Sona Vəliyeva: “Son şahidlər qalana qədər biz bu işin təbliğatını aparmalıyıq”
Bizi izləyin

Nida Xəbər

Sona Vəliyeva: “Son şahidlər qalana qədər biz bu işin təbliğatını aparmalıyıq”

“Dəhliz” adlı filmin təqdimat mərasimi keçirilib.

Bu gün Xocalı Soyqırımının 25-ci il dönümünə həsr olunmuş “Dəhliz” adlı filmin təqdimat mərasimi keçirilib.

Publika.az xəbər verir ki, filmdə Xocalı sakinləri, hərbçilər faciənin necə törədilməsi, baş verən işgəncələr, əsirlik həyatı ilə bağlı danışıblar. Filmdə hadisələr Əkbər Məmmədov, Tacirə Xəlilova, Şahbaz İbrahimov, Əkbər Rüstəmov, Dürdanə Ağayeva, Qaryağdı Quliyev, Eldəniz Ağayev, Valeh Hüseynov, Elşad Ağayev kimi şahidlərin dilindən təqdim edilib.

Millət vəkili Əflatun Amaşov bildirib ki, Xocalı soyqırımını törədən şəxslər vaxt gələcək beynəlxalq aləm qarşısında cəzalandırılacaqlar: “Bu filmdə əsas diqqət çəkən məqam hadisəni görən şahidlərin danışmasıdır. Bir gün bu ifadələr soyqırımı törədənlərin cəzalandırılması üçün sübut olacaq. Yəhudilərin soyqırımını törədənlər şahidlərin ifadələri əsasında cəzalandırıldılar. Hesab edirəm ki, bu gün nümayiş etidiriləcək filmdə çıxış edənlərin fikirləri də gələcəkdə bu hadisə ilə bağlı qurulacaq məhkəmədə sübut kimi təqdim ediləcək. Belə filmlərin çəkilməsi son dərəcə vacibdir”.

“Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva bildirib ki, dünyanın bir sıra ölkələrində ermənilər Xocalıda törətdikləri soyqırımı ilə bağlı şəkilləri özlərinin başına gətirilmiş faciə kimi yayırlar: “Onlar bunu edirsə, deməli biz dünya ictimaiyyətinə haqq səsimizi çatdırmaq üçün daha çox çalışmalıyıq. Bu gün dünya yalana çox yaxşı inanır, inanmasaydı, bu qədər haqsızlıq yaşanmazdı. Hesab edirəm ki, son şahidlər qalana qədər biz bu işin təbliğatını aparmalıyıq. Uşaqlarımıza düşmənlərimizi, dostlarımızı doğru göstərməliyik. Bu gün Avropa insan haqları və s. sözlərlə başımızı qatmağa, bununla isə ən böyük faciəmizi unutdurmağa çalışır. Ötən əsrdə baş vermiş faciələrimizi unutdurmaq istəyirdilər. Lakin millətimizin milli yaddaşı var, bunu Lələ təpə azad olunanda xalqın davranışı bir daha sübut etdi. Bundan sonra unutmamaq üçün çalışmalıyıq. Bu haqq səsi dünyaya çatdırmaq üçün filmi xarici dillərə tərcümə etməliyik”.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu Xocalı şahidlərinin hər birinin bir tarix, bir film olduğunu deyib: “Mətbuat Şurası olaraq artıq biz böyük qayıdışdan sonra nələr edəcəyimizi müzakirəyə çıxarmalıyıq. Hesab edirəm ki, hər bir kənd, hər bir abidə ilə bağlı yazılar, filmlər çəkilməlidir. Bu filmlər və onlara dəstək göstərənlər digərlərini bu işə həvəsləndirəcək”.

Millət vəkili Hikmət Babaoğlu bu filmin Azərbaycan cəmiyyəti üçün çox yararlı olduğunu deyib: “Bu kadrlara baxmaq çox ağır olsa da, milli yaddaş üçün baxılası kadrlardır. Milli yaddaşı qırılmış xalq özünü tanımamağa, düşmənlərini unutmağa məhkumdur. Bu yaddaşı itirməmək üçün bu filmlər lazımdır. Təxminən 200 ildir torpaqlarımız parçalanır, lakin bunları unuduruq. Görünür, müdrik tarix unutduğumuza görə bizi cəzalandırır. Cənab prezidentin məhz bu məqsədlə Xocalı faciəsinin 25 illiyi ilə bağlı sərəncam imzalayıb”.

“Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bu filmə emosiyasız baxmağın mümkün olmadığını qeyd edib: “İllər sonra da bu kadrlara baxsaq, yenə də eyni hissləri yaşayacağıq. Bu filmdə canlı şahidlərin danışığından Xocalıda vətəndaşlarımızın başına hansı müsibətlərin gətirildiyini təsəvvür etmək mümkündür. Filmdə həm də dünyanın, həmin dövrkü hakimiyyətin faciəyə etinasız münasibətinin şahidi olduq”.

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Xocalı faciəsini şahidlərinin dilindən eşitməyin daha da sarsıdıcı olduğunu diqqətə çatdırıb: “Çox zaman belə faciələrlə bağlı məlumatlar verilərkən daha çox statistik rəqəmlər önə çıxır, insan amili unudulur. Lakin faciəni göstərmək üçün şahidlərin ifadələri vacib və çox təsirli metoddur. Ona görə də hər bir Xocalı şahidinə bir film həsr etmək olar. Gələcəkdə çəkiləcək filmlərdə, yazılarda məhz insan amili ön plana çəkilməlidir”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı istər filmdə şahidlərin çıxışı, istərsə də ad seçiminin çox uğurlu olduğunu vurğulayıb: “Qısa zamanda, az maliyyə vəsaiti ilə belə təsirli filmin ortaya qoyulmasına görə əziyyət çəkən hər kəsə təşəkkür edirəm. Faciəni yaşayanların dilindən təqdim etmək çox təsirlidir. Bu film həm də Azərbaycan jurnalistlərinin Xocalıya münasibətini göstərdi. Çünki hər zaman yaşanan faciələrdə jurnalistlərimiz xalqın yanında olub və haqq səsimizin dünyaya çatdırılmasında əvəzsiz xidmət göstəriblər”.

Qeyd edək ki, filmin rejissoru Elmar Məlikovdur. Onun ərsəyə gəlməsində Ceyhun Əsgərov, Vüsalə Məmmədova kimi Azərbaycanın tanınmış jurnalistləri çalışıblar.

Gülxar,

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm