Türk general: “Səfirin ölümü Türkiyə-Rusiya münasibətlərinə xələl gətirməyəcək”
Bizi izləyin

Nida Xəbər

Türk general: “Səfirin ölümü Türkiyə-Rusiya münasibətlərinə xələl gətirməyəcək”

"Hadisənin Türkiyə-Rusiya münasibətlərinə xələl gətirməməsi üçün hər iki dövlət rəhbərlərinin soyuqqanlı çıxışları sevindiricidir".

“Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi Türkiyə-Rusiya münasibətlərini pozmağa hesablanıb”.

Bu fikirləri Publika.az-a açıqlamasında Türkiyə Hava Təşkilatı Universitetinin rektoru, Türkiyə Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-mayoru, sabiq millət vəkili Kürşat Atılgan bildirib.

Son vaxtlar Türkiyə-Rusiya münasibətlərinin ciddi şəkildə inkişaf etdiyini vurğulayan K.Atılgan hətta Suriyadakı hərbi əməliyyatlarda da iki ölkə arasında əməkdaşlıq yarandığını söyləyib:

“Bilirsiz ki, İran Suriyada özbaşına hərbi əməliyyatlar keçirirdi, sünniləri öldürürdü. Bu əməliyyatlar Türkiyəni qane etmədiyi üçün türk ordusu da Rusiya ilə birgə, Suriyada bir sıra hərbi əməliyyatlar həyata keçirməyə başladı. Bütün bunlar isə bir sıra dairələri ciddi narahat edir. Rusiya səfirinin qətlə yetirilməsi də bununla bağlı ola bilər”.

Türkiyəli general qeyd edib ki, hələlik səfiri qətlə yetirənin arxasında kimlərin dayandığı dəqiq məlum deyil:

“Hələ biz dəqiq bilmirik ki, qatil FETÖ və ya digər hansı təşkilata bağlı olub. Qatilin polis olması da Türkiyəni çətin vəziyyətə salıb. Çünki bəzi dairələr bununla Türkiyəyə “sizin bizi qoruyan adamlarınız səfiri öldürür” kimi mesajlar verə bilər. Bu baxımdan da hadisə çox məyusedicidir. Ancaq bu hadisənin Türkiyə-Rusiya münasibətlərinə xələl gətirməməsi üçün hər iki dövlət rəhbərlərinin soyuqqanlı çıxışları sevindiricidir. Əslində isə bu qətli törədənlər düşünürdü ki, səfirin ölümü ilə Türkiyə-Rusiya münasibətləri pozulacaq. Ancaq çox şükürlər olsun ki, bu baş vermədi”.

K.Atılgan əminliklə deyib ki, səfirin qətlə yetirilməsinin arxasında dayanan şəxslərin kimliyi ən yaxın zamanda bəlli olacaq:

“Bu istiqamətdə yeni yaradılan Türkiyə-Rusiya Birgə İstintaq Komissiyası iş aparır. Əminəm ki, bu komissiya da qətlin arxasında dayanan qüvvələrin və ya şəxslərin kimliyini öyrənəcək. İstənilən halda həmin dairələr bilsin ki, səfirin ölümü Türkiyə-Rusiya münasibətlərinə xələl gətirməyəcək. Əksinə, bu qətlin arxasında dayanan təxribatçı qüvvələr və şəxslər məhz Türkiyə-Rusiya əməkdaşlığının nəticəsində ifşa olunacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm