Deputat: “Sarkisyan, Koçaryan və Saakyan da Azərbaycan məhkəməsi önündə cavab verəcək”
Bizi izləyin

Nida Xəbər

Deputat: “Sarkisyan, Koçaryan və Saakyan da Azərbaycan məhkəməsi önündə cavab verəcək”

"Bu birmənalı olaraq belə olacaq”.

“Vaxt gələcək Serj Sarkisyan, Robert Koçaryan, Bako Saakyan və digər erməni caniləri də Aleksandr Lapşin kimi Azərbaycan məhkəməsi önündə cavab verəcəklər. Bu birmənalı olaraq belə olacaq”.

Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev bildirib.

Deputat deyib ki, Serj Sarkisyan, Robert Koçaryan, Bako Saakyan və digər erməni separatçıları Xocalı soyqırımının əsas təşkilatçıları və iştirakçılarıdır:

“Bu şəxslər gec-tez ədalətli məhkəmə qarşısında cavab verəcəklər. Buna heç kəsin şübhəsi olmasın. Ermənilər də yaxşı bilir ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək və oradakı cinayətkar rejimin rəhbərləri də layiqli cəzalarını alacaqlar. Çünki Azərbaycanda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət nəticəsində artıq Azərbaycan dövləti işğalçıya böyük zərbələr vurur”.

R.Rzayev qeyd edib ki, Aleksandr Lapşin Azərbaycan qanunlarını kobud şəkildə pozub:

“Onun Azərbaycana ekstradisiyasına da beynəlxalq hüququn müstəvisində baxmaq doğru olardı. Aleksandr Lapşin Azərbaycan sərhədlərini qanunsuz olaraq pozub və Qarabağa səfər edib. Ona görə də Azərbaycanın hüququ-mühafizə orqanları Aleksandr Lapşin barəsində müvafiq addımlar atacaqlar və onun əməllərinə hüquqi qiymət veriləcək. Bundan sonra da Azərbaycan qanunlarını pozanlara qarşı bu cür ədalətli məhkəmələrin qurulmasının şahidi olacağıq”.

Deputat bildirib ki, Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası Belarusun beynəlxalq hüququn tələblərinə hörmətindən irəli gəlir:

“Bununla Belarus dövləti ədalətli və müstəqil siyasət yürüdən ölkə olduğunu dünyaya nümayiş etdirib. Təbii ki, Belarusun uğurlu və etibarlı əməkdaşlıq münasibətləri qurması və dost dövlətlərə sadiqliyi prezident Aleksandr Lukaşenkonun sayəsində mümkün olub. Onun bu addımı dünya ölkələri üçün də nümunəvi hərəkətdir. Aleksandr Lukaşenko ölkəsinin beynəlxalq hüququn tələblərinə əməl etdiyini bir daha ortaya qoyub. Belarus hakimiyyətinin qanunlara hörmətlə yanaşması ikili standartlara yol verən bəzi ölkələr üçün də nümunə olmalıdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm