Oqtay Əsədov: “Rusiyanın tərəfsizliyini görmürük”
Bizi izləyin

Nida Xəbər

Oqtay Əsədov: “Rusiyanın tərəfsizliyini görmürük”

Bu gün Milli Məclisin növbəti plenar iclası işə başlayıb.

Bu gün Milli Məclisin növbəti plenar iclası işə başlayıb.

Publika.az xəbər verir ki, iclasda ilk olaraq Rusiya Federasiyası Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi məsələsi müzakirə olunub.

İlk çıxış edən millət vəkili Siyavuş Novruzov Rusiyada Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsi məsələsinə münasibət bildirib.

Sözügedən məsələnin Azərbaycan ictimaiyyətini narahat etdiyini deyən S.Novruzov bildirib ki, ÜAK-ın Rusiyanin Ədliyyə Nazirliyinin müraciəti əsasında ləğv edilməsi Azərbaycan-Rusiya arasındakı münaisbətlərə xələl gətirmək məqsədi daşıyır:

“Rusiyada bəzi qüvvələr öz dövlət maraqlarını üstün tutaraq Azərbaycan-Rusiya arasında münasibətlərə xələl gətirməyə çalışır. Bu məsələlərin qarşısı alınmalıdır. Azərbaycanda Rusiya ilə bağlı məktəb, bağçalar var. Bu münasibətlərin pisləşməsinə xidmət edən addımdır”.

S.Novruzov qeyd edib ki Azərbaycan hər zaman Rusiya ilə bağlı hər hansı bir məsələ olduqda öz neytrallığını qoruyub saxlayır, tərəfsiz siyasət həyata keçirir:

“Lakin Rusiyadan bunun qarşılığını görmürük. Hesab edirəm ki. Azərbaycan Parlamenti, eləcə də dostluq qrupu Rusiyaya ciddi müraciət etməlidir”.

Çıxışı zamanı aidiyyatı strukturlara müraciət edən S.Novruzov vurğulayıb ki, Azərbaycanda fəaliyyət göstərərən Rusiya QHT-ləri qanunvericilik və fəaliyyət baxımından Azəraycan qanunlarına uyğun şəkildə hesabat təqdim etməlidir:

“Çünki bu ciddi və ictimaiyyəti narahat edən məsələdir. Partiyalararası və dövlətlərarası əlaqələr ölkələr arasında münasibətlərin korlanmasına xidmət edən addıma yol verməməlidir. Rusiya parlamentindəki dostluq qrupunun üzvləri münasibət bildirməlidir ki, iki ölkə arasında münasibətlər korlanmasın”.

Milli Məclisin deputatı Arif Rəhimzadə isə qeyd edib ki, həqiqətən də Rusiyanın bu addımı cəmiyyətdə çox xoşagəlməz reaksiya yaradıb:

“Ümumrusiya Azərbaycan Konqresi ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə yaradılıb. Azərbaycan ilə Rusiya arasında çox yaxşı münasibətlər var. Biz bunu hər yerdə danışırıq. Ancaq bunun qarşılığını biz görmürük. Nə üçün Rusiya Xocalı soyqırımı ilə bağlı heç bir tədbir görmək istəmir? Nəyə görə Azərbaycan qanunlarını pozan Lapşin haqqında danışır, ancaq öz dədə-baba yurdlarını ziyarət edən Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistanda girovluqda saxlanılamsına səsini çıxartmır? Qarşılıqlı hörmət münasibətləri ikitərəfli olmalıdır. Hesab edirəm ki, Azərbaycan tərəfi Rusiya prezidenti Vladimir Putinə müraciət etməlidir ki, bu cür hallara son qoyulsun. Bu cür addımlar Azərbaycanla Rusiya arasında olan münasibətlər xələl gətirir”.

Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biridir:

“Rusiya tərəfsiz olmalıdır. Ancaq biz Rusiyanın tərəfsizliyini görmürük. Rusiya zaman-zaman işğalçı Ermənistanı müdafiə edən addımlar atıb”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə qeyd edib ki, Rusiyanın bu qərarı anlaşılan deyil:

“Son illər Azərbaycanla Rusiya arasında strateji əməkdaşlıq yüksək səviyyədə olub. Rusiya tərəfi bilməlidir ki, Ali Məhkəmənin qəbul etdiyi bu qərar münasibətlərə ciddi ziyan vurur. Ümid edirik ki, növbəti mərhələdə bu qərara düzəliş olacaq”.

Deputat Zahid Oruc deyib ki, biz günahkar axtarışına çıxmamalıyıq:

“Soydaşlarımızı bir-birinə qarşı qoymamalıyıq. Əksinə, səfərbər olunmalıyıq”.

Deputat Əflatun Amaşov bildirib ki, Azərbaycanı strateji tərəfdaş hesab edən bir dövlətin bu addımı gözlənilməzdir:

“Bu qərar məndə təəccüb və heyrət yaradır. ÜAK-ın dövlət qeydiyyatı ləğv edilirsə, təbii ki, bu, ikitərəfli münasibətlərə mənfi təsir edir. Bu təşkilatın fəaliyyətinin dayandırılması Azərbaycan əleyhinə olan qüvvələrin fəaliyyətinin nəticəsidir. Konqres heç də Rusiya qanunlarına zidd fəaliyyət göstrəməyib və göstərə də bilməzdi. Ona görə də rusiyalı deputatlara müraciət etməliyik”.

Ə.Amaşov Mətbuat Şurasının və Azərbaycan jurnalistləri adından Rusiyaya etiraz edildiyini diqqətə çatdırıb.

Deputat Aydın Mirzəzadə da qərara etirazını bildirib:

“Təkcə Moskva şəhərində azərbaycanlılar say etibarilə üçüncü etnik qüvvə sayılır və onlar hər zaman Rusiya qanunlarına hörmətlə yanaşıblar. Belə olan təqdirdə verilən qərar heç cür başadüşülən deyil. Məgər Rusiya Ermənilər İttifaqının fəaliyyətində qanunsuzluqlar yoxdurmu? Amma həmin təşkilat barədə hər hansı fikir bildirilmir. Mən Rusiya Ali Məhkəməsinin qərarını pisləyirəm. Amma yenə də Rusiya ilə istənilən məsələnin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıyam. Ümid edirəm ki, Rusiya prezidenti bu məsələyə biganə qalmayacaq”.

Deputat Elman Nəsirov ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri olan Rusiyanın tərəfsiz mövqedə dayanmadığını təəssüflə qeyd edib:

“Rusiyada da bir fakt məlumdur ki, bu günə qədər Qərbin Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalara Azərbaycan qoşulmayıb. Bu, çox çətin məsələdir. Elə isə nə baş verir? Niyə məhz indi ÜAK-la bağlı qərar qəbul edilir? Məncə, bu, siyasi təzyiq üsuludur. 2012-ci ildə də prezident seçkiləri ərəfəsində təzyiqlər işə salınmışdı. 2018-ci il prezident seçkiləri ərəfəsində də növbəti təzyiqlər işə salınıb”.

Deputat Fazil Mustafa deyib ki, Kremldə ya Azərbaycandan idarə olunan, ya da müstəqil fəaliyyət göstərən diaspora təşkilatını arzulamırlar:

“Artıq Rusiya hakimiyyətinin yanında olan diaspor təşkilatını da arzulamırlar. Biz bu addımın qarşılığında hansısa addımlar atmalıyıq. Baxın, Xocalı abidəsinin yaxınlığında Rusiya Mədəniyyət və İnformasiya Mərkəzinin binası var. Biz münasibətləri qoruyub-saxlamağa çalışırıq. Amma bütün sahələrdə çalışan şəxslər müraciətlər etməliyik. Əgər hüquqi qərar verildisə, daha böyük təşkilatın yaradılması ilə bağlı hərəkətə keçməliyik”.

Deputat Elmira Axundova sözügedən qərardan çox məyus olduğunu bildirib:

“Biz həmişə öyünürdük ki, Azərbaycanda 400-dən artıq rus məktəbi var. Görünür, bu, onlara lazım deyilmiş. Bizi Rusiyada istəmirlər, güclənməyimizi arzulamırlar. Bu, siyasi qərardır. Amma əks-addım atmağa tələsməyək, təxribatlara uymayaq. Bəzi qüvvələr bəlkə elə bunu istəyirlər ki, biz addımlar ataq. Rus icması bizim vətəndaşlarımızdır və onları qorumalıyıq”.

Müzakirələrdən sonra qərara gəlinib ki, Milli Məclis adından Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupuna məktubla müraciət olsunsun.

Milli Məclisinin sədri Oqtay Əsədov bildirib ki, artıq müvafiq məktublar hazırlanıb:

“Bizim Rusiya ilə İşçi qrupunun adından bu ölkənin müvafiq orqanlarına, o cümlədən Dumaya məktub ünvanlayırıq. Cavablarından asılı olaraq növbəti addımları atacağıq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm