Ramin Hacılı Milli Şuranın mühacir biznesini ifşa etdi - ŞOK AÇIQLAMA
Bizi izləyin

Nida Xəbər

Ramin Hacılı Milli Şuranın mühacir biznesini ifşa etdi - ŞOK AÇIQLAMA

“Birdən-birə mitinq etdilər. Siyasi mühacirətə getmək istəyənlərə çəkiliş üçün şərait yarandı".

AXCP sədrinin müavini Gözəl Bayramlı Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılının saxta partiya sənədi düzəldərək azərbaycanlıların Avropaya mühacirət etməsinə şərait yaratdığına dair iddia irəli sürüb. Gözəl Bayramlı sosial şəbəkələrdə Türkel adlı cəbhəçiyə istinad edərək Almaniyaya mühacirət etmiş azərbaycanlının bu faktın üstünü açdığını qeyd edib. İddiaya görə, Ramin Hacılı həmin şəxsə 3 min manata AXCP-yə məxsus partiya bileti və naməlum şəxslər tərəfindən döyülməyi ilə bağlı sənəd verib. Türkel Azərtürk adlı feysbuk istifadəçisi Almaniyaya mühacirət etmiş azərbaycanlıya məxsus saxta sənədin də fotosunu paylaşıb.

R.Hacılı G.Bayramlının ittihamlarına cavab verib.

O, Publika.az-a açıqlamasında zaman-zaman AXCP üzvlərinin hücumlarına məruz qaldığını bildirib:

“Mən 2012-ci ildə Beynəlxalq Avropa Hərəkatının Azərbaycan nümayəndəliyinin rəhbəri kimi Brüssel tərəfindən tanındım. Bir neçə namizəd var idi. O cümlədən cəbhəçi Qənimət Zahid də namizədlərdən biri idi. Amma mərkəz mənim göstəricilərimi məqbul saydı və adımı təsdiqlədi. O zaman AXCP-çilər üstümə hücuma keçdi. Dedilər ki, guya avropalılara kürü vermişəm. “Azadlıq” qəzetinin qoşa səhifəsində yazı yayımlandı. 2013-cü ildə Demokratik İslahatlar Partiyasından ayrıldım. Cəbhəçilər onlara qoşulmağı təklif etdilər, amma razılaşmadım. Daha sonra Ümid Partiyasına getdim. Yenə hücum başladı. Hətta utanmadan 2015-ci ildə “Azadlıq” qəzeti Milli Məclisə seçkilərdə saxtakarlıq etdiyimi yazdı. Axı bunu necə edə bilərdim?!

Neçə vaxtdır ki, xaricdə yüzlərlə turizm şirkətləri kimi, mən də təhsil və səyahət, qısaca, turizm sahəsində çalışıram. Avropaya gedənlər arasında sənəd alıb sığınacağa üz tutanlar olur. Danışanda sənədi kimlərdən və hansı qiymətə aldıqları bilinir. Bu pullar hesabına hansı partiya və təşkilatlar yaşayır, bu ölkədə çox adama bəllidir”.

R.Hacılı deyib ki, hər kəs bir cür ömür sürdürür:

“Bir neçə ay əvvəl şəkil paylaşıb yazmışdılar ki, bu vəsiqəni Razi Nurullayev verib, saxtadır və sairə. İndi də eyni sənədi paylaşıb yazıblar ki, Ramin Hacılı edib. Bir az əvvəl də deyirdilər Müsavat Partiyasının işidir və sairə. Adlarını çəkmək istəmədiyim daha kimləri ittiham ediblər”.

Milli Şuranın 8 aprel mitinqinə də toxunan R.Hacılı qeyd edib ki, müxalifətin qəfil mitinq təşkil etməsi birmənalı qarşılanmır:

“Birdən-birə mitinq etdilər. Siyasi mühacirətə getmək istəyənlərə çəkiliş üçün şərait yarandı. Onlara elə gəlir ki, özlərindən başqa heç kim onların nə işlə məşğul olduqlarını bilmir. Amma ətrafda hər kəs bilir. Ən çox da hakimiyyət bilir. Dövlət mitinqə xərclənən pulların haradan gəldiyini ifşa etməyə çalışır. Cəbhəçilərin də əlində bir saxta dedikləri sənəd var. Ardıcıl dövriyyəyə buraxıb adsız şahidlərin dilindən “filankəs dedi ki, bu saxta sənədi mənə .... (vurmaq istədikləri adam) verib” yazırlar. Bu nə xislətdi belə? Axı o filankəs kimdi?! Hansı əsasla belə alçaqlığa əl atırsız? Niyə elədiklərinizin arxasında durmursuz? Açıq şəkildə, kişi kimi deyin ki, bəli, sənəd veririk, insanlar mühacirətə gedir. Siz ki, guya “hamıdan yaxşı” müxalifətçisiz. Hanı sizin ədalət hissiniz? Ədaləti elə yalnız hakimiyyətdən tələb etməklə iş bitmir. Məhkəməyə müraciət etsəm, deyəcəksiz ki, “hakimiyyətin adamıdı”, “bizi tutdurur” və sairə. Sizcə, necə davranmalıyam ki, siyasi mozaxist ritorikanız olmasın? Sizin bazarınıza girməmişəm, qorxmayın, cənablar. İnsanlara viza almağa kömək etmişəm. Mən özümü tanıyandan adamlara kömək edirəm. Kimsə sizə deyib viza almağıma Ramin Hacılı kömək edib və qərara gəlmisiz ki, yəqin sənədləri də düzəldib. Ağlınıza gələn bu fikirlə yanaşı – "niyə Ramin vətənində xoşbəxtdir, tutulmur, döyülmür?" fikri də əlavə olunub və böhtanı var gücünüzlə atmısınız. Yenə eyni tendensiya ayaq açdı. Başqasının imicinin korlanmasından həzz alanlar da bu naməlum xəbəri tirajlamağa başladılar. İnsanlar, adamın başqa məxluqlardan fərqi ondadır ki, onun şüuru, düşünmək qabiliyyəti var. Təhlil etmədən, "kor-kor gör-gör" gözə girən iftiranı süzgəcdən keçirmədən paylaşmağınız pis görünür. Ortada fakt yox, söz-böhtan var. Cəmi bir neçə gün gözləmək lazımdır. İfşa necə olur, hamımız görəcəyik!”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm