslam” Xəbər Agentliyinin Roma bürosunun keçmiş rəhbəridir, italyan və ingilis dillərini bilir. Yəni bu təbliğatın İranın ali rəhbərliyi ilə ən azı razılaşdırıldığını da demək olar.
İrəvandakı Qafqaz İnstitutunun elmi işçisi Hrant Mikaelyan “Fararu”ya açıqlamaısnda deyir ki, B.Qalstanyanın bir din xadimi kimi erməni etiraz hərəkatına rəhbərliyi ələ keçirməsinə səbəb 2020-ci ilin noyabrından bəri müxalifət nümayəndələrinin bir çox hallarda uğursuzluğa düçar olmasıdır. Hazırda Qalstanyan Tavuş və Sünik kimi sərhəd bölgələrində, eləcə də Qarabağ qaçqınları və xüsusilə İrəvanın orta təbəqəsi arasında böyük dəstək alıb. Amma Ermənistanda orta təbəqənin az olduğunu nəzərə alsaq, bu, Yerevanda etirazı məhdudlaşdırır, çünki aşağı təbəqə hələ də Paşinyanı dəstəkləyir.

Onun fikrincə, son etiraz hərəkatının kilsə institutunun nəzarətində olduğunu demək düzgün deyil. Kilsə qalstanyançılara mötədil dəstək verib, lakin bu məsələdə heç vaxt birbaşa iştirak etməyib: “Hökumətin kilsə əleyhinə media kampaniyasını davam etdirməsinə baxmayaraq, kilsə erməni ictimai rəyində digər qurumlarla müqayisədə ən yüksək reytinqə malikdir. Ermənilərin təxminən 65%-i kilsəyə etimad bəsləyir. Ancaq Ermənistan əhalisinin yalnız 8-15 faizi xristian teokratiyasını dəstəkləyə biləcəyini bildirib. Odur ki, Qalstanyan da dini deyil, daha çox siyasi proqramlara uyğun hərəkət etməyə çalışır. Lakin 2000-ci illərin ortalarına qədər Ermənistanda dini kimlik milli kimliyə üstün gəlirdi, ona görə də ən azı yaşlı nəsil arasında Qalstanyanın rəhbərliyi etiraz hərəkatının əlavə aktivinə çevrilə bilər. Sorğulara görə, Qalstanyanın rəhbərlik etdiyi hərəkata təxminən 53%, Paşinyan hökumətinə isə təxminən 25-30% ictimai dəstək var. Ermənilərin 88 faizi sərhədin dəyişdirilməsinin əleyhinədir, qalanları isə ya qərarsızdır, ya da sərhədin dəyişdirilməsinin tərəfdarıdır”.
Qalstanyanla İran İslam Respublikasının qurucusu Ayətullah Xomeyni arasında paralellərə gəlincə, Mikaelyan deyir ki, oxşarlıqlar ola bilər. Lakin onların arasında fərqlər də var. Ayətullah Xomeyni teokratiya ideologiyasını nəzəriyyəyə çevirən və Pəhləvi rejiminə qarşı uzunmüddətli mübarizə aparan dini lider idi. Lakin Ermənistanda belə bir gündəlik yoxdur, hərçənd geniş ictimaiyyət arasında kilsənin siyasi həyatda fəal iştirakına çağırışlar var: “Bəzi oxşarlıqlar da var. Pəhləvi dövrünə bənzər sürətli qərbləşmə indi Ermənistanda müşahidə olunur ki, bu da cəmiyyətin daha ənənəvi təbəqələrini qəzəbləndirib. Bundan başqa, Ermənistanın torpaqlarını itirməsi və Bakıya verməsi Ermənistanda böyük hiddət doğurdu.
İki fiqur arasında tərəfdarlarının sayı baxımından da ciddi fərqlər var. Ayətullah Xomeyni əhalinin təxminən 50%-ni təşkil edən kənd camaatının, eləcə də şəhərə yeni gələnlərin dəstəyini qazana bilmişdi. Üstəlik, 1979-cu il inqilabı zamanı İran əhalisi çox gənc idi. Halbuki Ermənistanda 1959-cu ildən bəri şəhər əhalisi çoxluq təşkil edir. Ona görə də, ən azı əhali baxımından bu gün İrəvandakı etiraz enerjisi 45 il əvvəl Tehrandakı etiraz enerjisindən bir neçə dəfə azdır”.
Xarici ölkələrin Ermənistanda baş verən hadisələrə təsirinə gəlincə, o hesab edir ki, Rusiya son etiraz hərəkatında iştirakdan yayınmaq istəyir, çünki etiraz hərəkatı uğurlu olarsa, Rusiya hərbi addımlar atmaq istəyən Bakını fikrindən daşındırmalıdır. Bəzi Rusiya KİV-ləri, o cümlədən dövlət mediası etiraz hərəkatını dəstəkləyir. Lakin ciddi şəkildə Qalstanyanı İrandan başqa heç bir xarici ölkə dəstəkləməyib.

Ekspertin təsbitinə görə, Ermənistan silahlı qüvvələrinə gəlincə, ordu Paşinyanı yox, Qalstanyanı dəstəkləyəcək, lakin ordunun birbaşa hərəkətə keçməsi ehtimalı azdır. Yalnız siyasi mübarizədə qalib gəlsə, hərbçilər Qalstanyanı dəstəkləyəcəklər. Güman ki, Paşinyan bu qurumdan Ermənistanda gələcək mümkün etirazları yatırtmağı xahiş etsə, hərbçilər neytral qalacaqlar.
Türkiyə və Cənubi Qafqaz ölkələrinin xarici və təhlükəsizlik siyasəti üzrə ekspert, Ermənistan Amerika Universitetinin professoru Vahram Termatovsyan isə qeyd edir ki, din xadiminin kampaniyası Ermənistanın siyasi üfüqü haqqında çox şey deyir. “Həyati qabiliyyətli siyasi partiyalar və institusionallaşmış siyasi müxalifət olmadığı halda, kilsə və ya onun rəhbərliyinin bir hissəsi təşəbbüsü öz üzərinə götürüb. Son etiraz hərəkatı aydın siyasi proqram olmadan başlayıb və yalnız İrəvana gəldikdən sonra siyasi məqsədlərin vurğulanması müşahidə olunmağa başlayıb. Arxiyepiskopun İrəvanın küçələrində, meydanlarında və Ermənistanın digər yerlərində hökuməti istefaya çağırması, nəticəsindən asılı olmayaraq Ermənistan hökuməti, vətəndaş cəmiyyəti və digər institutları üçün həyəcan zəngi olmalıdır”.
O xatırladır ki, Ermənistan Konstitusiyasının 18-ci maddəsi “erməni xalqının mənəvi həyatında, milli mədəniyyətinin inkişafında və milli özünəməxsusluğunun qorunub saxlanmasında kilsənin müstəsna missiyasını tanıyır. Tavuş yeparxiyasının arxiyepiskopu olan B.Qalstanyan Tavuş sakinləri tərəfindən sevilir, Erməni Apostol Kilsəsinin nüfuzlu simalarından biridir. Lakin siyasətə rəsmən daxil olması üçün iki texniki mərhələdən keçməlidir: birincisi, dünya ermənilərinin dini lideri II Qaregin onu dini vəzifəsindən uzaqlaşdırmalıdır. İkincisi, Kanadada erməni yepiskopu kimi xidmət edərkən aldığı Kanada vətəndaşlığından imtina etməlidir.
Keşişin baş nazirin istefası ilə bağlı ilkin tələbi bəziləri tərəfindən vaxtından əvvəl atılmış addım, bəziləri tərəfindən isə onun qətiyyətli olmasının dəlili kimi qiymətləndirilib. Ekspert qeyd edir ki, keşiş açıq şəkildə Paşinyan hökumətinin istefasını tələb etdikdən sonra siyasətdən kənarda qala bilməyib. Erməni kilsəsi hesab edir ki, Paşinyanın rəhbərlik etdiyi hakim partiyanın ultra-liberal siyasəti erməni milli kimliyinin və ənənəvi dəyərlərinin əsaslarını sarsıdıb. “Əslində kilsə ilə dövlət arasında parçalanma 2018-ci ildə, yeni hökumətin bir çox üzvlərinin “Yeni Ermənistana kilsənin yeni başçısı” adlı hərəkatı dəstəkləməsi ilə başlayıb. Bu tələb hökumətin kilsənin keçmiş hökumət üzvləri ilə əməkdaşlıq etməsi ilə bağlı iddiasından irəli gəlirdi. Paşinyan hökuməti dini mövzuları məktəb proqramından çıxardıqdan sonra növbəti 6 il ərzində bu ixtilaflar daha da güclənib.

Xalqın dəstəyi ilə sağda güclü milli mühafizəkar siyasi partiyanın olmadığı bir şəraitdə kilsə tədricən millətçi bəyanatlar verməyə başladı. Qalstanyan, şübhəsiz ki, mühafizəkar və millətçi qüvvələr arasında ittifaq yarada bilər. Ancaq indi bu qüvvələr nisbətən zəifdirlər və onların xalq arasında mövqeləri sabit deyil. Ən çox ehtimal olunan ssenari millətçi-mühafizəkar gündəliyi təşviq edəcək sağçı qüvvələrin sərbəst koalisiyasının yaradılmasıdır. Bu, istər-istəməz Ermənistan siyasətini liberallara və mühafizəkarlara bölür və tendensiya uzun müddətdir davam edir”.
Lakin ekspert hesab edir ki, Ermənistanda teokratiyanın yaranması ehtimalı azdır. Bununla belə, 2023-cü ilin qlobal qiymətləndirməsi göstərir ki, ermənilərin 73%-i dini həyatlarının mühüm hissəsi hesab edir və respondentlərin eyni faizi kilsəyə güvəndiyini bildirib ki, bu da insanların Ermənistandakı digər qurumlara inamı ilə müqayisədə ən yüksək etimad səviyyəsidir. “Kilsədən açıq gözləntilər var. Mövcud hökumət hakimiyyətdən uzaqlaşdırılarsa, növbəti hökumət çox güman ki, güclü millətçi gündəmi olan mühafizəkar demokratik hökumət olacaq, burada kilsə və diaspor əvvəlki ilə müqayisədə daha böyük rol və təsir iddiasında olacaq”.
V. Termatovsyan da Qalstanyanla Ayətullah Xomeyni arasında bəzi təsadüfi oxşarlıqlar olduğunu qəbul edir. Bununla belə xatırladır ki, Xomeyni şah tərəfindən zorla Türkiyəyə, İraqa, sonra isə Fransaya sürgün edilməzdən əvvəl on ildən çox Pəhləvi rejiminin qatı əleyhdarı idi. O, müxtəlif kommunikasiya və siyasi texnologiyalardan istifadə edərək, inqilaba uzaqdan rəhbərlik edib. Halbuki Qalstanyan Ermənistanda yaşayır. O, 2020-ci ilə qədər hökumətlə fəal əməkdaşlıq edib. Hələ 2018-ci ildə ona hakim partiyanın dəstəyi ilə parlamentə daxil olmaq təklif edilib. Xomeyninin Pəhləvi rejimi ilə münasibətlərində belə bir tarix olmadığı halda, onunla Paşinyan arasında əməkdaşlıq tarixi var”. Erməni professor kilsə üsyanının Paşinyana faydalı ola biləcəyinə də diqqət çəkir:
“Paşinyan daha müdrik olsa, Azərbaycan və Türkiyə, Avropa İttifaqı və Rusiya ilə danışıqlarda son etiraz hərəkatından istifadə edə biləcək. Vaxt qazanmaq üçün çalışmalıdır”.
Cəmaləddin Quliyev, siyasi ekspert
-
Magazin120:36"Yaxşı ki, övladım 2-ci evliliyimdən oldu"
-
İKT19:12İTV-yə yeni baş direktor axtarılır
-
Hadisə18:24Yol polisi xəsarət alan piyadanı xilas etdi
-
Nəqliyyat18:12Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu marşrut nağdsız ödəniş sisteminə keçir
-
Rəsmi xronika17:07İlham Əliyev sərəncam imzaladı
-
Sosial16:50İran səfiri İlham Əliyevə təşəkkür etdi
-
Sosial15:54Bakı vaxtı ilə saat 13:59-da "Qiyamət"dən mesaj gəldi: Çeçen qızı, aliment...
-
Sosial15:25Bu rayon hərbi komissarlığında əməliyyat keçirildi - İki vəzifəli şəxs saxlanıldı
























.jpg)













